«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir»
çoxcildliyinin 45-ci cildi
çapdan çıxmışdır
"Bu
il İkinci Dünya müharibəsində faşizm üzərində
Qələbənin 68-ci ildönümü tamam olur. Bu
müharibə miqyasına, vurulan maddi zərərin həcminə
və həlak olmuş insanların sayına görə bəşər
tarixində baş vermiş müharibələrin ən
böyüyü və ən dəhşətlisidir. Məlumdur
ki, İkinci Dünya müharibəsi Yer üzündə
hökmranlıq etmək iddiasında olan militarist qüvvələr,
ilk növbədə isə faşist Almaniyası tərəfindən
törədilmişdi. 1939-cu ilin sentyabrında başlanan
müharibə qısa müddətdə bütün
Avropanı bürümüş, daha sonra digər qitələrə
də yayılaraq altı il davam etmişdir. 1941-ci il iyunun 22-də
SSRİ üzərinə faşist Almaniyasının
hücumu ilə Azərbaycanın da mənsub olduğu Sovet
İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə
qoşulmuş, tarixə sovet xalqının Böyük Vətən
müharibəsi kimi daxil olan müharibə
başlanmışdı...
...Faşizm
üzərində qələbənin qazanılmasına Azərbaycan
xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya,
Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların,
Şərqi Avropa ölkələrinin hitlerçilərdən
azad edilməsində, Qərbi Avropada genişlənən
müqavimət hərəkatının uğur qazanmasında
həmvətənlərimiz mühüm rol oynamışlar.
1941-1945-ci illərdə 600 min həmvətənimiz ön cəbhəyə
yollanmış, qəddar düşmənlə mərdliklə
vuruşmuşdur. Onların yarıdan çoxu
döyüş meydanlarında qəhrəmancasına həlak
olaraq geri qayıtmamışlar.
Azərbaycanlılar
ön cəbhədə qəhrəmanlıq göstərməklə
yanaşı, arxa cəbhədə də misilsiz fədakarlıq
nümayiş etdirmiş, döyüşən ordunun yanacaq,
silah, ərzaq və geyimlə təchiz olunmasına
böyük kömək göstərmişlər. Məlumdur
ki, İkinci Dünya müharibəsi əvvəlki müharibələrdən
fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə
motorların, tankların, qırıcı və
bombardmançı təyyarələrin, digər
döyüş maşınlarının müharibəsi
olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər
bu texnikanı hərəkətə gətirib düşmən
üzərində qələbəni təmin edə bilməzdilər.
Müharibə illərində Azərbaycan neftçiləri
bütün çətinliklərə baxmayaraq, Silahlı
Qüvvələri kifayət qədər yanacaqla təmin edə
bilmişdilər. Bu gün hər bir azərbaycanlı fəxr
edir ki, o dövrdə Sovet İttifaqında hasil edilən
neftin 70 faizindən çoxu məhz bizim respublikanın
payına düşmüşdür".
AzərTAc
xəbər verir ki, bu sətirlər ulu öndərin anadan
olmasının 90 illik yubileyi ərəfəsində "Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin "Azərnəşr" tərəfindən
yenicə çapdan buraxılmış 45-ci cildindən -
ümummilli lider Heydər Əliyevin 2003-cü il mayın 8-də
faşizm üzərində Qələbənin 58-ci
ildönümü münasibətilə Azərbaycan
xalqına müraciətindən
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu cildində ulu öndərin tərəqqisi
üçün çalışdığı, mədəniyyəti,
keçmişi ilə fəxr etdiyi doğma Vətəni - Azərbaycanın
daha da yüksəlişinə və çiçəklənməsinə
dair materiallar toplanmışdır.
Kitabda
Azərbaycana gələn Türkiyə, Rusiya, ABŞ,
Yunanıstan, Böyük Britaniya, Səudiyyə Krallığı
və digər ölkələrin nüfuzlu dövlət və
hökumət nümayəndələri, beynəlxalq təşkilatların
rəhbərləri, ictimai-siyasi xadimləri ilə dövlət
başçısının görüşləri, dərin
məzmunlu söhbətləri, apardığı
danışıqlar öz əksini tapmışdır.
Əvvəlki
cildlərdə olduğu kimi, bu kitabda də ulu öndərin
ayrı-ayrı hökumət və dövlət
başçılarına, eyni zamanda, ölkəmizin
tanınmış ədəbiyyat, elm, təhsil, incəsənət,
mətbuat işçilərinə, ictimai-siyasi təşkilatlara
ünvanladığı çoxsaylı məktubları,
teleqramları və s. sənədlər yer almışdır.
Kitaba
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına son
müraciəti də daxil edilmişdir. Kitabın sonunda
müstəqil Azərbaycan dövlətini qurmuş, milli
dövlətçiliyimizin ideya təməlini qoymuş Heydər
Əliyev haqqında akademik Ramiz Mehdiyevin "Azərbaycanda
müstəqil dövlətçiliyi yaradan və yaşadan -
ümummilli lider Heydər Əliyevin qadir siyasətidir" sərlövhəli
məqaləsi verilmişdir.
Kitabda
əks olunan rəsmi sənədlər,
çıxışlar, müsahibələr, fərmanlar,
müraciətlər, bəyanatlar, məktublar, məruzələr
2003-cü ilin mayından oktyabrınadək olan dövrü əhatə
edir.
"Azərnəşr"
tərəfindən çap olunan çoxcildliyin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə
edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 10 may.- S.12.