Xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
silsilə tədbirlər keçirilmişdir
BƏƏ
Birləşmiş
Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
xalqımızın ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyi ilə əlaqədar təntənəli tədbir
keçirmişlər.
Dubayda
fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin
sədri Samir İmanov AzərTAc-a bildirmişdir ki, tədbirdə
Azərbaycandan, Türkiyədən və müxtəlif ərəb
ölkələrindən qonaqlar iştirak etmişlər.
S.İmanov
tədbirdə çıxış edərək Heydər Əliyevin
keçdiyi şərəfli həyat yolu barədə ətraflı
məlumat vermiş, Azərbaycanın son 30 ildən çox
dövlətçilik tarixinin ulu öndərin adı ilə
bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki,
müstəqilliyinin ilk illərində Azərbaycan vətəndaş
müharibəsi ilə üz-üzə qalmış, ölkədəki
böhran daha da dərinləşmişdir.
Belə bir ağır vəziyyətdə xalq öz
xilaskarına müraciət etmişdir. Xalqının təkidli
tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev
Azərbaycanı parçalanmaqdan qurtarmış, ölkədə
ictimai-siyasi sabitlik yaratmış, iqtisadi inkişafa nail
olmuşdur. Ümummilli liderin müdrikliyi sayəsində Azərbaycan
dünyada öz layiqli yerini tutmuşdur.
Vurğulanmışdır ki, ulu öndərin siyasi kursu bu
gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə
davam etdirilir və bunun nəticəsində Azərbaycan daha
böyük uğurlara imza atır. Bu gün Azərbaycan
dünyada tolerantlıq nümunəsi kimi tanınır.
Paytaxt Bakıda mədəniyyətlərarası, dinlərarası
dialoqla bağlı beynəlxalq tədbirlər, iqtisadi forumlar
keçirilir.
BƏƏ-nin
nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalələr
dərc olunmuşdur. "Əl-İttihad" qəzeti Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi ərəfəsində Milli Məclisdə qəbul
olunmuş amnistiya aktına xüsusi yer vermişdir. Qəzet
yazır ki, ulu öndərin yubileyi ərəfəsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə elan olunmuş amnistiya aktı ilə minlərlə
insan azadlığa qovuşmuşdur. Azad olunacaq təqribən
2 minə yaxın məhbusun əksəriyyəti qadınlar,
yaşlı insanlar və əlillərdir. Daha 7000 məhbusun
cəzası isə yüngülləşdirilmişdir.
Qəzet
Mehriban xanım Əliyevanın parlamentdə söylədiyi
fikirlərə də xüsusi yer vermişdir.
Tədbirlərdən
hazırlanmış material və Azərbaycan haqqında məqalə
ilə bu linklərdə tanış olmaq
mümkündür:
http://www.albayan.ae/five-senses/last-page/2013-05-09-1.1879796
http://www.alittihad.ae/details.php?id=45090&y=2013
Argentina
Argentinanın
La Plata Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin 90 illiyi münasibətilə "Heydər Əliyev
və müasir Azərbaycanın qurulması" adlı
kitabın təqdimatı keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, tədbir universitetin Beynəlxalq
Əlaqələr İnstitutunun Azərbaycanşünaslıq
kafedrasının, Azərbaycanın Argentinalı Dostları
Klubunun və Azərbaycanın Argentinadakı səfirliyinin
birgə təşkilatçılığı ilə
reallaşdırılmışdır.
Beynəlxalq
münasibətlər üzrə argentinalı tədqiqatçı
və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr
İnstitutunun professoru Paulo Bottanın müəllifi olduğu
bu kitab ulu öndər Heydər Əliyevin keçdiyi
şanlı həyat yoluna, sovetlər dövründə Azərbaycanın
inkişafındakı xidmətlərinə, müstəqilliyin
bərpasından sonra ölkəmizin üzləşdiyi
mürəkkəb şəraitdə ictimai-siyasi sabitliyin bərqərar
olunmasında dahi şəxsiyyətin roluna, ölkəmizin
inkişafı və beynəlxalq sistemə inteqrasiya edilməsi
istiqamətindəki strategiyasına həsr olunmuşdur.
