Azərbaycançılıq ideyası
beynəlxalq müstəvidə
Müstəqil Azərbaycan dövlətinin yaranması xalqımızın min illərlə ölçülən tarixində ən əlamətdar hadisədir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 22 il ərzində Azərbaycan Respublikası şərəfli, eyni zamanda, kifayət qədər çətin yol keçmişdir. Bu gün müstəqil respublikamız demokratiya, dünyəvilik və bazar iqtisadiyyatı yolu ilə inamla addımlayır, inkişafın yeni-yeni zirvələrini fəth edərək, son məqsədi xalqın azad və sosial rifah cəmiyyətində, dünyanın bütün xalqları ilə qarşılıqlı anlaşma və sülh şəraitində yaşamasını təmin etmək olan və əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla həyata keçirir.
Sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycan Respublikası beynəlxalq aləmə inteqrasiya etməyi, xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirməyi, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı inkişaf etdirməyi özünün xarici siyasətinin strateji istiqaməti kimi müəyyənləşdirmişdir və bu gün bəşəri dəyərlərə sayğı göstərərək, Azərbaycan xalqının milli dəyərlərinin dünyada təbliğ edilməsinə, azərbaycançılıq ideyasının beynəlxalq səviyyədə təsdiq olunmasına xüsusi fikir verir.
Tarixiliyi və müasirliyi, dünyəviliyi və tolerantlığı, sülhsevərliyi və ədalətliliyi özündə ehtiva edən, ksenofobiya, rasizm, dini fanatizm, ifrat millətçilik kimi mənfi hallardan uzaq olan azərbaycançılıq ideologiyasının formalaşmasında ulu öndər Heydər Əliyevin sistemli, elmi təfəkkürə əsaslanan, gələcəyə istiqamətlənmiş əvəzolunmaz fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 2001-ci il noyabrın 10-da, Dünya azərbaycanlılarının I qurultayında söylədiyi nitqində Heydər Əliyev özünün azərbaycançılıq ideologiyası ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir".
Azərbaycan dünyanın əksər ölkələri
ilə ikitərəfli diplomatik əlaqələr qurmağa
nail olmuşdur, ölkə rəhbərliyi
respublikamızın milli maraqlarını əsas tutaraq siyasi,
iqtisadi, mədəni və s. sahələrdə xarici dövlətlərlə
münasibətləri inkişaf etdirir və eyni zamanda,
çoxtərəfli əməkdaşlığın əhəmiyyətini
nəzərə alaraq, bu istiqamətdə, xüsusilə də,
beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyət həyata
keçirmiş və bu işi
bu gün də müvəffəqiyyətlə davam etdirir.
Heydər Əliyevin uzaqgörən siyasətinin məhsulu
olan yeni neft strategiyası çoxtərəfli əməkdaşlığın
təşəkkülü və inkişafı
üçün əlverişli şərait
yaratmışdır. 1994-cü
il sentyabrın 20-də Bakıda imzalanmış "Əsrin
müqaviləsi" bir tərəfdən
respublikamızın neft-qaz ehtiyatlarından ölkənin
iqtisadi tərəqqisinə nail olmaq, onun müstəqilliyini və
təhlükəsizliyini möhkəmləndirmək məqsədilə
çoxtərəfli əməkdaşlıq sahəsində
atılmış ilk addım idisə, digər tərəfdən
bu, azərbaycançılığın təntənəsi
idi, çünki Heydər Əliyev dühası, dünyanın, müqaviləni
imzalamış iri neft şirkətlərinin
təmsil etdikləri ən nüfuzlu dövlətlərini,
dünənə qədər geridə qalmış Şərq
ölkəsi kimi tanıdıqları Azərbaycanı özləri ilə
bərabər səviyyədə qəbul etməyə məcbur
etmişdi. Dövlət müstəqilliyinin
hələ kövrək olduğu bir vaxtda ulu öndərin Azərbaycan
üçün xüsusi əhəmiyyət daşıyan,
onu dünya iqtisadi sisteminin mühüm tərkib hissəsinə
çevirən bu müqavilənin hazırlanmasına necə
həssas yanaşdığını Azərbaycan
Respublikasının Prezidenti, o zaman ARDNŞ-nin birinci
vitse-prezidenti olmuş İlham Əliyevin sözlərindən
aydın görmək olur:
"Biz xarici şirkətlərə deyirdik: siz
ayrı-ayrı şirkətlərin maraqlarını
müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan
xalqının maraqlarını müdafiə edirik. Əgər
siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız
bir layihəsində öz əksini tapacaq, əgər biz səhv
etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə
xələl gətirəcəkdir. Başqa sözlə, biz
heç cür heç bir səhvə yol verə bilmərik"
Bəli, Azərbaycan hökuməti "Əsrin müqaviləsi"ni
imzalamaqla səhvə yol vermədi, əksinə, xarici ölkələrlə
çoxtərəfli formatda əməkdaşlığı
genişləndirmək üçün möhkəm baza
yaratmış oldu.
