Yeni nəsillər üçün əbədi örnək

 

Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin adı, hər şeydən əvvəl, milli dövlətçiliyin simvolu kimi səslənir. Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, Heydər Əliyev kimi qüdrətli dövlət xadiminin meydana çıxması nadir hadisədir. Bu böyük şəxsiyyət uzun əsrlər boyu ölkəmizin və xalqımızın dövlətçilik yolunda apardığı mübarizənin, formalaşdırdığı davamlı ənənələrin, ümid etdiyi gələcəyin yetirib meydana çıxardığı böyük dövlət xadimidir.

Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin XX əsrdə siyasi mühitə gətirdiyi görkəmli dövlət xadimidir. Bu böyük siyasi şəxsiyyəti haqlı olaraq dünyanın qüdrətli dövlət xadimləri, liderləri ilə müqayisə edirlər.  Heydər Əliyev ərazi etibarilə böyük ölkələrin rəhbərləri ilə bir sırada dura bilən çox da böyük olmayan bir ölkənin görkəmli rəhbəridir. Haqlı olaraq Azərbaycan xalqı özünün belə qüdrətli dövlət xadiminin olması ilə ürəkdən fəxr edir. Bu, böyük şəxsiyyətin adı yaşından və dünyagörüşündən asılı olmayaraq hər bir azərbaycanlı üçün, xalqımızın, bütün nəsillərdən olan nümayəndələri üçün qürur və iftixar mənbəyidir. Ağsaqqal nəsillər Heydər Əliyevə ilk növbədə çox təcrübəli dövlət xadimi, çətin və həlledici sınaqlardan çıxmış, birdəfəlik və həmişəlik qəbul edilmiş ümummilli lider, böyük və müdrik siyasətçi kimi qiymət verərək onunla qürur duyur. Azərbaycan xalqının orta nəsil Heydər Əliyevə müstəqil Azərbaycanın taleyinin həlledici faktorundakı qüdrətli dövlət xadimi kimi baxır.

XX əsrin doxsanıncı illərinin əvvəllərində məhz Heydər Əliyevin qətiyyəti və cəsarətli mübarizəsi sayəsində Azərbaycan əvvəlcədən qurulmuş bir çox xarici təxribatlardan xilas ola bilmişdir. Ölkə daxilində müstəqilliyin başlanğıc illərində baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısının alınması məhz Heydər Əliyevin böyük xidmətləri sırasında dayanır. Həmin proseslərin uğurla aparılması təkcə ölkəmizdə ucuz qiymətə aldadılmış, hətta bəzən və nə yazıq ki, təəssüf ki, satılmış daxili düşmənləri deyil, həmin bədxah və bədbəxt insanların xaricdəki məkrli havadarlarını da birmənalı şəkildə susdurmuşdur. Keçən əsrin doxsanıncı illərində Azərbaycanın real parçalanma təhlükəsi də Heydər Əliyevin xüsusi bacarığı, böyük cəsarəti sayəsində aradan qaldırılmışdır. O zaman nəinki ictimai-siyasi mühitdə, hətta mətbuatda da səslənən ölkənin parçalanması məsələsi müzakirə yolu ilə də, gerçək mübarizə əsasında da Azərbaycan xalqının və dövlətinin maraqlarına və mənafeyinə uyğun olaraq müsbət həll edilmişdir. Eyni zamanda, Azərbaycanda vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısının alınması da bu qəhrəman dövlət xadiminin adı ilə bağlı tarixi xidmətdir. Heç şübhəsiz, blokada şəraitinə salınmış Naxçıvan Muxtar Respublikasının erməni işğal təhlükəsindən xilas edilməsi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə böyük töhfələrindən biridir.

Böyük öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi bu regionda həyata keçirdiyi cəmiyyət həyatının əsas sahələrini əhatə edən geniş islahatlar müstəqil Azərbaycaın Respublikasının demokratikləşdirilməsi naminə atılmış böyük addımlar idi. Xalq Cümhuriyyətinin vaxtilə qəbul etdiyi üçrəngli bayrağımızın Azərbaycan dövlətinin rəmzlərindən biri kimi Naxçıvan Muxtar Respublikası parlamentində bərpa olunması xalqımızın dövlətçilik quruculuğu tarixində böyük bir yer tutur. Bu tarixi hadisənin hələ keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının dağılmasından əvvəl baş verməsi, sözün həqiqi mənasında, qəhrəmanlıq nümunəsidir. Bunlar Azərbaycanın dövlət müstəqilliyinin dərin mənalı Naxçıvan dərsləri idi. Qeyd olunan böyük tarixi hadisələr ulu öndərin Azərbaycanın müstəqillik uğrunda mübarizəsində mühüm tarixi xidmətləri idi. Bütün bunlara görə Naxçıvan Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əsas mərkəzinə çevrilmişdi. İndiki ağsaqqal nəsillər və orta nəsil həmin mürəkkəb ictimai-siyasi şəraitdə ulu öndərin ətrafında olmuş, onun böyük və şərəfli mübarizəsinin yaxından iştirakçısına çevrilmişdir. Hazırda gəncliyin yaddaşında o illərin azadlıq mübarizəsinin parlaq hadisələri silinməz izlər buraxmışdır.

