«Heydər Əliyev və insan
hüquqları» mövzusunda yazı
müsabiqəsinə yekun vurulub
Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
Naxçıvan Muxtar Respublikasının insan hüquqları
üzrə müvəkkili (ombudsman) və Naxçıvan Mətbuat
Şurası tərəfindən elan olunmuş "Heydər Əliyev və insan
hüquqları" mövzusunda yazı müsabiqəsinin nəticələrinin
açıqlanması və qaliblərin təltif olunması
mərasimi keçirilmişdir.
Tədbiri
giriş sözü ilə Naxçıvan Mətbuat
Şurasının sədri Rövşən Hüseynov
açaraq muxtar respublikada jurnalist yazı müsabiqələrinin
keçirilməsinin artıq ənənə halını
aldığını, lakin insan hüquqları mövzusunda
elan olunmuş bu müsabiqənin xüsusi əhəmiyyət
daşıdığını bildirdi.
Tədbirdə
çıxış edən Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Cəlil Rüstəmov ümummilli lider Heydər Əliyevin
ölkəmizdə həyata keçirdiyi hüquq
islahatlarından, insan hüquqlarının müdafiəsi sahəsində
görülən işlərdən danışdı, qalibləri
təbrik etdi. Naxçıvan Muxtar Respublikasının insan
hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər
Bayramova vurğuladı ki, müsabiqənin keçirilməsinin
əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin qorunub-saxlanılması,
gücləndirilməsi istiqamətində həyata keçirdiyi
tədbirlərin, dövlətçiliyimizin əbədiyaşarlığının
təmin olunması, demokratik-hüquqi dövlət
quruculuğu, ölkəmizin müstəqilliyi dövründə
insan hüquq və azadlıqları sahəsində
reallaşdırılan islahatların daha da dərindən
öyrənilməsindən, jurnalistlərin bu istiqamətdə
yazılar hazırlamasını stimullaşdırmaqdan ibarət
idi.
Müsabiqənin
münsiflər heyəti üzvlərindən "Şərq
qapısı" qəzetinin baş redaktoru Tural Səfərov,
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Rafiq Babayev müsabiqənin keçirilmə şərtləri,
təqdim olunan yazıların hansı meyarlara görə dəyərləndirildiyi
haqqında məlumat verdilər. Bildirildi ki, təqdim olunan
yazılar münsiflər heyətinin bir neçə mərhələdə
keçirilən müzakirələrinin nəticəsi olaraq
qiymətləndirilib.
Sonra
müsabiqə qaliblərinin adları açıqlanıb.
"Azərbaycan" qəzetinin Naxçıvan Muxtar
Respublikası üzrə bölgə müxbiri Elxan Məmmədovun
müsabiqəyə təqdim etdiyi yazı birinci, "Şərq
qapısı" qəzetinin əməkdaşı Elnur Kəlbizadənin
müəllifi olduğu yazı ikinci, "Nuh yurdu" qəzetinin
redaktoru Qafar Qəmbərovun yazısı
üçüncü yerə layiq görülüb. Qaliblərə
Naxçıvan Muxtar Respublikası insan hüquqları
üzrə müvəkkilinin
(ombudsman) diplomu,
Naxçıvan Mətbuat Şurasının fəxri fərmanı
və mükafatlar təqdim olunub. Qaliblər
çıxış edərək ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş müsabiqənin təşkilatçılarına
təşəkkürlərini bildiriblər.
Azərbaycan.-2013.- 10 may.- S.12.