Ümummilli lider Heydər Əliyevin 90
illiyinə həsr olunmuş
təntənəli yubiley mərasimi keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir
Mayın 10-da Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və ailə üzvləri, dövlət və
hökumət nümayəndələri, xarici ölkələrin
Bakıda akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri
mərasimdə iştirak etmişlər.
Dövlət
başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-
Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu
gün Azərbaycan ulu öndər Heydər Əliyevin 90 illik
yubileyini qeyd edir. Heydər Əliyev böyük azərbaycanlıdır,
böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın
qurucusudur. O, öz ömrünü Azərbaycan xalqına həsr
etmişdir və bütün dövrlərdə Azərbaycana
sədaqətlə xidmət edirdi.
Şəxsiyyətlərin
tarixdəki rolu haqqında müxtəlif dövrlərdə
elmi əsərlər, kitablar, bədii əsərlər
yaradılmışdır. Bu günə qədər bu məsələ
bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin
timsalında biz əyani şəkildə görürük
ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz
olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev
dühası bugünkü Azərbaycanın uğurlu
inkişafının təməlində dayanan bir amildir.
Əgər
biz onun Azərbaycana rəhbərliyə gəldiyi tarixlərə
nəzər salsaq görərik ki, həm 1969-cu və həm
də 1993-cü illərdə onun rəhbərliyə gəlişindən
sonra Azərbaycanda bütün proseslər müsbət istiqamətdə
inkişaf etməyə başlamışdır. 1969-cu ilə
qədər Azərbaycan Sovet İttifaqında ən geridə
qalmış respublika kimi tanınırdı. Respublikada sənaye
potensialı çox aşağı səviyyədə idi.
Digər göstəricilər də ən aşağı səviyyədə
idi.
Heydər
Əliyev kimi güclü liderin Azərbaycanın rəhbərliyinə
gəlməsindən sonra köklü dəyişikliklər
baş vermişdir. Onun Azərbaycana rəhbərlik etdiyi 13 il
ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində
ən inkişaf etmiş və qabaqcıl respublikaya
çevrilmişdir. O vaxt Sovet İttifaqında cəmi iki
respublika özünü təmin edirdi və ümumittifaq
büdcəsinə töhfələr verirdi. Onlardan biri də
Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda
güclü sənaye potensialı yaradılmışdır
ki, sonra - müstəqillik dövründə bu potensial bizə
böyük dərəcədə kömək etmişdir.
Xüsusilə, neft sənayesində, energetika sənayesində
aparılan işlər müstəqil Azərbaycanın enerji
təhlükəsizliyinin təmin edilməsində müstəsna
rol oynamışdır. Kənd təsərrüfatının,
digər sahələrin - elmin, təhsilin inkişafı o illərdə
məhz Heydər Əliyevin adı ilə bağlı idi. Əlbəttə,
Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında
müəyyən ideoloji çərçivələr də
var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi
inkişafında, həm milli-mənəvi dəyərlərin
təbliğində o illərdə Heydər Əliyev
böyük işlər görmüşdür.
Əlbəttə,
bu işlərin görülməsi nəticəsində
1970-ci illərdə Azərbaycanda hər bir istiqamətdə,
hər bir sahədə böyük inkişaf özünü
büruzə verirdi. 1982-ci ilin sonlarında Moskvaya gedəndə
Azərbaycan ən qabaqcıl yerlərdə idi. 1982-ci ilin
sonlarında Heydər Əliyevə böyük etimad göstərilmişdir
və o, Sovet İttifaqı Nazirlər Soveti Sədrinin birinci
müavini vəzifəsinə təyin edilmiş, Siyasi
Büroya üzv seçilmişdi. Bu, Azərbaycan xalqı
üçün də böyük nəticə, böyük
nailiyyət idi. Bizim nümayəndəmiz, Azərbaycan
xalqının nümayəndəsi Kremldə əyləşmişdi.
O illərdə ümumi işlərlə məşğul
olaraq, eyni zamanda, Azərbaycanı unutmamışdı.