Kitabda
ümummilli liderin Azərbaycanda prezidentliyi dövrü ölkəmizdəki daxili
ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması,
uğurlu neft strategiyası, beynəlxalq təşkilatlarla əməkdaşlıq
mövzuları kontekstində təhlil olunur və ulu öndərin
bir sıra tarixi nitqləri müəllifin şərhləri
ilə oxuculara təqdim olunur.
Təqdimat
mərasimində kitabın müəllifi professor Paulo Botta,
Argentina Milli Konqresinin Deputatlar Palatasının Argentina-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Roberto Moullieron, La
Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr
İnstitutunun direktoru Norberto Consani, Azərbaycanın
Argentinalı Dostları Klubunun sədri Xorxe Kolombre Marmol və
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətləri,
ölkəmizin inkişaf strategiyası və regional siyasətdəki
önəmli rolu barədə danışmışlar.
Tədbirdə
Argentina rəsmiləri, parlamentin deputatları, diplomatik
korpusun üzvləri, jurnalistlər, Azərbaycan və Qafqaz
üzrə tədqiqatçılar və tələbələr
iştirak etmişlər.
Təqdimat
mərasimində ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunmuş fotosərgi
nümayiş etdirilmişdir.
Pakistan
Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı Pakistanın Ticarət və Sənaye
Palatasında toplantı keçirilmişdir.
Tədbirdə
Kayde Azam, Preston, Müasir Dillər və Pakistan Milli
universitetlərinin rektorları, Milli kitabxananın direktoru,
"Diplomatic Insight",
"Diplomatic Star" və "Centreline"
jurnallarının, "Daily Times", "Pakistan Observer"
və "The News" qəzetlərinin baş redaktorları,
tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər.
Palatanın
sədri Zəfər Bəxtəvari Pakistan-Azərbaycan
münasibətlərinin qurucusu olan görkəmli dövlət
xadimi Heydər Əliyevin ikitərəfli iqtisadi və ticarət
əlaqələrinin inkişafına verdiyi töhfələrdən
danışmışdır. Bildirmişdir ki, məhz Heydər
Əliyevin dəstəyi ilə iqtisadi əlaqələrin
hüquqi normativ bazasını təşkil edən sazişlər
paketi imzalanmış, ikitərəfli hökumətlərarası
komissiya təsis edilmiş, Bakı-Kəraçi hava əlaqəsi
qurulmuş, sadələşdirilmiş rejimdə gediş-gəlişin
təşkili üçün konsulluq sazişi
hazırlanmış, Pakistan Milli Bankının Bakıda
filialı açılmış və digər tədbirlər
görülmüşdür. Məhz bu siyasətin nəticəsində
onlarca Pakistan şirkəti və mütəxəssisi
hazırda Azərbaycanda fəaliyyət göstərir, ölkələrarası
ticarət inkişaf etməkdədir.
Z.Bəxtəvari
Heydər Əliyevin təməlini qoyduğu iqtisadi
islahatların, neft strategiyası nəticəsində Azərbaycanın
dünyanın ən dinamik inkişaf edən ölkələri
sırasında olduğunu vurğulamışdır.
Palatanın
sədri hər il Bakıya səfər etdiyini və hər dəfə
də onu heyrətə gətirən dəyişikliklərin
şahidi olduğunu vurğulamışdır.
Azərbaycanın
Pakistandakı səfiri Daşqın Şikarov ulu öndər
Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin
inkişafında əvəzsiz rolundan danışmışdır.
Bildirmişdir ki, Heydər Əliyevin 1995-ci və 1996-cı
illərdə müvafiq olaraq Pakistanın Prezidenti və
Baş naziri ilə görüşləri əməkdaşlığımızın
dərinləşməsi baxımından əhəmiyyətli
olmuşdur.
