Müasir müstəqil Azərbaycanın
qurucusu, ulu öndər Heydər Əliyevə
ümumxalq məhəbbəti
Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi tamam olmuşdur.
Hər il olduğu kimi, müstəqil və müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiram bildirmək üçün mayın 10-da səhər tezdən Fəxri xiyabana izdihamlı insan axınının ardı-arası kəsilmirdi. İnsanlar xalqımızın ümummilli liderinə, xilaskar oğluna məhəbbətlərini ifadə etmək üçün buraya gəlirdilər.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin şanlı yubiley günündə dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar ümummilli liderin məzarını ziyarət edərək xatirəsinə ehtiramlarını bildirirdilər.
Bu yubiley günündə Fəxri xiyabana gələn ziyarətçilər arasında gənclər daha çox üstünlük təşkil edirdilər. Bu isə təsadüfi deyildir. Axı xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə savadlı, bacarıqlı, Vətənini, millətini sevən gənclərə böyük hörmətlə yanaşmışdır. İstər XX əsrin 70-ci, istərsə də 90-cı illərində Heydər Əliyevin gənclərə diqqət və qayğısı çox yüksək səviyyədə olmuşdur. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində gənclər müstəsna rol oynayır.
Elə bu səbəbdən də Fəxri xiyabana gələn Azərbaycan Müəllimlər İnstitutunun I kurs tələbəsi Aydan XƏLİLZADƏ də ümummilli liderlə bağlı fikirlərini belə dilə gətirir: "Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrində tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Müasir Azərbaycanın qurucusu olan ümummilli lider ölkədə bütün sahələrdə olduğu kimi, elm və təhsilə də xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir.
Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda elmin və təhsilin əsas hamisi olmuşdur. Müdrik rəhbər Heydər Əliyev elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının formalaşdırılması üçün ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasətinin nəticəsi artıq real bəhrəsini verir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafı istiqamətində də ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanlı gənclərin ölkə daxilində və onun hüdudlarından kənarda təhsil almaları və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması, dünyagörüşlü bir gənc kimi yetişmələri üçün uğurlu layihələr həyata keçirilir və bu sahədə əldə olunmuş müsbət nailiyyətlər göz qabağındadır".
Ziyarətçi tələbənin Azərbaycan gəncliyinin, elm və təhsilinin inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin xidmətləri barədə fikirlərini Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin SEYİDZADƏ davam etdirərək demişdir: "Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həllini daim diqqətdə saxlayır, gənc nəslə böyük etimad bəsləyirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, gənclərlə bağlı dövlət proqramlarının qəbul olunması bu diqqət və qayğının, inam və etimadın parlaq təzahürləridir. Bütün bunlar gəncləri respublikanın ictimai-siyasi həyatında daha fəal iştiraka sövq edir, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldir.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu böyük diqqətin nəticəsidir".
Fəxri xiyabana üz tutan insanlar çox yaxşı bilirlər ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz üçün misilsiz işlər görmüş, xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Bu barədə düşüncələrini bölüşən paytaxt sakini Ülviyyə HEYDƏROVA deyir: "Bugünkü firavanlığı, müstəqil dövləti xalqımıza ulu öndər Heydər Əliyev bəxş etmişdir. Biz ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini heç vaxt unutmayacağıq. Heydər Əliyevin xatirəsini daim anmaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün ulu öndərin xatirəsi yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hörmət və ehtiramla yad edilir".
Ümummilli lider Heydər Əliyev uşaqlara da daim diqqət və qayğı, nəvazişlə yanaşırdı. Məhz ulu öndər tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ümummilli lider çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların sağlam, yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Ulu öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Tibb Universitetinin 1-ci uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə NAMAZOVA deyir ki, ümummilli lider Heydər Əliyev xalqın, dövlətin ən böyük və qiymətli sərvətinin uşaqlar olduğunu gözəl bilirdi. Buna görə də o, uşaqları öz həyatından çox sevirdi. "Əziz uşaqlar... Mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi, sizi də sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm", - deyən ümummilli lider hər zaman fidan balalara, onların təhsil almalarına və sağlam ruhda tərbiyəsinə böyük önəm verirdi.