Bu
gün Azərbaycan nefti Avropanın enerji təhlükəsizliyinin
əsas təminatçılarından birinə
çevrilmişdir, hətta uzun müddət
qarşılıqlı münasibətləri gərgin
olmuş Türkiyə ilə Yunanıstanın son dövrlərdəki
yaxınlaşmasında Azərbaycan neftinin müəyyən
rol oynadığını inkar etmək
qeyri-mümkündür.
Xarici
siyasətdə çoxtərəfli
əməkdaşlığın müxtəlif mexanizm və
üsullarından istifadə edən Azərbaycan
Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. 1992-ci il
martın 2-də BMT-yə üzv qəbul olunmaqla dünya ölkələri ailəsinə
qoşulan Azərbaycan Respublikası qlobal məramı
dünyada sülhü və təhlükəsizliyi qorumaq,
xalqlar arasında dialoq yaratmaq olan bu nüfuzlu və universal təşkilatın
imkanlarından istifadə etmək şansı əldə etsə
də, bundan yalnız ulu öndər Heydər Əliyevin
1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə
gəlişindən sonra
yararlanmaq mümkün
olmuşdur. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisində
Azərbaycan adından ilk dəfə çıxış edən
Heydər Əliyev respublikamızın sosial-iqtisadi və
siyasi vəziyyəti, xarici siyasətinin əsas istiqamət və
prinsipləri, Ermənistanın Azərbaycana təcavüzü
və onun ağır nəticələri barədə həqiqətləri
dünya birliyinə çatdırmışdı. Ulu öndər
BMT tribunasından bəyan etmişdi ki, "İlk dəfədir
ki, müstəqil Azərbaycanın Prezidenti dünya birliyi tərəfindən
tanınmış və bərqərar hüquqlarla onun tərkibinə
daxil olmuş öz ölkəsini dünya birliyinə təqdim
edir".
Ümummilli
lider Heydər Əliyev BMT-nin qəbul
etdiyi qərarlara böyük əhəmiyyət verdiyini
bildirməklə yanaşı, bu qətnamələrin
sonrakı taleyinə biganə qalmamağı da BMT rəsmilərindən
inadla tələb edirdi. O,
2000-ci il iyulun 7-də Vyanada BMT
baş katibinin müavini Pino Arlakki ilə
görüşü zamanı Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 854, 874
və 884 salyı qətnamələrin kağız üzərində
qalmasına etiraz edərək demişdi: "Mən həm
keçmiş baş katib Butros Qaliyə, həm də indiki
baş katib Kofi Annana bu sualı bir neçə dəfə
vermişəm. Ancaq hər dəfə belə cavab
almışam ki, Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının qətnamə və
qərarlarının həyata keçirilməsi mexanizmi
yoxdur. Əgər belə bir mexanizm yoxdursa, onu yaratmaq
lazımdır. Əgər o, yaradılmırsa, demək, Birləşmiş
Millətlər Təşkilatı özü qəbul etdiyi qətnamələrin
həyata keçirilməsinə biganə qalır".
2008-ci
il martın 14-də Azərbaycan
diplomatiyası növbəti uğura imza atdı. BMT Baş Məclisi qəbul etdiyi "Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət"
adlı qətnamə ilə respublikamızın ərazi
bütövlüyünü bir daha təsdiq etmiş, onun təcavüzə
məruz qaldığını göstərmişdir.
2012-ci
ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
xarici siyasət kursunun təntənəsidir,
respublikamızın BMT strukturlarında apardığı məqsədyönlü
işin konkret nəticəsidir.
