Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi
münasibətilə ulu öndərin adını
daşıyan sarayın qarşısındakı parkda Gül
bayramı təşkil edilmişdir
Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyi münasibətilə
paytaxtımızda, ulu öndərin adını
daşıyan sarayın qarşısındakı parkda
möhtəşəm Gül bayramı təşkil
edilmişdir.
AzərTAc
xəbər verir ki, səhər tezdən başlayaraq
paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin
qonaqları da dünyanın bir sıra ölkələrindən
gətirilmiş gül-çiçəklə bəzədilmiş
parkı həvəslə ziyarət edirlər.
Bakı
Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu
bayramda çiçək və bitkilərdən, yarpaqlardan
hazırlanmış rəngarəng kompozisiyalar
görünüşü və ifadəliliyi ilə
seçilir, ziyarətçilərdə xoş ovqat
yaradır.
Nağıllar
və gözəllik aləmini xatırladan parkın
girişinə çiçəklərlə bəzədilmiş
qala qapıları formasında quraşdırılmış
tağlar xüsusi yaraşıq verir.
Müstəqil
dövlətimizin xilaskarı və qurucusu,
xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli
abidəsinin ətrafı gül-çiçəyə qərq
olmuş, postament ağ güllərlə
hörülmüşdür.
Sakinlər
başdan-başa bahar ətirli güllərə qərq
olmuş parkın gözəlliyini seyr edərək burada xatirə
şəkilləri çəkdirirlər.
Parkda
gəzintiyə çıxanlar sırasında hər
yaşdan, müxtəlif millətlərdən
olan insanları görmək mümkündür.
Parkdakı
al-əlvan gül-çiçək çələnglərinə
tamaşa edərkən bir daha bu bayramın Heydər Əliyev
şəxsiyyətinə və dühasına xalq məhəbbətinin
və minnətdarlığının böyük təntənəsi
olduğunu hiss edirsən. Parkboyu sərgilənmiş gül
kompozisiyaları, onlardan hörülmüş fiqurlar,
dünyanın fərqli yerlərindən paytaxta gətirilmiş
nadir çiçəklər və bitkilər, tətbiqi sənət
nümunələri, rəsm, plakat, panno və müxtəlif əl
işləri hamını heyran edir.
Gül
bayramında Nəsimi rayonundakı təhsil müəssisələrinin
hazırladıqları çoxsaylı əl işləri
nümayiş etdirilir. Bu işlərdə 50 mindən
artıq güldən istifadə edilmişdir. Həmin işlərin fonunda gül
bayramı açıq havada
düzəldilmiş əsrarəngiz muzey təəssüratı
yaradır.
Rayonun
ali, orta ixtisas və ümumi təhsil məktəblərinin,
səhiyyə müəssisələrinin, uşaq
yaradıcılıq mərkəzinin şagirdlərinin
müxtəlif çiçək və güllərdən,
bitkilərdən hazırladıqları rəngarəng
tablolar, applikasiyalar Bakı sakinlərinin və şəhərimizin
çoxsaylı qonaqlarının diqqətini daha çox cəlb
edir.
Bakı
şəhərinin orta məktəblərinin təqdim etdikləri
güldən kompozisiyalar xüsusi maraq doğurur. Bu əsərlər
yaradıcılarının böyük istedadından və
özünəməxsus fantaziyasından xəbər verir.
Parkdakı
fəvvarələr güllərlə bəzədilmiş,
gözəl və rəngarəng gül kompozisiyaları,
müxtəlif fiqurlar arasında ümummilli lider Heydər Əliyev
və görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyeva ilə bağlı əl işləri də
yer almışdır.
Burada
müxtəlif dibçək və kəsilmə güllərdən,
qurudulmuş gül və bitki kollarından, gözoxşayan
eksponatlardan ibarət sadə və eyni zamanda orijinal üslublu
kompozisiyalar qurulmuşdur.
Bu
ürəkaçan mənzərəni heyranlıqla seyr edərkən
bir daha əmin olursan ki, ulu öndər Heydər Əliyevin təbiətə,
gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla
bağlı tövsiyələri bu gün də böyük
hörmət və məhəbbətlə xatırlanır.
Çünki builki gül bayramında hər yan göz
oxşayır, hər tərəf al-əlvan rəngə
bürünmüşdür. Boyaların, rənglərin
gözəlliyi bu məkanı ziyarət edən hər kəsdə
xoş ovqat yaradır.
Parkdakı
kompozisiyalar insanları dönə-dönə ayaq
saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə
güllərin, çiçəklərin gözləri ilə
baxmağa vadar edir. Maraqlısı odur ki, minlərlə
çiçəyin bir arada toplandığı bu məkanda
heç nə bir-birini təkrarlamır.
Şəhər
sakini Nigar Zamanzadə deyir: Belə bir xoş ənənə
ümummilli liderin adını əbədiləşdirəcəkdir.
Çünki bu bayram nəinki dahi şəxsiyyət Heydər
Əliyevin əziz xatirəsinə ümumxalq
ehtiramının təntənəsidir, həmçinin
gözəl paytaxtımızı əlvan və rəngarəng
güllərlə, çiçəklərlə boyayır.
Güllərlə
bəzədilmiş bu rəngarəng parkda gəzintiyə
çıxan digər paytaxt sakini Mirzə Paşayev də digərləri
kimi rəngarəng gül kompozisiyalarına tamaşa edərkən
öz heyrətini saxlaya bilmir. Deyir ki, hər il məhz bu
günü səbirsizliklə gözləyirik. Çünki
hər il Gül bayramının ümumxalq təntənəsi
ilə qeyd edilməsi ölkəmizin inkişafı,
paytaxtımızın getdikcə gözəlləşməsindən
əlavə, insanların qəlbində əsl bahar ovqatı
yaradır. Təsadüfi deyildir ki, bu möhtəşəm
bayramı seyr etmək üçün şəhərimizi
ziyarətə gələn xarici qonaqların da sayı ildən-ilə
artmaqdadır.
Azərbaycan
xalqının ümummilli liderinin abidəsinin
ucaldığı parkda gül bayramının təşkil
olunması dahi şəxsiyyətin ruhuna ehtiram əlaməti
olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş
istirahətinin təşkili baxımından da gözəl
addımdır.
Azərbaycan.-2013.- 11 may.- S.5.