Həmçinin Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, İlham Əliyev kimi davamçısını yetişdirmişdir. "Mən İlham Əliyevə özüm qədər inanıram", - deyən ulu öndərin bu etimadını layiqincə doğruldan İlham Əliyev çox praqmatik dövlət başçısıdır. Prezident İlham Əliyev də gələcəyimiz olan uşaqlara böyük qayğı ilə yanaşır, onların vətənpərvər ruhda böyümələri üçün əlindən gələni əsirgəmir. Həmçinin biz ulu öndərin həkimlərə, alimlərə göstərdiyi diqqət və qayğını bu gün dövlət başçısının timsalında da hiss edirik. Buna görə də Prezidentimizə minnətdarıq.
Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Bu insanlar bir daha özlərinin ümummilli liderinə, xilaskarına dərin ehtiramını ifadə etmək üçün buraya gəlirdilər.
"Mən bu gün Fəxri xiyabana ürəyimin istəyi ilə gəlmişəm", - deyən Neftçala şəhər sakini, gənc müəllim Ömər AXUNDOV bildirir: "Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında xüsusi xidmətləri vardır. Sovetlər dönəmində və müstəqillik illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük təşəbbüslər göstərmişdir. Qüdrətli Azərbaycan ulu öndərin ən böyük arzusu idi. Xalqımızın dahi oğlunun istəyi artıq reallığa çevrilmişdir. Bu gün Azərbaycan bölgənin lider dövləti, dünyada söz və nüfuz sahibidir. Qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyat və fəaliyyəti bizim üçün örnəkdir. Heydər Əliyev kimi dahi insanın həyat yolu və dövlətçilik fəaliyyəti əslində böyük həyat məktəbidir. Ulu öndərin xatirəsi qəlbimizdə daim yaşayır və yaşayacaqdır".
Sumqayıt şəhər sakini Kifayət MUSTAFAYEVA da Fəxri xiyabana ziyarətə gələnlər arasındadır. O, AzərTAc-a müsahibəsində demişdir: "Azərbaycanın inkişafında və dünyada tanınmasında böyük xidmətləri olan ulu öndərə Allahdan rəhmət diləyirik. Tarixin sınaqlarından xalqların uğurla çıxmasında şəxsiyyətlərin mühüm rolu vardır. Ümummilli lider bizi ən çətin sınaqlardan üzüağ çıxarmışdır. Azərbaycanın dinamik inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Əsrlər keçsə də, onun xatirəsi həmişə hörmətlə yad ediləcəkdir".
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaltmışdır. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
Ümummilli
liderin məzarını ziyarət etmək üçün Fəxri
xiyabana neftçilərin də çoxsaylı nümayəndələri
gəlmişdir. Neftçi Baxış AĞAYEV deyir:
"Müstəqil Azərbaycanın iqtisadi inkişafında
ulu öndərin neft strategiyasının böyük rolu
olmuşdur. Təməli "Əsrin müqaviləsi"nin
imzalanması ilə qoyulan bu strategiya Azərbaycana xarici
investisiya axınına imkan yaratmış, iqtisadiyyatın
dirçəldilməsinə, əhalinin sosial rifah
halının yaxşılaşmasına, bölgələrin
inkişafına təkan vermişdir. İndi Azərbaycan təkcə
özünün deyil, həm də Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. Ulu öndərin adını
daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri bizim hasil
etdiyimiz "qara qızıl"ı dünya bazarlarına
çatdırır. Bütün bu uğurlarımıza
görə ulu öndərin xatirəsi qarşısında
ehtiramla baş əyirik".
...Ümummilli
lider Heydər Əliyevin 90 ilik yubileyi ilə bağlı Fəxri
xiyabanda ulu öndərin məzarını ümumxalq ziyarəti
axşamdan xeyli keçənədək davam etmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 11 may.- S.5.