Azərbaycan
Respublikası BMT-nin əsas orqanları ilə yanaşı,
onun ixtisaslaşmış
qurumları (Dünya Bankı,
Beynəlxalq Valyuta Fondu, Qaçqınların İşi
üzrə Ali Komissarlıq, UNESCO, UNİCEF, MAQATE,
Ümumdünya Səhiyyə Təşkilatı, Sənaye
İnkişafı Təşkilatı və s.) ilə də
geniş əməkdaşlıq əlaqələrinə
malikdir.
Respublikamızın
UNESCO ilə əməkdaşlığı azərbaycançılıq
ideologiyasının təbligi baxımından uğurlu nəticələrə
gətirib çıxarmışdır. Bu işdə Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzolunmaz
xidmətləri var. Heydər Əliyev ideyalarını həyata
keçirmək istiqamətində Mehriban Əliyevanın
göstərdiyi fəaliyyətin nəticəsi olaraq
"Kitabi Dədə Qorqud" dastanının 1300 illik
yubileyi, N.Tusinin anadan olmasının 800 illik yubileyi, Məhəmməd
Füzulinin anadan olmasının 500 illik yubileyi, Mirzə
Kazımbəyin anadan olmasının 200 illik yubileyi, Yusif Məmmədəliyevin
anadan olmasının 100 illik yubileyi, Lətif Kərimovun anadan
olmasının 100 illik yubileyi, Mir Cəlal Paşayevin anadan
olmasının 100 illik yubileyi, Səttar Bəhlulzadənin
anadan olmasının 100 illik yubileyi, "Leyli və Məcnun"
operasının ilk tamaşasının 100 illik yubileyi və
s. UNESCO tərəfindən geniş qeyd olunmuşdur. Bundan
başqa, Qobustan Dövlət Tarixi Bədii Qoruğu
Ümumdünya İrs Siyahısına, Azərbaycan
muğamı, aşıq sənəti, Novruz bayramı bəşəriyyətin
Qeyri Maddi İrs siyahısına daxil edilmişdir.
Bütün bunlar əldə olunan uğurların az bir hissəsini
təşkil edir.
UNICEF-in Azərbaycan ilə əməkdaşlığı sayəsində böyük nailiyyətlər əldə edilmişdir. Məsələn, səhiyyə sisteminin təkmilləşdirilməsinə dair proqramlar reallaşdırılmış, uşaqların 95%-nin bütün peyvəndlər üzrə immunizasiyası həyata keçirilmiş və 2002-ci ilin iyun ayında Azərbaycan rəsmi olaraq poliomielitdən azad ölkə kimi qeydiyyata alınmışdır.
Avropada təhlükəsizlik və əməkdaşlıq mexanizminin yaradılmasında və inkişaf etdirilməsində əsas rol oynayan ATƏT ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində mühüm yerlərdən birini tutur. Respublikamız bu təşkilata üzvlüyə 1992-ci il yanvarın 30-da qəbul olunsa da, onunla əməkdaşlıqda konkret nəticələr müstəqillik tariximizin Heydə Əliyev və onun davamçısı İlham Əliyev dövründə əldə olunmuşdur. Azərbaycan - ATƏT əməkdaşlığında Ermənistan-Azərbaycan münaqişəsi həmişə ön planda olmuşdur. 1992-ci il martın 24-də bu təşkilatın Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasında ATƏT-in prinsipləri əsasında sülh danışıqlarını təşkil etmək məqsədilə, bu günə qədər fəaliyyətini davam etdirən Minsk qrupu yaradılmışdır. Azərbaycan Respublikası 1992-ci ildən başlayaraq ATƏT sammitlərində fəal iştirak edir, rəsmi Bakı ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi, Mətbuat Azadlığı üzrə Nümayəndəsi və Parlament Assambleyası arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.
Azərbaycan ATƏT-də söz sahibi olan ölkələr sırasındadır. Məsələn, 1996-cı il dekabrın 2-3-də keçirilmiş Lissabon sammitində Ermənistan sammitin bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən 20-ci maddəsinə konsensus verməmiş və nəticədə bu maddə sənəddən çıxarılmışdı. Bu ədalətsizliyə etiraz edən ümummilli lider çox cəsarətli bir addım atmış və bütövlükdə bəyannamənin mətninə konsensus verməkdən imtina etmişdi. Vəziyyətin dalana dirəndiyinin fərqində olan sammit iştirakçıları sonda Azərbaycan tərəfi ilə razılaşdırılmış və ATƏT sədri F. Kottinin adından səsləndirilmiş bəyanatı qəbul etmək məcburiyyətində qalmışdılar.