Səfir
hökumətlərarası iqtisadi komissiyanın təşkilinin
və həmin komissiyanın artıq 5 iclasının
keçirilməsinin də bu əlaqələrə təkan
verən amillərdən olduğunu
vurğulamışdır.
Azərbaycanın
ümummilli liderinin ideyaları haqqında danışan
D.Şikarov Prezident İlham Əliyevin həmin ideyaları
layiqincə davam etdirdiyini vurğulamışdır. Bildirmişdir
ki, məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan dünyada ən yüksək templərlə
inkişaf edən dövlətlərdən birinə
çevrilmişdir.
Preston
Universitetinin rektoru professor Abdul Basit, Sənaye və Ticarət
Palatasının baş katibi Məcid Şabir ulu öndər
Heydər Əliyevin müasir Azərbaycanın
inkişafı, Pakistan-Azərbaycan münasibətlərinin
qurulması və inkişaf etdirilməsi yolundakı xidmətlərindən
danışmışlar.
Tədbirin
iştirakçılarına yenidən çap olunmuş
"Heydər Əliyev - Azərbaycanın ümummilli
lideri" kitabı paylanmışdır.
Türkiyə
Türkiyənin
böyük şəhərlərində olduğu kimi, Əskişəhərdə
də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illiyi ilə bağlı silsilə tədbirlər
keçirildi.
Anadolu
Universitetində keçirilən ilk tədbirdə əvvəlcə
Türkiyədə çalışan azərbaycanlı rəssamların
əsərlərindən ibarət sərginin
açılışı oldu. Sərginin
açılışında Azərbaycan Milli Məclisinin
deputatı, Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman
Əmiraslanov, İdarəçilik Akademiyasının
prorektoru, professor Əlikram Abdullayev, İqtisad Universitetinin
prorektoru, professor Damət Bağırov, Slavyan Universitetinin
prorektoru, professor Asif Hacıyev iştirak etdilər. Yubiley tədbirini
giriş sözü ilə açan Anadolu Universitetinin rektoru,
professor Davud Aydın dedi ki, Heydər Əliyev yalnız Azərbaycan
üçün deyil, bütövlükdə türk
dünaysı üçün böyük tarixi xidmətlər
göstərmişdir. Sonra Milli Məclisin deputatı, Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Bakı
Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Osman
Qazi Universitetinin professoru Tamella Əliyeva və Azərbaycanın
Türkiyədəki səfirliyinin nümayəndəsi Nəcibə
Nəsibova çıxış edərək ulu öndərin
şərəfli ömür yolundan, ictimai-siyasi fəaliyyətindən
söz açdılar. Professor Tamella Əliyeva Heydər Əliyevin
"Bir millət, iki dövlət" ifadəsini Yunus İmrənin
"Sevəlim, seviləlim; Dünya kimsəyə qalmaz"
fikri ilə müqayisə edərək bildirdi ki, filosof
şair Yunus İmrənin bu sözləri UNESCO-nun
divarına, dünya şöhrətli siyasətçi Heydər
Əliyevin "Bir millət, iki dövlət" sözləri
isə bütün türk dünyasının tarixinə
qızıl hərflərlə yazılmışdır.
Tədbirin
sonunda universitetdə yaradılmış Heydər Əliyev
Muzeyinin açılışı oldu. Muzeylə
tanışlıq zamanı Türkiyənin müxtəlif
bölgələrindən və Azərbaycandan gələn
siyasi xadimlər, habelə universitet müəllimləri ulu
öndər Heydər Əliyevin
həyat və fəaliyyətindən söz açaraq onun Azərbaycan
dövləti və xalqı üçün
gördüyü böyük işlərdən
danışdılar.
