Dahi şəxsiyyət

 

Hər tarixi dövrün öz görkəmli şəxsiyyətləri olur. Şəxsiyyətləri zaman yetişdirir. Amma bəzən əksinə də olur. Dahi insanlar zamanın fövqünə yüksələrək, öz dövrlərini yaradırlar. Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir: XX əsrin ikinci yarısının xeyli hissəsini əhatə edən dövr onun  adı ilə bağlıdır.

1969-cu ildən başlayaraq, 30 ildən çox müddət ərzində o, yalnız bir dəfə respublikanın rəhbəri kimi hakimiyyətdən kənarda olmuşdur. 1982-ci ildə Heydər Əliyev daha yüksək vəzifəyə - İttifaq hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, hakim partiyanın ali orqanı olan Siyasi Büronun üzvü seçilmişdir. Amma sonralar Heydər Əliyev 1987-ci ildə ölkənin o vaxtkı rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Lakin Heydər Əliyevin Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə çalışıb-çalışmamasından və ya  pensiyaya çıxmasından asılı olmayaraq, respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində onun zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, Heydər Əliyevin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.

1969-cu il idi. Demək olmaz ki, respublika hansısa faciələrlə, çıxılmaz problemlərlə qarşılaşmışdı.  Əmin-amanlıq və  sakitlik hökm sürürdü. Lakin bu aldadıcı sabitlik idi. Narazılıq gündən-günə artırdı. Xidmət sahələrində nizamsızlığın baş alıb getməsi, əhalinin həyat səviyyəsinə, məktəb və xəstəxana təminatına görə respublikanın Ümumittifaq göstəricilərindən geri qalması, iqtisadiyyatda vəziyyətin yarıtmaz olması, respublika rəhbərliyinə etimadsızlıq ölkənin durğunluqdan çıxarılmasına inamsızlıq yaratmışdı. Respublika rəhbərlərinin xoşagəlməz əməlləri, rüşvətxorluğu barədə yayılan şayiələr vəziyyəti daha da gərginləşdirirdi. Hər yerdə söhbət gedirdi ki, Azərbaycanın ali rəhbərlərindən biri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmək naminə Gədəbəy rayonunun ərazisindəki bəzi torpaq sahələrini Ermənistana güzəştə getməyi vəd etmiş və yalnız rayon sakinlərinin qətiyyətli hərəkətləri torpaqların verilməsinin qarşısını almışdır. Bu söhbətlərin həqiqətə nə qədər uyğun gəldiyi məlum deyil. Lakin Ermənistanın növbəti dəfə ərazi iddiaları irəli sürməsi və Azərbaycan SSR Ali Soveti tərəfindən sərhədlərin dəqiqləşdirilməsinə dair zərərli, güzəştli qərar qəbul edilməsi fonunda bu söhbətlər çox inandırıcı görünürdü. İnsanlar başa düşürdülər ki, respublika rəhbərliyi uzun illər ərzində yığılıb qalmış qüsurların, ziddiyyətlərin və narazılığın çəlpəşik  kələfini açmağa qadir deyil.

1969-cu ilin iyulunda Heydər Əliyev respublikanın rəhbəri oldu. Bu işə o, respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən gəlmişdi. Dövlət Təhlükəsizliyi Komitəsi sovet dövlətinin hakimiyyət strukturunda son dərəcə vacib bir qurum idi və çox böyük səlahiyyətlərə malik idi. Heydər Əliyev burada sıravi əməkdaş kimi fəaliyyətə başlayaraq, 46 yaşında general rütbəsində həmin komitənin rəhbəri olmuşdu. Bu fakt ona görə əlamətdardır ki, o vaxtlar Sovet İttifaqının ideologiyasında beynəlmiləlçilik və xalqların hüquq bərabərliyi bəyan edilsə də, bu vəzifəyə, bir qayda olaraq, milliyyəti rus olan şəxslər təyin edilirdilər. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan ilk azərbaycanlı idi.