1996-cı ilin sonlarında Rusiya Minsk qrupunda daimi həmsədr ölkə statusu əldə etdi və bunun ardınca, 1997-ci il yanvarın 1-də Fransaya da bu status verildi. Şübhəsiz ki, Ermənistan ilə xüsusi münasibətləri olan bu iki ölkənin həmsədr seçilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ədalətlə həll etmək istəyindən deyil, Azərbaycana təzyiq etmək yolu ilə öz qərarlarını ona qəbul etdirmək planlarından irəli gəlirdi. Mahir siyasətçi Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu təhlükəli plana qarşı çıxmaqdan çəkinməmiş, öz maraqlarını əsas tutaraq, ABŞ-a da həmsədr ölkə statusu verməyi tələb etmiş və bu tələbin yerinə yetirilməsinə nail olmuşdu. Bununla da, Minsk qrupunun həmsədrləri arasında balans yarada bilmişdi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında demokratik təsisatların inkişaf etdirilməsi vacib məsələ kimi gündəmdə durur və demokratikləşmə prosesini irəli aparmaq üçün Avropa Şurası ilə əməkdaşlıq ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa Şurasının Demokratiya uğrunda Venetsiya Komissiyasının 1996-cı il martın 17-18-də keçirilmiş iclasında bu quruma üzv seçilmiş, iyunun 28-də isə Avropa Şurası Parlament Assambleyası respublikamıza Avropa Şurasında xüsusi dəvət olunmuş qonaq statusunun verilməsi haqqında qərar qəbul etmişdi. Uzaqgörən siyasətçi Heydər Əliyev bu mötəbər təşkilatla əməkdaşlığın respublikamıza verə biləcəyi töhfələri zərgər dəqiqliyi ilə hesablayaraq 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" və 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənefələrinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında", oktyabrın 21-də "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında", 2000-ci il martın 18-də "Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə" sərəncamlar imzalamış və bu sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə uğurla rəhbərlik edərək Azərbaycanın gündən-günə Avropa Şurasına yaxınlaşmasını təmin etmişdi. Bütün bunların nəticəsi olaraq, 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası tamhüquqlu üzv kimi Avropa Şurasına qəbul edildi. Bu, təkcə Azərbaycan üçün deyil, Avropa üçün də böyük əhəmiyyətə malik hadisə idi və bu əlamətdar hadisə ilə əlaqədar yanvarın 25-də Strasburqda keçirilmiş rəsmi mərasimdə Heydər Əliyev buna belə qiymət vermişdi: "Bu gün Avropa parlamentarizminin mərkəzində - Strasburqda, Avropa Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da, Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi başa çatır" .
Hazırda respublikamızın Avropa Şurası ilə əlaqələri müvəffəqiyyətlə inkişaf edir, Azərbaycan parlament nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında uğurla fəaliyyət göstərir.
2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 saylı qətnamə qəbul etdi. Respublikamızın Avropa Şurasında ilk böyük uğuru olan bu qətnamədə Azərbaycan torpaqlarının işğal altında olması faktı öz təsdiqini tapmış, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetrilməsinin, işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasının vacibliyi göstərilmişdir. Sənəddə deyilir ki, "Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir".
Azərbaycanın Avropa Şurasındakı mövqeləri gündən-günə möhkəmlənir. Bunu bu il yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat K. Ştrasserin Azərbaycana qərəzli mövqedən yanaşaraq siyasi məhbuslara dair hazırladığı qətnamə layihəsinin müzakirə olunması, bu hesabatın əsasən Qərbi Avropa ölkələrindən olan deputatların bir qismi tərəfindən müdafiə olunması, səsverməyə çıxarılması və sonda 125 əleyhinə, 79 lehinə verilmiş səslərlə rədd edilməsi bir daha təsdiq edir. Parlament Assambleyasında qazandığı bu uğurla Azərbaycan həm də Şərqi Avropa ilə Qərbi Avropa arasındakı siyasi səddi aradan qaldırmış oldu. Başqa sözlə, Şərqi Avropa ölkələri onlara "ikinci dərəcəli ölkələr" kimi yanaşan Qərbi Avropa ölkələrinə öz güclərini göstərib, onları özləri ilə hesablaşmağa məcbur edə bildilər.
