Milli maraqlar hər şeydən ucadır
Prezident İlham Əliyevin
yürütdüyü xarici siyasətin ana xəttini bu
prinsip təşkil edir
Azərbaycan
milli müstəqilliyini bərpa edəndən bəri
zaman-zaman bilavasitə xaricdən qaynaqlanan ağır
sınaqlarla üzləşmiş, bəzi hallarda suveren
dövlət "olum, ya ölüm" dilemması ilə
qarşı-qarşıya qalmışdı. Ölkənin
azad inkişaf yolu seçməsi, öz taleyini
özünün müəyyənləşdirmək əzmi,
ən başlıcası isə, zəngin təbii sərvətlərə
malik olması və əlverişli coğrafi məkanda yerləşməsi
bədxah qüvvələrdə qısqanclıq yaradır,
onlara rahatlıq vermirdi. Xüsusilə dövlət müstəqilliyinin
ilk dövrü, daha doğrusu, ötən əsrin son onilliyi
bu baxımdan son dərəcə mürəkkəb
ictimai-siyasi proseslərlə yadda qaldı.
Müstəqillik
yoluna qədəm qoyar-qoymaz xarici hərbi təcavüzə məruz
qalan, ümummilli böhran içində çapalayan ölkənin
gələcəyi sual altında idi. Kənardan təzyiqlər
səngimir, daxili ictimai-siyasi vəziyyət getdikcə gərginləşirdi.
Təcrübəli dövlət xadimi Heydər Əliyevin
siyasətə qayıdışı ilə cəmiyyətdə
əhval-ruhiyyə tamamilə dəyişdi, sabaha inam
yarandı. Lakin təxribatlar, ölkəni müstəqil
inkişaf yolundan sarpdırmaq, yenidən maraqlı xarici dairələrin
təsiri altına salmaq cəhdləri ara vermirdi. Gənc
dövlətin böhrandan çıxmaq üçün
atdığı hər addım qəzəblə qarşılanırdı.
Müstəqil Azərbaycanın xarici aləmlə birbaşa
iqtisadi-ticarət əlaqələri qurmaq, alternativ
kommunikasiyalar yaratmaq istiqamətində göstərdiyi səylər
düşmən cəbhəsini xüsusilə
qıcıqlandırırdı.
1994-cü
ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasından
dərhal sonra bədxahlarımız hərəkətə
keçdilər. Bir-birinin ardınca dövlət
çevrilişi cəhdləri baş verdi, müxtəlif bəhanələrlə
dövlətlərarası sərhədləri bağlayıb
Azərbaycanı çətin vəziyyətə salmaq istədilər.
Amma bütün bu bədnam planlar uğursuzluğa dücar
oldu. Prezident Heydər Əliyev hər dəfə siyasi qətiyyət
nümayiş etdirdi, kritik məqamlarda bir addım belə geri
çəkilmədi, milli maraqları hədəf alan zərbələri
məharətlə dəf etdi. Özü də nəzərə
almaq lazımdır ki, o vaxt gənc Azərbaycan dövləti
hələ təzəcə özünə gəlirdi,
qolu-qanadı bərkiməmişdi, böhrandan yenicə
çıxırdı. Bununla belə, çoxlarına
aydın oldu ki, rəsmi Bakı ölkənin milli mənafeyinə
ziyan vura biləcək hər bir hərəkətə adekvat
reaksiya verəcək.
Bütün
normal dövlətlər ilk növbədə qonşuları
ilə mehriban münasibətlər saxlamağa can atır. Bu,
Azərbaycan dövlətinin yeritdiyi xarici siyasətin də
prioritet istiqamətlərindəndir. Amma qonşular arasında
da zaman-zaman anlaşılmazlıqlar olur, müəyyən
problemlər ortaya çıxır. Lakin Azərbaycan heç
vaxt bu cür problemlərin səbəbkarı
olmamışdır. Dövlətimiz həmişə
mübahisəli məsələlərin dialoq yolu ilə həllinin
tərəfdarı kimi çıxış etmiş, istər
özünə, istərsə də qonşuların mənafeyinə
xələl gətirən hər hansı hərəkətin
yolverilməz olduğunu bəyan etmişdir. Təəssüf
ki, bəzən belə bir səmimi mövqedən sui-istifadə
edənlər də olur. 2004-cü ilin noyabrında
Bakının təşəbbüsü ilə Azərbaycanla
Gürcüstan arasında dəmir yolu ilə
yükdaşımalar dayandırıldı. Azərbaycanın
müvafiq dövlət orqanları məlumat
almışdı ki, qonşu ölkədə işbazlar
tranzit yükləri, ilk növbədə neft məhsullarını
sonradan Ermənistana ötürüb yaxşı pul
qazanır, nəticə etibarilə təcavüzkar dövlətə
iqtisadi dəstək verirlər. Halbuki həmin ilin yayında
imzalanmış Azərbaycan-Gürcüstan hökumətlərarası
sazişində göstərilirdi ki, iki ölkənin milli
maraqlarına zidd olaraq üçüncü ölkələrə
yük tranziti yolverilməzdir. Dəmir yolu bir neçə ay
işləmədi. Bəziləri bu vəziyyəti ikitərəfli
münasibətlərdə böhran kimi səciyyələndirdilər.