Məhz
o illərdə Azərbaycanın gələcək
inkişafı ilə bağlı çoxsaylı qərarlar
qəbul edilmişdir. Ulu öndər daim Azərbaycana diqqət
göstərirdi, işlərlə maraqlanırdı. Demək
olar ki, 1987-ci ilə qədər onun nəzarəti və rəhbərliyi
nəticəsində Azərbaycanda proseslər
bütövlükdə müsbət istiqamətdə gedirdi.
Baxmayaraq ki, artıq o vaxt onun Azərbaycanda yoxluğu hiss
edilirdi. Tədricən Azərbaycanda gedən işlər tənəzzülə
uğramağa başlamışdır. Həm iqtisadi-sosial məsələlərin
həllində, eyni zamanda, ölkəmiz üçün ən
həlledici məqamlarda onun yoxluğu əlbəttə ki,
öz mənfi təsirini göstərmişdir.
Heydər
Əliyev kimi parlaq şəxsiyyətin mötəbər
kürsüdə əyləşməsi sovet rəhbərliyini
də qıcıqlandırırdı. Onun kimi dəmir məntiqə
malik olan, öz sözünü deyən, cəsarətli,
heç kimdən çəkinməyən şəxsiyyət
bəzilərini qane etmirdi. O vaxt ona qarşı aparılan təbliğat,
ona qarşı olan paxıllıq, qısqanclıq və əfsuslar
olsun ki, Azərbaycandan korrupsiyaya görə cəzalandırdığı
adamların donosları nəticəsində o, siyasi rəhbərlikdən
uzaqlaşdırılmışdır. Ondan sonra Azərbaycanın
problemləri başlamışdır.
Bu
salonda əyləşənlərin əksəriyyəti o illəri,
günləri yaxşı xatırlayır. Bir daha demək istəyirəm
ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda, yaxud da
ki, sovet rəhbərliyində olsaydı. heç vaxt
Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı.
Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni
millətçilərini bu təxribatlardan çəkindirirdi.
Təsadüfi deyildir ki, 1987-ci ildə onun siyasi rəhbərlikdən
getməsindən sonra iki həftə keçməmiş erməni
millətçiləri Dağlıq Qarabağ məsələsini
qaldırmış və Dağlıq Qarabağı Azərbaycandan
ayırıb Ermənistana birləşdirmək haqqında məsələ
qaldırmışlar. Əlbəttə, o vaxtkı Azərbaycan
rəhbərliyi bu təxribatların qarşısında aciz
idi, öz qətiyyətli mövqeyini ortaya qoya bilmədi, zəiflik,
bəzi hallarda xəyanət göstərdi. Beləliklə,
bu məsələ böyük problemə
çevrilmişdir.
Böyük
təəssüf hissi ilə deyirəm ki, əgər Heydər
Əliyev o vaxt Azərbaycanda olsaydı, bir qarış torpaq
da işğal altına düşməzdi. Ondan sonrakı illər
bizim üçün ən ağrılı illər
olmuşdur. Ölkədə proseslər mənfi istiqamətdə
gedirdi. Özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi,
xalq ilə iqtidar arasında yaranmış uçurum, digər
tərəfdən Ermənistanın Azərbaycana qarşı
iddiaları Azərbaycana böyük problemlər
yaratmışdı. Onların içində əlbəttə,
ən ağrılısı torpaqlarımızın
işğal altına düşməsidir. Eyni zamanda, Qanlı
Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir.
Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi
Qanlı Yanvar faciəsinin qarşısının
alınması üçün heç bir iş görməmiş
və günahsız insanları sovet ordusunun qurbanlarına
çevirmişdir. Heydər Əliyevin o vaxta qədər fəal
siyasətlə məşğul olmaq niyyəti
olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdi
və dərhal öz münasibətini bildirdi. Azərbaycanın
daimi nümayəndəliyinə gəlmiş və orada
öz sözünü demişdir. Sovet rəhbərliyini pisləmiş,
tənqid etmiş, öz sözünü demiş, Azərbaycan
xalqının yanında olduğunu bəyan etmişdir.