2012-ci il aprelin 2-4-də Avronest Parlament Assambleyasının plenar sessiyasının Bakıda keçirilməsi Azərbaycanın Avropa İttifaqı ilə fəal əməkdaşlıq etdiyini göstərir. 2014-cü ildə Azərbaycan Respublikası Avropa Şurasına sədrlik edəcək. Bütün bunlar Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uzaqgörən siyasətin uğurla həyata keçirildiyini, strateji hədəflərə doğru inamlı addımların atıldığını göstərir.
Azərbaycanda demokratik islahatlar həyata keçirmək, iqtisadiyyatı bazar münasibətləri əsasında inkişaf etdirmək və bunun üçün zəruri infrastrukturu yaratmaq, ticarət və gömrük siyasətini dövrün tələblərinə uyğunlaşdırmaq Azərbaycan - Avropa İttifaqı əlaqələrinin əsas məzmununu təşkil edir. Ulu öndər Heydər Əliyevin Avropa İttifaqı ilə diplomatik əlaqələrin genişlənməsinə və bu təşkilatla əməkdaşlığımızın inkişaf etdirilməsinə töhfələri əvəzolunmazdır. 1996-cı il aprelin 22-də Lüksemburqda imzalanmış, 1999-cu il iyunun 22-də qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi bir tərəfdən Azərbaycan - Avropa İttifaqı əlaqələrinin normativ-hüquqi əsaslarını yaradırdısa, digər tərəfdən bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərirdi. Bundan başqa, Avropa İttifaqı dövlət və hökumət başçılarının 2004-cü il iyunun 17-18-də Brüsseldə keçirilmiş görüşündə Cənubi Qafqaz respublikalarının, Avropa Komissiyası tərəfindən 2003-cü ildə irəli sürülmüş Avropa Qonşuluq Siyasətinə daxil edilməsi Azərbaycan üçün geniş imkanlar yaradırdı. Respublikamızın bu təşkilatla əməkdaşlığının konkret nümunəsi kimi, TACİS proqramı, TRACECA və İNOGATE layihələri çərçivəsində görülən işləri göstərmək olar.
2006-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", 2011-ci il yanvarın 13-də Avropa Komissiyasının Prezidenti Jose Manuel Barrozonun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə imzaladığı "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsindəki əməkdaşlığın strateji xarakter daşıdığını göstərir.
Müsəlman ölkəsi olaraq Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu təşkilatla əməkdaşlığımızın təşəkkülündə və genişlənməsində milli-mənəvi dəyərlərimizə sıx bağlı olan Heydər Əliyevin xidmətləri əvəzolunmazdır. Məhz bu əməkdaşlığın nəticəsində Azərbaycanın islam dünyası ilə əlaqələri miqyasca genişlənmiş, məzmunca isə dərinləşmişdir. Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində respublikamızın haqq işinin müdafiə olunması İslam Əməkdaşlıq Təşkilatının gündəliyindən düşməyən məsələlərdəndir. İslam İnkişaf Bankının xətti ilə respublikanın sosial-iqtisadi həyatında, İSESCO-nun xətti ilə isə təhsil və mədəniyyət sahəsində ciddi layihələr həyata keçirilir.
İslam Konfransı Təşkilatının 2003-cü ilin oktyabrında Malayziyanın Putracaya şəhərində keçirilmiş X Zirvə Konfransında "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında", "Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında" qətnamələrin qəbul edilməsi, 2010-cu ildə Xocalı faciəsinin İslam Konfransı Təşkilatı Parlament Birliyi tərəfindən insanlığa qarşı cinayət kimi tanınması və s. respublikamızın beynəlxalq arenada atdığı düşünülmüş addımların məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi təşkilatlar sırasında NATO özünəməxsus yer tutur. Avratlantik məkanın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan bu təşkilatın Azərbaycanla əlaqələri onun qlobal siyasətinə uyğun olaraq həyata keçirilir. NATO - Azərbaycan əlaqələri müdafiə, təhlükəsizlik və hərbi quruculuq sahəsində əməkdaşlığı, qarşılıqlı məsləhətləşmələrin aparılmasını, birgə təlimlərin keçirilməsini nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" proqramı və "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" çərçivəsində həyata keçirilir.