Heydər Əliyev cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi tanınırdı. O, respublikada vəziyyətə yaxşı bələd idi, qüsurları, ağrılı məqamları aydın təsəvvür edirdi və yeni vəzifədə fəaliyyətinin ilk günlərindən dövlət orqanlarını və ictimaiyyəti mövcud nöqsanların aradan qaldırılmasına, Azərbaycanın sürətli inkişafının təmin olunmasına cəlb edə bildi.

Azərbaycan SSR-in rəhbəri kimi çalışdığı on üç ildən bir qədər artıq müddətdə Heydər Əliyev iqtisadiyyatın inkişafında və insanların həyat səviyyəsinin yüksəldilməsində böyük uğurlara nail oldu. Təkcə xaricdə deyil, SSRİ-də də az tanınan Azərbaycan barəsində dinamik inkişaf edən, cəmiyyətin bir çox problemlərini müvəffəqiyyətlə həll edən qabaqcıl respublika kimi danışmağa başladılar. Bu dəyişikliklərin təşkilatçısı, dünya miqyaslı siyasi xadim kimi Heydər Əliyev barəsində xarici mətbuatda yazılar dərc edilməyə başlandı, Qərb ölkələrinin analitik mərkəzlərində söhbətlər açıldı. Biz özümüzü daha rahat və inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərimiz daha da yüksəldi. Xalq perspektivi gördü, gücünü dərk etdi.

Heydər Əliyev İttifaq rəhbərliyinə işləməyə dəvət olunduqdan sonra respublikada qazanılmış nailiyyətlər, inkişaf hədəfləri və əvvəlki mövqelər bir-bir əldən getməyə başladı. İnsanları narahat edən və cəmiyyətdə qarşıdurmaya gətirib çıxaran kəskin problemləri həll etmək əvəzinə, respublikanın rəhbərləri daha çox özlərinin rifahı qayğısına qalır, vəzifələrini qoruyub saxlamaq üçün hər şeydə İttifaq rəhbərliyinə yarınırdılar. 1992-cü ilin mayında Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra iqtisadiyyatda, dövlət idarəçiliyində və siyasətində əsl  tənəzzül başlandı. Onların bir illik fəaliyyəti respublikanı vətəndaş müharibəsinə sürüklədi, suverenliyin və ərazi bütövlüyünün itirilməsi təhlükəsi, hərc-mərclik və anarxiya ilə üz-üzə qoydu. Azərbaycan dövlətçiliyi üçün bu böhranlı dövrdə xalqın təkidli tələbi və ölkənin o vaxtkı Prezidentinin müraciətləri nəticəsində  Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentin, daha sonra isə respublikanın rəhbəri seçildi.

Heydər Əliyev güclü, iradəli şəxsiyyət və sərt təbiətli siyasətçi idi. Lakin onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl o, müxtəlif baxışları öyrənir, işə bağlılığı olan hər kəsin öz fikrini söyləməsinə, nöqteyi-nəzərini şərh etməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Lakin elə hallar da olurdu ki, bu qərarlar əksəriyyətin fikri ilə ziddiyyət təşkil edir, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Lakin bu amirlik, tərslik və ya başqalarının fikrinə etinasızlıq kimi qəbul edilmirdi. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı. Əlbəttə, narazı qalanlar da olurdu. Lakin zaman hər şeyi yerinə qoyur, insanlar onun haqlı olduğunu və uzaqgörənliyini özləri görüb yəqin edirdilər.

İşdə kollegiallığa və demokratikliyə nə qədər böyük əhəmiyyət versə də, Heydər Əliyev qərarların qəbulu üçün məsuliyyətdən heç vaxt özünü kənara çəkmirdi. Şərait tələb etdikdə ən məsul qərarları belə təkbaşına qəbul edirdi.