Ondan
sonra ona qarşı təzyiqlər, təxribatlar
kampaniyası başlamışdır. Bu kampaniya nəticəsində
hətta onu həbs etmək də istəmişlər. O, Azərbaycana
üz tutdu. Ancaq ona Bakıda yaşamağa imkan vermədilər.
Naxçıvana qayıtdı. Naxçıvanda isə xalq
onu müdafiə etdi. O isə öz növbəsində ondan
sonra xalqı müdafiə etdi. Çünki ermənilərin
məkrli niyyətləri Naxçıvana da yönəlmişdi.
Naxçıvanı işğal etmək onların
planlarında idi. O, buna imkan vermədi, erməniləri yerinə
oturtdu, Naxçıvanı qorudu və müstəqilliyin əldə
edilməsi üçün həlledici addımlar atdı. Məhz
onun təşəbbüsü ilə ilk dəfə olaraq o
illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
bayrağı - üçrəngli bayraq
Naxçıvanın dövlət bayrağı elan
edilmişdir və Azərbaycan Ali Məclisinə vəsatət
göndərilmişdir ki, bu bayraq dövlət bayrağı
kimi qəbul olunsun. O illərdə Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adı dəyişdirilmiş,
"Sovet Sosialist" sözləri
çıxarılmışdır və bu da müstəqilliyə
doğru atılan çox ciddi bir addım idi. Digər
addımlar da atılmışdır. Yəni, Azərbaycanın
dövlət müstəqilliyinə gedən yol
Naxçıvandan başlamışdır, Heydər Əliyevin
təşəbbüsü ilə, onun zəhməti, cəsarəti,
qətiyyəti hesabına mümkün olmuşdur. Məhz o
illərdə Azərbaycanın müasir siyasi sistemi
formalaşmış və inkişaf etməyə
başlamışdır.
1992-ci
ilin noyabrında Yeni Azərbaycan Partiyasının
yaradılması tarixi bir hadisə idi. Müxalifət
partiyası kimi yaradılmış Yeni Azərbaycan
Partiyası Azərbaycanda siyasi məsələlərin mədəni,
sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə
malik olan bir hadisə idi. Çünki o vaxta qədər Azərbaycanda
kiçik qruplar, siyasi dərnəklər daha çox bir-biri
ilə savaşmaq üçün yaradılmışdı.
Hər siyasətlə məşğul olmaq istəyənin
yanında bir qrup adam toplaşaraq özünü partiya
adlandırıb. Amma partiya quruculuğu haqqında heç bir
təsəvvürü olmayan qruplar əlbəttə ki, siyasi
sistemin yaradılmasına da əngəl idi. Yeni Azərbaycan
Partiyasının yaradılması siyasi sistemin
formalaşmasında xüsusi rol oynamışdır. Təsadüfi
deyildir ki, qısa müddət ərzində Yeni Azərbaycan
Partiyası Heydər Əliyevin rəhbərliyi ilə ölkədə
böyük nüfuz qazanmışdır. Bu partiya 1993-cü
ildən bu günə qədər iqtidar partiyasıdır. Bu
gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən
böyük partiyadır.
Azərbaycanda
isə o vaxt Bakıda rəhbərlikdə oturanlar bir-biri ilə
savaş içində idilər, vətəndaş müharibəsini
başlamışdılar, qardaş qanını
axıtmışdılar. Bir tərəfdən erməni millətçiləri
torpaqlarımızı zəbt edir, digər tərəfdən
hakimiyyətdə təmsil olunanlar bir-biri ilə ədavət
içində idilər.
1992-ci
ilin may ayında Şuşanın, Laçının,
1993-cü ilin aprelində Kəlbəcərin işğal
altına düşməsi nəticəsində Dağlıq
Qarabağla Ermənistan arasında coğrafi əlaqə,
bağlantı yaradılmışdır ki, bu da
münaqişənin həlli və proseslərin
gedişatı üçün çox mənfi təsir
göstərmişdir. Azərbaycan demək olar ki, öz
müstəqilliyini itirmək ərəfəsində idi. Azərbaycan
xalqının əsrlər boyu arzuladığı müstəqillik
əldən gedirdi. Ölkə parçalanırdı, idarəolunmaz
vəziyyət yaranmışdı.