Belə ki, Gürcüstan şirkətləri qatarlar dayandığından
hər gün itirirdi. Ancaq Bakının prinsipial mövqeyi
ortada idi. Azərbaycan gömrük orqanlarının
apardığı yoxlamalar daxil olan məlumatın
doğruluğunu təsdiqlədi. İşbazlar anladılar
ki, belə bir hərəkət onlara həmişə baha
başa gələcək. Gürcüstanın dövlət
orqanları da məsələyə anlaşıqla
yanaşdı və problem yoluna qoyuldu.
Dörd
il əvvəl qardaş Türkiyə ilə münasibətlər
gərginləşmişdi. 2009-cu il oktyabrın 10-da
İsveçrənin vasitəçiliyi ilə Sürixdə
Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin
bərpa edilməsi və sərhədlərin
açılmasına dair protokollar imzalanmışdı.
Protokolların imzalanmasından əvvəl və sonra Bakı
ilə Ankara arasında gərgin anlar yaşandı. Aydın
idi ki, Türkiyə Ermənistanla sərhədi Qərb
dövlətlərinin təzyiqi ilə açmağa
hazırlaşırdı: guya ki, Ankara bu addımı atmasa, Qərb
"erməni soyqırımı"nı tanıyacaq və
s. Məlumdur ki, Türkiyə Azərbaycan torpaqlarını
işğal etdiyinə görə Ermənistanla sərhədini
bağlamışdı. Axı Ermənistanın mövqeyində
hansı dəyişiklik baş vermişdi ki, sərhədin
açılması məsələsi ortaya
atılırdı? Əksinə, rəsmi Yerevan sərhədlər
açılandan sonra da Türkiyəyə münasibətdə
düşmənçilik siyasətini davam etdirəcəyini
bildirirdi. Türkiyənin Ermənistana hansısa güzəştə
getməsi Ankaraya yaxşı heç nə vəd etmir, əksinə,
təcavüzkar dövlətin mövqeyini gücləndirirdi.
Prezident
İlham Əliyev başda olmaqla Azərbaycan dövləti məsələyə
sərt reaksiya verdi. Ermənistanın hamisi kimi
çıxış edən dövlətlər başa
düşdülər ki,
Bakının razılığı olmasa,
protokolların gələcəyindən danışmağa dəyməz,
çünki Türkiyə ictimaiyyəti Azərbaycanın tərəfində
idi. Həmin dövlətlərin rəhbərləri nə qədər
cidd-cəhd etsələr də, Azərbaycanı "yola gətirə"
bilmədilər. Beləcə Türkiyə-Ermənistan
protokolları tarixin zibilliyinə atıldı.
Ötən
il Rusiya ilə qarşılıqlı münasibətlərdə
diqqətçəkən proseslər baş verdi. Söhbət
şimal qonşumuzun ölkəmizin ərazisində icarəyə
götürdüyü hərbi obyektin - Qəbələ
RLS-in bağlanmasından gedir. Məlum olduğu kimi,
keçmiş SSRİ dağıldıqdan sonra müstəqil
Azərbaycan bu obyektin Rusiya tərəfindən istismarına
icazə vermişdi. 2002-ci ildə iki ölkə arasında
imzalanmış müqaviləyə əsasən RLS Azərbaycanın
mülkiyyəti elan edilmiş və on il müddətinə -
2012-ci ilədək Rusiyaya faktiki olaraq rəmzi qiymətə
icarəyə verilmişdi. İcarə müddətinin
başa çatması ərəfəsində müqavilənin
müddətinin uzadılıb-uzadılmaması barədə
tərəflər arasında danışıqlar
aparıldı. Danışıqlarda əsas mövzu icarə
haqqının beynəlxalq təcrübəyə uyğun
olaraq müəyyənləşdirilməsi idi. Lakin Rusiya icarə
haqqının dəyişdirilməsinə müsbət
yanaşmır, əməkdaşlığı əvvəlki
şərtlərlə davam etdirmək istəyirdi. Bu isə
Azərbaycana sərf etmirdi. Belə olan təqdirdə Rusiya tərəfi
9 dekabr 2012-ci il tarixli "Azərbaycan Respublikası Hökuməti
və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ
RLS-in statusu, istifadə prinsipləri və şərtləri
haqqında Saziş"in qüvvədən düşməsi
barədə qərar qəbul etdi və nəticə etibarilə
10 dekabr 2012-ci ildə stansiyanın istismarını
dayandırdı.
Bu hadisənin
ikitərəfli münasibətlərə təsiri barədə
müxtəlif fikirlər söyləndi. RLS-in
bağlanmasının Azərbaycan-Rusiya əlaqələrini
mürəkkəbləşdirəcəyini iddia edənlər
də az deyildi. Amma əksər ekspertlər hesab edirdilər
ki, hansısa gərginlikdən söhbət getməməlidir.