Dünya miqyaslı böyük dövlət xadimi Heydər Əliyev müstəqil dövlətin beynəlxalq əlaqələrinin yenidən formalaşdırılması işinə də Naxçıvandan başlamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin qonşu Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının dövlət başçıları ilə, xarici siyasətlə məşğul olan rəsmilər ilə keçirdiyi görüşlər, apardığı ikitərəfli danışıqlar, imzaladığı mühüm əhəmiyyətə malik sənədlər müstəqillik dövrü Azərbaycan xarici siyasətinin möhkəm əsaslarını təşkil edir. 1921-ci ildə imzalanmış məşhur Qars müqaviləsinin sovet hakimiyyəti dağıldıqdan sonra yenidən siyasi mühitin gündəminə gətirilməsi, Ankaradan rəsmi olaraq həmin beynəlxalq müqavilənin Azərbaycana, xüsusən, Naxçıvan Muxtar Respublikasına aid əsas maddələrinin səsləndirilməsi torpaqlarımıza qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistana və bu oyuncaq dövlətin havadarlarına tutarlı dərs idi. Təəssüf ki, həmin ağır və məsuliyyətli günlərdə Azərbaycanın daxilində də Qars müqaviləsinin əleyhinə müddəalar səsləndirən qaragüruhçu qüvvələr də oldu. Belə antiazərbaycan azlığın anlayışında şəxsi mənafeyindən, ən yaxşı halda, qrup mənafeyindən yuxarı düşünməyi bacarmayanların mənfur niyyətləri dayanmışdı. Özlərini "demokrat" adlandıran belə qüvvələr üçün Vətən və millət anlayışının olmadığını yaxşı bilən Heydər Əliyev onların da çox vaxtında və zamanında lazımi dərslərini vermişdi. Beynəlxalq statusa malik olan Qars müqaviləsi bu gün də qüvvədədir. Bundan başqa, 2011-ci ilin oktyabr ayında Qars müqaviləsinin 90 illiyi Naxçıvan Muxtar Respublikasında və Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetində keçirilmişdir. Bütün tərəflərin hamısının razılığı olmadan beynəlxalq Qars müqaviləsinin şərtlərinin qüvvədən düşməsinin və yaxud həmin müqavilənin tamamilə ləğv olunmasının mümkün olmadığı artıq hər kəsə yaxşı məlumdur. Bu, həm də Heydər Əliyevin Azərbaycanın beynəlxalq münasibətlərə verdiyi töhfədir. Onun adı ilə bağlı olan beynəlxalq konfransda geniş qeyd edilməsi isə bu beynəlxalq müqavilə ətrafında gedən mənasız danışıqlara birdəfəlik son qoymuşdur.

Azərbaycanın Türkiyə və İranla yeni tarixi şəraitdə siyasi, elmi, mədəni, iqtisadi əlaqələrinin möhkəm bünövrəsi də Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuş və sonradan daha da inkişaf etdirilərək möhkəmləndirilmiş ölkələrarası münasibətlər səviyyəsinə qaldırılmışdır.

Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərinin strateji istiqamətlərini  müəyyən etmişdir. Azərbaycanın xarici siyasətində ölkənin marağı və mənafeləri əsəs götürülmüşdür. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə etibarlı tərəfdaşlar, dostlar qazanmaqla düşünülmüş, uzaqgörən addımlar atmışdır. Azərbaycan-Amerika, Azərbaycan-Rusiya, Azərbaycan-Çin Xalq Respublikası ilə çoxcəhətli əlaqələrin və münasibətlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "...mübaliğəsiz demək olar ki, Heydər Əliyev böyük siyasət nəhəngidir" sözləri ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrdəki misilsiz xidmətlərinə, o cümlədən siyasi-diplomatik uğurlarındakı düşünülmüş siyasətinə verilmiş obyektiv qiymət, parlaq ifadədir. Avropa, Asiya, Amerika və Avrasiya ölkələri ilə çoxcəhətli əlaqələrimizin inkişafı üçün ümummilli lider Heydər Əliyevə borclu və minnətdarıq.

Çox nəhəng iqtisadi layihələr, xüsusən də, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri Heydər Əliyev dühasının möhtəşəm əsərləridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması, həmin böyük layihənin Naxçıvana qədər davam etdirilməsi barədə addımların atılması iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti etibarilə də qiymətlidir. Bunlar Azərbaycanın böyük  inamla addımladığını və qətiyyətlə irəliyə doğru inkişaf etməkdə olduğunu nümayiş etdirir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə yaradıcı şəkildə irəli aparır.

Ölkəmizdə ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən möhkəm əsasları qoyulan böyük ənənələrin və ideyaların uğurla davam etdirilməsi Azərbaycanı qüdrətli bir dövlətə çevirmişdir.

Bu gün müstəqil Azərbaycanın adı Heydər Əliyevin adı ilə birlikdə səslənir. Prezident İlham Əliyev yeni epoxanın qüdrətli sükançısıdır. Heydər Əliyevin ideyaları yaşayır və inkişaf edir. Bütün bunlar müstəqil Azərbaycanın yeni nəsilləri üçün də qürur mənbəyidir.

 

 

Rza TALIBOV,

Bakı Dövlət Universitetinin

müəllimi, siyasi elmlər

üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 10 may.- S.11.