Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş simpozium «Vestnik Kavkaza» informasiya-analitik agentliyində işıqlandırılmışdır

 

"Vestnik Kavkaza" informasiya-analitik agentliyi mayın 7-də Berlindəki "Adlon" hotelində keçirilmiş tədbir haqqında analitik material dərc etmişdir.

Məlum olduğu kimi, çərşənbə axşamı bu hoteldə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş simpozium keçirilmişdir.

Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə  keçirilmiş simpoziumun əsas mövzusu birləşmiş Avropanın Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlıq şanslarının və perspektivlərinin təhlili olmuşdur.

Agentlik yazır ki, Almaniya ictimaiyyətinin ciddi marağına səbəb olmuş simpoziumda Almaniya siyasətinin tanınmış simaları - xarici işlər naziri Gido Vestervelle, Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ettinger, habelə AFR-in keçmiş xarici işlər naziri, Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşdirilməsi məsələsində müstəsna xidmətlərinə görə bütün ölkədə böyük hörmət qazanmış Hans-Ditrix Genşer iştirak etmişdir.

Nəşrdə qeyd edilir ki, Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov tədbirdə giriş nitqi söyləmişdir. Azərbaycanın iqtisadi, xarici və daxili siyasətinin hələ keçən əsrin 90-cı illərində Heydər Əliyev tərəfindən işlənib hazırlanmış konsepsiyasının əsas istiqamətlərini ətraflı işıqlandıran P.Şahbazov tədbirdə iştirak edənlərə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə, o cümlədən Qərbi Avropada özünün əsas tərəfdaşı olan AFR ilə energetika sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri barədə məlumat vermişdir. Tədbirin gedişində Azərbaycan səfiri ilə AFR XİN-in rəhbəri, bu il martın ortalarında Bakıda rəsmi səfərdə olmuş Gido Vestervelle arasında qeyri-rəsmi görüş olmuşdur. Səfir və nazir ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparmışlar. Pərviz Şahbazov almaniyalı naziri Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş fotosərginin eksponatları ilə tanış etmişdir.

Azad Demokratlar Partiyasından (FPD) Bundestaqın deputatı, eyni zamanda, Almaniya-Azərbaycan Forumunun təmsilçisi olan Xelqa Daub Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında Heydər Əliyevin xüsusi rolunu vurğulayaraq tədbir iştirakçılarına respublikamızın iqtisadi uğurları və hələ tam üzə çıxarılmamış turizm potensialı barədə məlumat vermişdir. Almaniyalı deputat Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniyanın birləşdirilməsi faktları arasında tarixi paralellər apararaq vurğulamışdır ki, Qərbi Almaniyadan kömək alan Almaniya Demokratik Respublikasından fərqli olaraq, Azərbaycan öz inkişaf yolunu müstəqil şəkildə, kənardan heç bir kömək almadan keçməli olmuşdur. Deputat öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirmiş, Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı məsələsini beynəlxalq hüququn normaları və ərazi bütövlüyü prinsipləri əsasında, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq həll etməyə çağırmışdır.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ettinger simpoziumun 350-dən çox iştirakçısı qarşısında çıxış edərək bildirmişdir ki, hazırda Avropa İttifaqı ölkələrində istehsal edilən qaz indi bu ölkələrin qaza tələbatının yalnız üçdə bir hissəsini təmin edir. Eyni zamanda, Avropada qaz hasilatı durmadan azalır. Avropa komissarı demişdir: "20 ildən sonra bu ehtiyatlar tükənəcəkdir. Buna görə də Avropa İttifaqı qaz təchizatı mənbələrinin şaxələndirilməsi üzrə öz strategiyasını fəal inkişaf etdirməlidir. Bu strategiya bir tərəfdən Avropa İttifaqı enerji təhlükəsizliyini, digər tərəfdən qazın rəqabətə əsaslanan məqbul bazar qiymətlərini təmin etməlidir. Bu baxımdan Azərbaycan Avropa İttifaqı üçün istər Xəzər regionunda, istərsə də bu regionun hüdudlarından kənarda ən zəngin qaz yataqlarına yol aça bilər".

Günter Ettinger Brüsseldə işlədiyi üç il müddətində Azərbaycan Prezidentinin və onun hökumətinin üzvlərinin nümayiş etdirdiyi peşəkarlığa və işgüzarlığa görə onlara təşəkkürünü bildirmişdir. Avropa komissarı demişdir: "Azərbaycan hökuməti öz qazını Avropaya satmağı qərara almışdır. Hesab edirəm ki, bu qərar Azərbaycan üçün sərfəlidir. Çünki Avropa bazarında qaz üçün ən yüksək və sabit qiymətlər təklif edilir. Digər tərəfdən, Avropa enerji layihələri kontekstində Xəzər regionunda investisiya imkanları əldə edir. Eyni zamanda, biz yeni, müstəqil və genişlənmə potensialı olan boru kəmərlərinə ümid edirik".

AFR-in keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycan dövlətinin təşəkkülündə Heydər Əliyevin tarixi rolundan söhbət açaraq qeyd etmişdir ki, Heydər Əliyev hələ sovet dövründə azərbaycanlıların etnik və mədəni identikliyini gücləndirmək, gənc nəslin tarixi şüurunu oyatmağın qayğısına qalmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bütün bunlar gənc dövlətin uğurla inkişaf etməsində mühüm rol oynamışdır.

Genşerin sözlərinə görə, son 20 ildə Azərbaycanın ən sanballı uğurlarından biri ondan ibarət olmuşdur ki, Azərbaycan məsuliyyət, dialoq və kooperasiya siyasəti yeritməyi qərara almışdır. Siyasətçi demişdir: "Ölkə ərazisinin işğalının davam etməsini, bu işğalın xalqın şüurunda silinməz izlər qoyduğunu nəzərə alsaq, bu qərarın qəbul edilməsi heç də asan olmamışdır. Lakin bu gün biz məmnuniyyətlə deyə bilərik ki, Azərbaycan bütün region miqyasında sabitlik və məsuliyyətli xarici siyasət amilinə çevrilmişdir".

Genşer Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq Almaniyanın Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirmişdir: "Biz almanlar yaxın tərəfdaşımız olan Azərbaycanın ərazisində öz hüquqlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirə bilməsi üçün əlimizdən gələni edəcəyik".

Sabiq nazir əmin olduğunu bildirmişdir ki, Avropa İttifaqı daxilində Almaniyanın Qarabağ münaqişəsi məsələsində məsuliyyəti daha aşkar ifadə olunacaqdır. Genşer demişdir: "Əgər Almaniya-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini qiymətləndirməli olsaq, deyə bilərik ki, bu münasibətlər keyfiyyətcə strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni sözləri Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri barəsində də söyləmək olar. Buna görə də Azərbaycan haqlı olaraq ümid edir ki, biz Qarabağ münaqişəsinin dinc yolla  həll edilməsi üçün səylərimizi artıracağıq".

"Vestnik Kavkaza" nəşri göstərir ki, bu tədbir təkcə siyasətçilər, diplomatlar, alim və ekspertlər tərəfindən deyil, həm də Almaniya KİV-lərinin nümayəndələri tərəfindən maraqla qarşılanır.

Simpoziumun iştirakçıları arasında gündəlik "Frankfurter Allgemeine Zeitung", "Süddeutsche Zeitung", "Die Zeit" nəşrlərinin, habelə "Der Spiegel", "Business & Diplomacy" və "Diplomatisches Magazin" jurnallarının əməkdaşlarını qeyd etmək olar.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2013.- 11 may.- S.7.