Azərbaycan
xalqı bir daha öz müdrikliyini göstərərək
ulu öndərə üz tutdu, ona müraciət etdi və
onu hakimiyyətə dəvət etdi. Hətta o vaxt Azərbaycanın
rəhbərliyində yüksək vəzifələr tutan və
vaxtilə Heydər Əliyevə qarşı təxribatlar
törətməyə cəhd edən, Naxçıvana desant
göndərmək istəyən antimilli qüvvələr də
öz canlarından qorxaraq Heydər Əliyevi dəvət
etmişdilər. Çünki onların öz taleyi artıq
təhlükə altında idi. Mən o günləri
yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər
Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni,
Azərbaycan xalqını sevən dövlət adamı kimi
onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və
o vaxt Bakıda gedən proseslər hamımızın
yaxşı xatirindədir. Vətəndaş müharibəsinin
dayandırılması birinci məsələ idi. Ona nail oldu.
Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə
sabitlik yaranandan sonra böyük islahatlara başladı. Demək
olar ki, 1993-cü il müasir tariximizdə həlledici
dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə
bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi,
bugünkü Azərbaycanın mövcudluğu hətta
şübhə altına düşə bilərdi.
Bizim
xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi
ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində
- 1993-2003-cü illər ərzində Azərbaycan
böyük və uğurlu yol keçmişdir. Azərbaycanda
dövlət quruculuğu prosesi uğurla aparılmış və
gözəl nəticələrə gətirib
çıxarmışdır. Müstəqil Azərbaycanın
Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə
hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin
ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar
aparılmışdır. İqtisadi sahədə
böyük islahatlar aparılmağa
başlamışdır. Bazar iqtisadiyyatı əsas prinsip
kimi rəhbər götürülmüşdür. Azərbaycan
informasiya blokadasını yara və
özünü dünyaya təqdim edə bilmişdir. Beynəlxalq
təşkilatların üzvü olduq. Sabitlik yarandı.
Bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah
edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta
yolla zəbt edən antimilli qüvvələr hərəsi
bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq
siyasi səhnədən tamamilə silinmişdir və bu
gün tarixin arxivindədirlər. İnkişaf
üçün imkanlar yarandı. O inkişaf ki, bu gün
müstəqil Azərbaycanı dünya miqyasında
inkişaf edən ölkə kimi təqdim edir.
O illərdə
Azərbaycana sərmayə gətirmək, investorları sərmayə
qoymaq üçün həvəsləndirmək, onları
inandırmaq həddindən artıq ağır və çətin
məsələ idi. Çünki Azərbaycan çox
yüksək riskli bir ölkə idi. Vətəndaş
müharibəsi təzəcə qurtarmışdı. Atəşkəs
rejimi 1994-cü ilin mayında elan edilmişdi. O vaxtdan bir
neçə ay keçəndən sonra "Əsrin
müqaviləsi" bağlandı. "Əsrin müqaviləsi"nin
Azərbaycanın müstəqillik tarixində rolu haqqında
mən də, başqaları da dəfələrlə öz
fikirlərimizi bildirmişik. Bu gün Azərbaycan
reallıqları bunu bir daha sübut edir - o vaxt yeganə düzgün
addım atılmışdır ki, xarici investisiyaları cəlb
edək və Azərbaycanı bu ağır iqtisadi vəziyyətdən
çıxara bilək. "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra çox gərgin iş
başlamışdır.
Bilirsiniz
ki, çox ağır geosiyasi vəziyyət hökm
sürürdü. Azərbaycan neftini dünya bazarlarına
çıxarmaq üçün ulu öndər Heydər Əliyev
böyük səylər göstərmiş və öz əlləri
ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini
qoymuşdur.
1996-cı
ildə digər böyük layihə imzalanmışdır.