NATO-nun 2010-cu il Lissabon və 2012-ci il Çikaqo sammitlərində qəbul edilmiş sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması respublikamızın uğurlu xarici siyasətinin daha bir nümunəsidir.
Türk dünyasının, türk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan TÜRKSOY təşkilatının həm yaradıcılarından, həm də fəal üzvlərindəndir. Məqsədi türkdilli xalqlar arasındakı tarixi, mədəni və elmi əlaqələri genişləndirmək olan bu təşkilat çərçivəsində fəaliyyət Azərbaycan respublikasının digər türk dövlətləri ilə münasibətlərini yeni mərhələyə qaldırmışdır. Türk aləminin parlaq simalarından olan Heydər Əliyevin sözləri ilə desək, "Bizim dilimiz, mədəniyyətimiz eynidir, bir-birimizlə də qonşuyuq. Ancaq bir-birimizdən nə qədər uzaqda olmuşuq, nə qədər aralı düşmüşük, bir-birimizin həsrətini çəkmişik. Bu gün artıq bir yerdəyik. Bu gün artıq hamımıza aydın olan, hamımızın anladığı dildə danışırıq və öz ürək sözlərimizi bir-birimizə çatdırırıq".
Türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və s. məsələləri həll etmək məqsədilə 2008-ci ildə təsis olunmuş Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətində Azərbaycan həlledici rollardan birinə malikdir.
Azərbaycan keçmiş SSRİ respublikaları ilə tarixən təşəkkül tapmış əlaqələrin qorunub saxlanmasında maraqlıdır. Respublikamızın MDB-yə daxil olması və bu təşkilat çərçivəsində davamlı fəaliyyət göstərməsi məhz bu maraqlardan irəli gələn bir haldır.
Bundan başqa, Azərbaycan keçmiş SSRİ məkanında 1997-ci ildə meydana gəlmiş GUAM, əsası 1992-ci il iyunun 25-də qəbul edilmiş İstanbul Bəyyannaməsi ilə qoyulmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi subregional təşkilatların həm təsisçiləri sırasındadır, həm də bu təşkilatlar daxilində Xəzər - Qara dəniz regionunun bir çox ölkələri ilə çoxtərəfli əməkdaşlığını fəal surətdə inkişaf etdirir.
Bütün bu qeyd olunan və olunmayan uğurlarla yanaşı, inkişafın zirvəsindəki yeri əldən verməmək üçün beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlıqda siyasi sayıqlığı qoruyub saxlamaq son dərəcə vacib məsələlərdəndir. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi qüvvələrin öz pozuculuq fəaliyyətlərindən əl cəkdiklərini təsəvvür etmək böyük yanlışlıq olardı. İnsan hüquq və azadlıqları, demokratiya kimi mövzulardan sui-istifadə edərək Azərbaycana təzyiq göstərmə halları dünən də olub, bu gün də mövcuddur. Buna baxmayaraq, respublikamız azərbaycançılıq ideyalarını əldə rəhbər tutaraq demokratiya yolu ilə inamla irəliləyir. Bu, uzun, həmişə inkişafda olan bir yoldur. Ümumiyyətlə, demokratiyanı biliyini fasiləsiz olaraq artıran tələbəyə bənzətmək olar. Fərq isə ondan ibarətdir ki, tələbə sonda diplom əldə edir, demokratik inkişafa görə isə heç bir diplom verilmir. Dünyanın heç bir ölkəsinin yetkin demokratiyaya malik olması barədə diplomu yoxdur, yəni, demokratiya fasiləsiz inkişaf yoludur.
Göründüyü
kimi, qısa tarixi dövr ərzində ümummilli lider Heydər
Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan
Respublikası dünyanın bütün aparıcı təşkilatları
ilə çoxtərəfli,
qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirə bilmişdir.
Bu gün Azərbaycanın üçrəngli bayrağı
Bakı ilə yanaşı, İst-River çayı sahillərindən
Strasburqa, oradan Ciddəyə qədər olan geniş bir
coğrafiyada dalğalanır, bu həm də azərbaycançılıq
ideologiyasının dünyada
öz təsdiqini tapmasının göstəricisidir.
Səməd SEYİDOV,
Milli Məclisin komitə sədri, Azərbaycan
Dillər Universitetinin rektoru
Azərbaycan.-2013.- 10 may.- S.10.