Toplantıda
Azərbaycan səfirliyi ilə Azərbaycan Təhsil Nazirliyinin
birgə təşəbbüsü
ilə keçirilən "Heydər Əliyev haqqında nə
bilirik?" yazı müsabiqəsinin qalibləri elan olundu. Osman
Qazi Universitetinin qarşılaşdırmalı ədəbiyyat
fakültəsinin IV kurs tələbəsi Cihan Takıcı
birinci yerə, iqtisadi və idari bilimlər fakültəsinin
I kurs tələbəsi Zülbiyə Büyükak ikinci, həmin
fakültənin III kurs tələbəsi Gözdə
Qaradağ isə üçüncü yerə
çıxaraq Azərbaycan Təhsil Nazirliyi tərəfindən
müxtəlif mükafatlara layiq görüldülər.
T.ƏLİYEVA,
"Azərbaycan" qəzetinin
Türkiyə təmsilçisi
Əskişəhər
Braziliya
Azərbaycanın Braziliyadakı səfirliyində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş tədbir keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, tədbirdə Braziliyanın
xarici işlər nazirinin müavini Hadil da Roşa Vianna,
parlamentin Deputatlar Palatasının Xarici əlaqələr və
milli müdafiə komitəsinin prezidenti Nelson Pellegrino, deputat
Klaudio Kajado, habelə xarici ölkələrin səfirləri,
dövlət qurumlarının və akademik dairələrinin
nümayəndələri iştirak etmişlər.
Səfir
Elnur Sultanov ümummilli lider Heydər Əliyevin şərəfli
həyat yolu və fəaliyyəti haqqında məlumat verərək
ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz
xidmətlərindən, respublikamızda ictimai-siyasi sabitliyin bərqərar
olunmasında, davamlı iqtisadi inkişafın təmin edilməsində,
milli maraqlara cavab verən xarici siyasət kursunun müəyyənləşdirilməsində,
Azərbaycanın neft strategiyasının həyata
keçirilməsində misilsiz rolundan
danışmışdır.
Sonra
qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş filmə baxmış və fotosərgi ilə
tanış olmuşlar.
Sonda
isə braziliyalı musiqiçi Bernardo Bitenkurt tar və
udda Azərbaycan musiqi
parçalarını ifa etmişdir.
Rumıniya
Mayın
10-da Buxarestdə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə tədbir
keçirilmişdir.
Azərbaycanın
Buxarestdəki səfirliyindən AzərTAc-a bildirmişlər
ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı
nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin,
Rumıniya-Azərbaycan Sənaye və Ticarət
Palatasının, Rumıniya-Azərbaycan Gənclər və
Mədəniyyət Assosiasiyasının təmsilçiləri,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
Rumıniya nümayəndəliyinin kollektivi və bu ölkədə
təhsil alan azərbaycanlı tələbələr və
başqaları iştirak etmişlər.
Buxarestdəki
Tey Parkı - Heydər Əliyev xiyabanına toplaşan tədbir
iştirakçıları əvvəlcə ulu öndərin
xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru
İqbal Hacıyev vurğulamışdır ki, Azərbaycan
xalqının yetişdirdiyi dahi şəxsiyyət,
ümummilli lider hələ SSRİ dövründə ölkəmizə
rəhbərlik edərək uzaqgörənliyi ilə
doğma Vətəni və xalqının rifahı
üçün misilsiz xidmətlər göstərmişdir.
Tədbirdə
çıxış edənlər müstəqil Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsində,
ölkəmizdə dinamik iqtisadi-sosial inkişafın təmin
olunmasında, regionda və beynəlxalq aləmdə ölkəmizin
mövqelərinin gücləndirilməsində,
respublikamızda demokratik, hüquqi və vətəndaş cəmiyyətinin
yaradılmasında və dünyəvi dəyərlərə
inteqrasiya sahəsində ulu öndər Heydər Əliyevin
apardığı cəsarətli siyasətin nəticələrindən
danışmış və bu siyasətin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə
davam etdirildiyini diqqətə çatdırmışlar.
Sonda
ümummilli liderin büstünün önünə əklillər
və tər çiçəklər qoyulmuş, ulu öndərin
əziz xatirəsinə yüksək hörmət və
ehtiram ifadə edilmişdir.
Azərbaycan.-2013.- 11 may.- S.9.