Bu gün Azərbaycanı dünya miqyasında böyük
qaz dövləti kimi təqdim etmək üçün
"Şahdəniz" layihəsinin əsas rolu vardır. O,
özü də bilirdi ki, bu layihələrin həyata
keçirilməsi bir il, iki il deyil, on il çəkə bilər.
Yəqin bilirdi ki, o, görülən bu işlərin nəticələrini
görməyəcəkdir. Ancaq Vətən sevgisi, xalqa
bağlılıq, Azərbaycana məhəbbət onun
üçün hər şeydən üstün idi. Onun
yaratdığı möhkəm əsaslar bu gün Azərbaycanı
qüdrətli dövlət kimi dünyaya
tanıtdırır. Onun tərəfindən
atılmış cəsarətli addımlar, irəli
sürülmüş təşəbbüslər bu gün
reallığa çevrilir və bu gün Heydər Əliyev
siyasəti davam etdirilir. Biz onun siyasətinə sadiqik, onun
siyasətini davam etdiririk. Xarici siyasətlə bağlı
onun qoyduğu xətt davam edir. Bu gün Azərbaycan
dünyada böyük rəğbətə, hörmətə
malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam
etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr,
yeni çağırışlar ortaya çıxır. Amma
biz bu çağırışlara hazırıq. Siyasi
islahatların davam etdirilməsi də Heydər Əliyevin bizə
tapşırdığı bir məsələ idi. Biz onu da
uğurla icra edirik.
Bir
sözlə, bu gün Heydər Əliyev siyasəti uğurla
davam etdirilir. Onun qoyduğu əsaslar üzərində, onun
qoyduğu təməl üzərində qüdrətli
dövlət qurulur. O dövlət ki, bizimlə
hesablaşırlar, məsləhətləşirlər. Bizim
razılığımız olmadan bölgədə heç
bir layihə icra edilə bilməz - istər siyasi, istər
iqtisadi, istər enerji. İstənilən layihə Azərbaycanın
iştirakı və razılığı olmadan icra edilə
bilməz. Bu, artıq reallıqdır. Azərbaycan bölgədə
sabitləşdirici rol oynayır. Bizim bütün təşəbbüslərimiz
regional əməkdaşlığın dərinləşməsinə
hesablanıbdır.
Bütün
təşəbbüslərimiz və
başladığımız bütün işlər
uğurla nəticələnir. Heç kim bir dənə də
olsun nümunə gətirə bilməz ki, bizim
başladığımız təşəbbüs, yaxud da
ki, layihə, ya iş uğursuzluqla nəticələnsin. Biz
qarşıya hədəf qoyuruq, məqsəd qoyuruq və bu
məqsədə çatmaq üçün ardıcıl
siyasət aparırıq. Bu gün Azərbaycan, sözün əsl
mənasında, öz inkişaf dövrünü
yaşayır. Bu inkişafın təməli 1993-2003-cü
illərdə qoyulmuşdur. 2003-cü ildə Azərbaycan
xalqı mənə etimad göstərərək, əslində
Heydər Əliyev siyasətinə öz dəstəyini
vermişdir. 2008-ci ildə isə Azərbaycan xalqı bir daha əmin
oldu ki, Heydər Əliyev siyasəti yaşayır, davam
etdirilir və bundan sonra da yaşayacaqdır.
Son
10 il ərzində biz xarici və daxili siyasətlə
bağlı irəli sürdüyümüz bütün təşəbbüsləri
reallaşdıra bildik. Bu gün Azərbaycan dünya
miqyasında böyük hörmətə malik olan ölkədir.
Bizim xarici siyasətlə bağlı
uğurlarımızı təsvir etmək, bu barədə
danışmaq üçün çox vaxt lazımdır.
Sadəcə bir misal gətirmək kifayətdir aydın olsun
ki, bu siyasət nə dərəcədə
uğurludur - Azərbaycan 155 ölkənin dəstəyi ilə
dünyanın ən ali, ən mötəbər qurumu olan BMT
Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Bu, xarici siyasətimizin zirvəsidir.
