Səbaildə Gül bayramı qeyd edildi

 

Mayın 9-da Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi Gül bayramı keçirildi.

Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki Sahil bağında lazımi abadlıq işləri aparılmış, park başdan-başa bəzədilmiş, bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, orta və orta ixtisas məktəblərinin,  Uşaq Yaradıcılıq Mərkəzi şagirdlərinin müxtəlif gül-çiçək, bitki və yarpaqlardan hazırladıqları rəngarəng tablolar, applikasiyalar, gül kompozisiyaları  görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmişdir. Bunlar bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatların, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı Sahil bağını gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmişdir.

Sahil bağı nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş 2 dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış ümummilli lider Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin rəmzi olan Qız qalasının, Bakı şəhərinin gerbinin, "Alov Qüllələri" kompleksinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış neft buruğunun fiquru bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir.

Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi. 

Rayondakı Dövlət İqtisad, Pedaqoji və "Qərb" universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzi şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, xüsusilə də ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqdan hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Müdrik rəhbərin gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiətlə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 10 may.- S.12.