1993-cü ilin iyun ayı idi. Milli Məclisin iclasında Heydər Əliyevin parlament sədri seçilməsi məsələsi qoyulmuşdu. O, verilən bütün suallara ətraflı cavab verdi. Müzakirə qurtardı, növbə səsvermə proseduruna çatdı. Elə bu vaxt iclasda olan keçmiş müdafiə naziri Rəhim Qazıyev bəyan etdi ki, Gəncə şəhərindəki vəziyyəti nəzərə almadan (orada onun həmfikri xeyli sayda hərbi kontingenti özünə tabe etmişdi və hakimiyyəti ələ keçirməyə çalışırdı) və orada olan qüvvələrin tələblərini yerinə yetirmədən seçki heç nə verməyəcək və onu keçirmək olmaz. Bu, açıq-aşkar şantaj, Heydər Əliyevə qarşı real təhlükə idi.

Həmin insanlarla təmasa girmək heç də təhlükəsiz deyildi. Bundan bir qədər əvvəl oxşar vəziyyətdə iqtidar yaxasını kənara çəkməyi üstün tutmuşdu. Heydər Əliyev R.Qazıyevin dediklərinə məhəl qoymaya bilərdi və bu, səsvermənin nəticələrinə heç bir təsir göstərməzdi. Lakin o, dərhal qərar qəbul edərək bildirdi ki, Gəncədə vəziyyətlə tanış olmaq üçün 2 saatdan sonra oraya yola düşür. Kütləvi informasiya vasitələrinin nümayəndələri də onunla birlikdə gedə bilərlər. Bu məqsəd üçün ayrılmış avtobus Milli Məclisin yanında gözləyəcəkdir.

Bu, mərdliklə atılmış müdrik bir addım idi. Bundan əvvəl də, sonrakı illərdə də o, çox mürəkkəb vəziyyətlərdə dəfələrlə cəsarət və qətiyyət göstərmiş, ölkənin rifahı naminə fədakarlığa hazır olduğunu nümayiş etdirmişdi.

Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Zabitəli idi, məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı. Özfəaliyyətə yol verməsə də, təşəbbüskarlığı boğmur, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi. Qüsurlara və çatışmazlıqlara son dərəcə tənqidi yanaşırdı. Amma hər şeyi qara rəngdə görən pessimist deyildi. Əldə edilmiş yaxşı nə varsa hamısına görə ürəkdən sevinir və onun bu sevinci insanlara da keçir, onları yaradıcı işə səfərbər edirdi.

Heydər Əliyev nadir hallarda səsini ucaldırdı. Sağ əlinin şəhadət barmağının bircə hərəkəti kifayət idi ki, tənbəllik etmiş və ya  diqqətsizlik göstərmiş hər hansı vəzifəli şəxs lazımi nəticələr çıxarsın, nəinki yanlış hərəkətlərindən, hətta yanlış fikirlərindən imtina etsin.

Heydər Əliyev müəyyən dərəcədə avtoritar rəhbər idi. Bunu respublikadakı vəziyyət də tələb edirdi. O, hər bir problemin müvafiq qərar qəbul edilənədək hərtərəfli müzakirəsini təşkil edirdi. Qəbul edilmiş qərar isə dönmədən yerinə yetirilməli idi. Bəzi xarici müşahidəçilər bu mövqeyi diktatura əlaməti sayırdılar. Həmin müşahidəçilərdən biri Mstislav Rastropoviç ilə söhbət zamanı Azərbaycanda diktatura olduğunu söyləyəndə, dünya şöhrətli musiqiçi cavab vermişdi ki, elədir, Heydər Əliyev qanunun diktaturasını bərqərar etmişdir. Heydər Əliyev isə müsahibələrindən birində özü haqqında belə demişdi: "Mən demokratiyanın tərəfdarıyam, amma liberalizmdən uzağam."