Azərbaycan
son on il ərzində iqtisadi sahədə misli görünməmiş
nailiyyətlərə çata bilmişdir. Dünyada iqtisadi
inkişaf templərinə görə bizim göstəricilərimiz
rekord göstəricilərdir. İqtisadiyyatımız
üç dəfədən çox artmışdır və
digər göstəricilər də yüksək səviyyədədir.
İşsizlik aradan götürülür, yoxsulluq 50 faizdən
6 faizə düşmüşdür. Yəni, bu, onu göstərir
ki, bəyan etdiyimiz siyasət reallaşır. Siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin
ədalətli şəkildə bölünməsi də əsas
prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini
əyani şəkildə görürük.
Azərbaycanda
icra edilən infrastruktur layihələri tamamilə yeni bir
şəraitin yaradılmasına gətirib
çıxarmışdır. Biz son illər ərzində
xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq.
Bu sahənin inkişafı nəticəsində cari ilin birinci
rübündə qeyri-neft sektorumuz 11 faizdən çox
artmışdır. Nə iqtisadi, nə maliyyə
böhranı bizə təsir etməmişdir. Biz öz
iqtisadi siyasətimizi ardıcıllıqla,
düşünülmüş şəkildə, qəbul
edilmiş proqramlar üzrə aparırıq. Bizim istər
xarici, istər daxili, istərsə də
apardığımız iqtisadi siyasət düzgün siyasətdir.
Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə
proseslər çox təhlükəli məcrada inkişaf
edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş
müharibələri bir tərəfdən, digər tərəfdən
müxtəlif bölgələrdə maliyyə və iqtisadi
böhran hələ ki bitmir. Onun yeni dalğası
başlanır. Biz görürük küçələrə
on minlərlə, yüz minlərlə insan axışır
ki, öz etirazını bu və ya digər formada ifadə
etsin.
Azərbaycan
bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla
iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda
iqtisadi siyasət möhkəm sosial siyasətlə
tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır,
açıqdır, aydındır və müstəqildir.
Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində
də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik
olmasaydı, əgər biz xarici kreditlərdən
asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik.
Müstəqillik ən böyük dəyərdir, ən
böyük sərvətdir. Müstəqillik o deməkdir ki,
xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan
xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər
boyu xalqımız müstəqillik eşqi ilə
yaşamışdır. Nəsillər gəlirdi, gedirdi.
Xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Bu gün
biz müstəqilik. Bizim nəinki atributlarımız,
sözün əsl mənasında, müstəqil, qüdrətli
dövlətimiz vardır. Biz fəxr edirik ki, müstəqil
Azərbaycanın vətəndaşlarıyıq. Ulu öndərin
məşhur kəlamı var, deyir: "Mən fəxr edirəm
ki, mən azərbaycanlıyam".
Biz
inamla irəliyə gedirik. Çünki son 20 il ərzində
- 1993-cü ildən bu günə qədər görülən
işlər deməyə əsas verir ki, biz bundan sonra da
uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük
planlarımız vardır. Bu planların bir hissəsi
artıq reallaşıb. Biz artıq kosmosa
qalxmışıq.
Azərbaycan
o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi
vardır. Yəni, bu reallıqları biz özümüz
yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti,
Heydər Əliyev siyasəti hesabına. Biz bu siyasətə
bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq.
Bu
gün Gül bayramında uşaqlarla
görüşürdüm. Uşaqlar məni əhatə
etmişdi, - hər il mən Gül bayramında uşaqlarla
görüşürəm, - biri yaxınlaşır nə isə
deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir
deyir ki, mən Sizi tanıyıram, cənab Prezident, Siz
Prezidentsiniz, - balaca uşaqlardır, 4-5 yaşında. Bir
qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən
Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz.
Bilirsiniz,
bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir.
Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır.
Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan
xalqının qəlbində yaşayır. Nə qədər
Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz - ulu öndərin
davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı
gücləndirəcəyik, müstəqilliyimizi
qoruyacağıq.
* * *
Sonra
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən film nümayiş etdirildi.
Daha
sonra ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş təntənəli
mərasimin bədii hissəsi oldu.
AzərTAc
Azərbaycan.-2013.- 11 may.- S.3,4.