Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib

 

Mayın 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə sarayın foyesində "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - 90" sərgisi ilə tanış olublar.

Sərgidə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında qəbul edilən rəsmi sənədlər, ulu öndərin həyat yoluna, çoxşaxəli dövlətçilik fəaliyyətinə həsr olunmuş kitab, jurnal, qəzet və monoqrafiyalar, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə və Texniki Yaradıcılıq mərkəzlərinin şagirdlərinin və naxçıvanlı rəssamların ulu öndərə həsr etdikləri rəsm əsərləri, dahi şəxsiyyətin yubileyləri ilə bağlı müxtəlif dövrlərdə buraxılmış poçt markaları, görkəmli dövlət xadiminin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş digər materiallar nümayiş etdirilib.

Sonra yubiley mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir işitrakçılarını və muxtar respublika əhalisini təbrik edib.  Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlər boyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri və qüdrətli övladları ilə ölçülür. Böyük Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, iyirminci əsrdə də Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yetirmişdir. Bu tarixi gündə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin parlaq xatirəsini dərin ehtiramla yad edirik, - deyən Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2013-cü il 21 yanvar tarixli sərəncamındakı bu fikirləri diqqətə çatdırıb: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

"Ulu öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu - Azərbaycandır!", - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ümummilli liderin "Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram", - fikirini xatırladıb və bildirib ki, görkəmli dövlət xadiminin bu sözləri onun həyatının mənasını dəqiq ifadə edir. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır. Ulu öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: "Azərbaycan mənim qibləgahımdır". Yaxud: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. O manifestin hansı səhifəsini çevirsəniz, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar görəcəksiniz. Məhz buna görə deyirik ki, iyirminci əsr siyasi tariximizdə ulu öndər Heydər Əliyev qədər həyatını Azərbaycana həsr edən, azərbaycançılıq uğrunda, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi yoxdur.

Qeyd olunub ki, dahilərin həyatı xalqa məxsusdur. Ümummilli liderimizin ötən əsrin 40-cı illərində xüsusi xidmət orqanlarında əmək fəaliyyətinə başladığı dövr bu dahi şəxsiyyətin Azərbaycan naminə missiyasının birinci mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, o dövrün cəmiyyəti üçün kifayət qədər qapalı olan bir təşkilatda fəaliyyət göstərməsinə baxmayaraq, möhtərəm Heydər Əliyev imperiya maraqlarına yox, Azərbaycanın milli maraqlarına xidmət göstərmiş, rejimin yaratdığı çətinliklərə baxmayaraq, təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların yetişdirilərək irəli çəkilməsinə nail olmuşdur. Xalqımızın böyük oğlu yaradıcı ziyalıların, milli düşüncəli kadrların incidilməsinin qarşısını almış, xalqın həqiqi maraqlarına cavab verən yaradıcı mühitin formalaşmasına çalışmışdır.

44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərirdi? Hər şeydən əvvəl, tarixilik baxımından olduqca qısa bir müddətdə   cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı. Bunlar asanlıqla başa gəlmirdi. Nəhəng işlər görülmüş, 300-ə yaxın istehsalat sahəsi yaradılmış, kimya və neft maşınqayırma sahələri tamamilə yenidən qurulmuş, mərkəzləşmiş vəsait hesabına o dövr üçün tamamilə yeni olan elektronika, radiotexnika, kosmos, aviasiya, hesablama texnikası təmayüllü yeni obyektlər istifadəyə verilmişdi. İyirminci əsrin 70-ci illərinin kiçik Azərbaycanı böyük Sovetlər Birliyinin əsas neft maşınqayırma, üzümçülük bazası, yeganə məişət kondisionerləri istehsalı mərkəzi statusunu qazanmışdı. Respublikamızın ittifaq miqyasında iqtisadi çəkisi əhəmiyyətli dərəcədə artmışdı.

Naxçıvan Ali Məclisinin Sədri deyib: "Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır".

Ali Məclisin Sədri qeyd edib ki, ümummilli liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və separatçılıq meyillərindən xilas olmuş, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alınmış, milli ordu quruculuğunda əməli addımlar atılmış, əldə olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu ödərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!

Tədbirdə Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafında əməyinə görə bir qrup şəxsə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan "Xatirə" qızıl medalını təqdim etmişdir.

Yubiley tədbirində Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri, xor kollektivi, mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Araz" Dövlət Qəbul Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ziyafət təşkil olunmuşdur.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 10 may.- S.13.