Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat olimpiadasının qalibləri mükafatlandırılmışlar

 

Mayın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat olimpiadasının qaliblərinə  mükafatlar təqdim olunmuşdur.

Olimpiada Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və ADİU-nun təşkilatçılığı ilə keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzmüşlər.

Qaliblərin mükafatlandırılması mərasimində ADİU-nun rektoru, Milli Məclisin  Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, müasir dövrdə idman və bədən tərbiyəsinin inkişafı hər bir dövlətdə insanların, xüsusən gənclərin sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genofondun qorunub saxlanılması baxımından son dərəcə mühüm vasitə sayılır. Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan uğurlar respublikada şahmata göstərilən marağı daha da artırmışdır.

Diqqətə çatdırılmışdır ki, bütün bu uğurlar ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın intellektual səviyyəsini nümayiş etdirən şahmata yüksək qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi buna bir daha əyani sübutdur.

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiadanın keçirilməsi münasibətilə təşkilatçıları və qalibləri təbrik etmiş, ulu öndərin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına diqqət və qayğısından danışmışdır.

Əli Əhmədov diqqətə çatdırmışdır ki, ümummilli liderin diqqət və qayğısı sayəsində ölkəmizdə şahmat məktəbləri yaradılmış, peşəkar şahmatçılar hazırlanmışdır. İnanıram ki, bu yarışlarda iştirak edən istedadlı şahmatçılar üzə çıxarılacaq və həmin gənclər gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və birliyin ofisinin rəhbəri Sərraf Hüseynov qalibləri təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.

Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 11 may.- S.8.