Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə
Bakıda «Yer kürəsi uşaqların gözü ilə»
Beynəlxalq foto festivalı və sərgisi
açılacaqdır
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə fəaliyyət göstərən İDEA Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Kampaniyası çərçivəsində mayın 12-dən
14-dək Bakıda "Yer kürəsi uşaqların
gözü ilə" devizi altında gənclərin birinci
Beynəlxalq foto festivalı və sərgisi keçiriləcəkdir.
AzərTAc
xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş festival və sərginin təşkilatçıları
İDEA Kampaniyası və tanınmış fotoqraf Reza
Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Festivalın
təşkilat komitəsindən bildirmişlər ki, bu
mühüm tədbirin keçirilməsindən məqsəd
ətraf mühit problemlərinə gənc fotoqrafların
münasibətini göstərməkdir. Bu tədbir müsabiqədə
ən yaxşı 100 fotoşəklin seçilməsi
şansı yaradacaqdır.
Festival
çərçivəsində "Mən təbiəti
sevirəm" və "Mən çirklənmədən
qorxuram" devizləri altında keçiriləcək
müsabiqə dünyanın 90 ölkəsindən minlərlə
gəncin diqqətini cəlb edəcəkdir. Bu fotomüsabiqə
sosial və ətraf mühit məsələləri ilə
bağlı şəkillərin dili ilə uşaqları məlumatlandıran
ilk beynəlxalq layihə hesab olunur.
Gənclərin
birinci Beynəlxalq foto festivalı və sərgisində
müsabiqənin qalibləri Bakıda təşkil olunacaq bir
sıra tədbir və seminarlarda öz bacarıqlarını
daha da inkişaf etdirmək üçün böyük
imkanlar əldə edəcəklər. Foto sənətinin
canlı təntənəsi olan və ətraf mühitin
mühafizəsi istiqamətində vacib addım sayılan bu tədbir
çərçivəsində açıq havada sərgi,
slayd-təqdimatlar, seminarlar və mükafatlandırma mərasimi
təşkil ediləcəkdir. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi
Gül bayramı ərəfəsinə təsadüf edən
bu Beynəlxalq Festivala Bakının ev sahibliyi etməsi gənc
istedadların qədim mədəniyyətin, möhtəşəm
arxitekturanın və bayramların gözəlliklərini
fotoaparatın yaddaşına köçürmələri
üçün yaxşı imkan yaradacaqdır.
Qeyd
edək ki, beynəlxalq münsiflər heyəti 100 ən
yaxşı və 6 qalib şəkil seçəcəklər.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi
münsiflər heyətinə "Reuters"in foto üzrə
vitse-prezidenti Ayperi Ecer, "Polka" jurnalının təsisçisi
Alen Genestra, "National Geographic"in fotoqrafı Kris Reyner,
"Kanope" jurnalının təsisçisi Fransua
Lemarkand, "Fox
International"in icraçı direktoru Fredrik Şevans,
"National Geographic"in böyük redaktoru Silvie Brieu,
jurnalist Marko Pinna, "Photocloser.com" saytının təsisçisi
Frank Meo, fotoqraf Şahidul Alam və "Associated Press"in
vitse-prezidenti Santiyaqo Lyon daxildirlər.
Münsiflər
birinci, ikinci və üçüncü yerlərlə
yanaşı, ictimai səsvermə yolu ilə həyata
keçirilən "Sənin seçimin" nominasiyası
üzrə də qalibləri müəyyənləşdirəcəklər.
Beynəlxalq
fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim
edilmişdir. Onlardan yalnız yüzü yaxşılar kimi
festivalda və sərgidə nümayiş olunacaqdır.
Müsabiqənin altı qalibinə mükafatlar, o cümlədən
kamera avadanlığı təqdim ediləcəkdir. Onlar, həmçinin
dünyada məşhur fotoqraf Rezanın fotoseminarında
iştirak etmək imkanı əldə edəcəklər.
Xatırladaq
ki, keçən ilin yayında Bakıda "Yer kürəsi
uşaqların gözü ilə" adlı gənclərin
Beynəlxalq fotomüsabiqəsi
keçirilmişdi. Həmin müsabiqədə birinci
yerə Rusiyadan olan 8 yaşlı Anastasiya Vorobko layiq
görülmüşdü. İkinci yerə 14 yaşlı
ispan Xuan Karlos Kanales sahib olmuşdur. Üçüncü
yerləri 14 yaşlı rumıniyalı Bianka Stan və 10
yaşlı indoneziyalı Maykl Teodriçdir
qazanmışdılar. Müsabiqənin xüsusi
mükafatını 14 yaşlı fransalı Sofiye Vela
almışdı. Bunlarla yanaşı, internet səsverməsinə
görə "Sənin seçimin" nominasiyasında 17
yaşlı rusiyalı iştirakçı Kseniya Saberzanova
xüsusi mükafatın sahibi olmuşdur.
Azərbaycan.-2013.- 10 may.- S.15.