Heydər Əliyev öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı, mənəviyyat haqqında təsəvvürlərə və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi. Heydər Əliyevin yüksək işgüzar keyfiyyətlərini, rəhbərlik istedadını və bacarığını bütün obyektiv insanlar, hətta keçmişdə bu və ya digər səbəbdən cəzalandırılmış və ona mənfi münasibət bəsləməyə müəyyən bəhanəsi  olan şəxslər də etiraf edirdilər. Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan ötən əsrin doxsanıncı illərində əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu onun şəxsiyyəti ilə bağlayırdı. Bu insanların sırasında Ali Sovetin deputatları da var idi, o deputatlar ki, yaxın keçmişdə Heydər Əliyevə qarşı çıxış etmiş, bir il keçdikdən sonra isə onun qanunvericilik orqanının sədri seçilməsi məqsədilə parlamentin çağırılması tələbini imzalamışdılar.

Heydər Əliyev nəhəng və zəhmli şəxsiyyət idi. Lakin o, insanlar üçün əlçatan, diqqətli və qayğıkeş idi, yaxşılığı yüksək qiymətləndirir və yadında saxlayırdı. Son dərəcə məşğul olduğuna baxmayaraq, heç vaxt təmasdan qaçmırdı. Bu barədə deyirdi: "Hətta bilsəm ki, bu insan mənim əleyhimədir, yenə də onunla görüşməkdən imtina etmirəm." Mənim fikrimcə, bu yanaşma tərzi Heydər Əliyevin yuxarıda göstərdiyim keyfiyyətini - öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə inamını, habelə dinləmək və izah etmək bacarığını, hər kəsə səbirli, atalıq münasibətini şərtləndirən əsas amildir. Məsələn, o, Əlikram Hümbətov ilə uzun-uzadı təmkinlə söhbətlər aparır, onu qan tökməkdən çəkindirməyə çalışırdı. Bu barədə Ə.Hümbətov özü Lənkəranda öz "qərargah"ında sayıqlamalarını mənə söyləyərkən saymazyana şəkildə, amma gizlədə bilmədiyi bir qürurla danışırdı. Hərbi kontingentə nəzarəti ələ keçirmiş bu mənfur insan özünü rəhbər sayır və ölkənin cənubunda "Talış-Muğan respublikası" deyilən oyuncaq qurum yaratmağa çalışırdı. Dəlillərin hamısı açıqlandıqdan, amma Ə.Hümbətovu cinayətkar niyyətlərindən çəkindirə bilmədikdən sonra Heydər Əliyev Lənkəran ictimaiyyətinə və hərbi qulluqçulara müraciət etdi, onlar isə yeni peyda olmuş "rəhbəri" qovdular.

Heydər Əliyev şəxsiyyətinin çox böyük cazibə qüvvəsi vardı, həqiqətən, bütün xalq ona məhəbbət bəsləyirdi. Heydər Əliyevin bir müraciəti kifayət idi ki, on minlərcə insan heç bir hazırlıq görmədən və təşkilatlanmadan qəlbinin hökmü ilə küçələrə çıxıb onun siyasətini müdafiə etsin. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd edildikdə Heydər Əliyevin müraciətinə cavab olaraq on minlərlə Bakı sakini iki saat ərzində Prezident Administrasiyasının binası önünə toplaşaraq xalqın kimin tərəfində olduğunu qəsdçilərə aşkar şəkildə başa saldı.

Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil etmişdir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilmişdir. Biz naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas olduq. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, xarici və daxili amillərin təsiri altında dağılmaqda olan dövlətçiliyimizi, bizlərdən hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini xilas etdi. Bu dövrdə demokratik inkişafın əsasları qoyulmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib həyata keçirildi.

Azərbaycanın böyük oğlu Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri və parlaq şəxsiyyəti qədirbilən həmvətənlərinin xatirəsində əbədi yaşayacaqdır. 

 

 

Arif RƏHİMZADƏ,

Milli Məclisin komitə sədri,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2013.- 10 may.- S.11.