Əvvəla, Rusiyanın Qəbələ RLS-i əvəz edəcək
alternativ hərbi obyektləri var. Həm də iki ölkənin
əməkdaşlığı təkcə bir stansiya ilə
məhdudlaşmır. Hazırda müxtəlif sahələrdə
Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyəsi
ilə fərqlənir, qarşılıqlı faydalı əməkdaşlıq
ildən-ilə genişlənir. Rusiya Azərbaycanın əsas
ticarət tərəfdaşlarından biri olaraq qalır. Təkcə
bir faktı göstərmək kifayətdir ki, iki ölkə
arasında ticarət dövriyyəsinin həcmi təxminən
3 milyard ABŞ dolları təşkil edir. Digər tərəfdən,
ölkəmiz Rusiya Federasiyasının əksər subyektləri
ilə birbaşa əməkdaşlıq əlaqələri
yaratmış, onların bəziləri ilə hökumətlərarası
sazişlər bağlanmışdır. Qonşu ölkənin
70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq
edir və qarşılıqlı ticarət dövriyyəsinin
80 faizindən çoxu bu regionların payına
düşür. Başqa sözlə, ikitərəfli
münasibətlərin perspektivləri genişdir və gələcəyə
bədbin baxmaq üçün elə bir əsas yoxdur.
Qəbələ
RLS-in bağlanması, sözün həqiqi mənasında, əlamətdar
hadisə idi. Hər şeydən əvvəl RLS-in fəaliyyətinin
dayandırılması ilə Azərbaycan ərazisində
sonuncu xarici hərbi obyektin mövcudluğuna son qoyuldu. Onsuz cəmiyyətimizdə
bu hərbi obyektə münasibət mənfi idi. Stansiyanın
ekologiyaya təsiri barədə hərtərəfli
araşdırma aparılmasa da, çoxları onun fəaliyyətinin
zərərli olduğuna inanırdı. Beləliklə, cəmiyyət
"baş ağrısı"ndan qurtuldu və gözəl
təbiəti ilə insanları cəlb edən Qəbələ
rayonunun turizm potensialını hərəkətə gətirmək
üçün şərait yarandı.
2011-ci
ilin axırları - 2012-ci ilin əvvəllərində
Türkiyə və Azərbaycanın Fransa ilə
qarşılıqlı əlaqələri ağır
sınaqdan keçməli oldu. Fransa parlamentinin
aşağı palatası - Milli Assambleya 2011-ci il dekabrın
22-də "erməni soyqırımı"nı inkar edənlər
üçün həbs cəzası və cərimə nəzərdə
tutan qanun layihəsi qəbul etmişdi. 2012-ci il yanvarın
23-də parlamentin yuxarı palatası - Senat da həmin layihəni
dəstəkləmişdi.
Tarixi həqiqətləri
təhrif edən və demokratiyanın təməl prinsiplərinə
zidd olan bu layihə təkcə Azərbaycan və Türkiyədə
yox, həm də dünyanın bir çox ölkələrində
ciddi narazılıq doğurdu. Rəsmi Bakı hadisələrin
gedişini diqqətlə izləyərək müvafiq
addımlar atacağını bəyan etdi. Türkiyə
hökuməti qanun layihəsinin qüvvəyə minəcəyi
təqdirdə Fransaya qarşı sərt sanksiyalar tətbiq
edəcəyini bildirmiş və ilk addım kimi bu ölkə
ilə iqtisadi, siyasi, hərbi təmasları dondurmuşdu.
Fransanın sağlam təfəkkürlü dairələri də
narahatlığını ifadə edir, Azərbaycan və
Türkiyə ilə əlaqələrin pisləşəcəyi
halda itirəcəklərini hesablayırdı.
Eyni
zamanda Azərbaycan və Türkiyə rəsmiləri, iki
qardaş ölkəni təmsil edən ayrı-ayrı
dövlət strukturları, o cümlədən Avropa ölkələrindəki
səfirlikləri, Avropa Şurası, ATƏT və digər
qurumlardakı nümayəndəlikləri, diaspor təşkilatları
hərəkətə keçdi. Fransanın sağlam qüvvələri
ilə sıx təmaslar yaradıldı, qanun layihəsinin
qarşılıqlı münasibətlərə
vuracağı zərər izah edildi, parlamentin hər iki
palatasıında sənədin əleyhinə səs
vermiş deputatlarla iş aparıldı. Başda senator Natali
Qule olmaqla Fransa parlamentində Azərbaycanla dostluq qrupuna daxil
olan bir qrup deputat ölkəmizə dəvət edildi. Prezident
İlham Əliyev fransız qanunvericilərini qəbul etdi,
sözügedən qanun layihəsinə münasibətini bir
daha onların nəzərinə çatdırdı. Digər
dövlət qurumlarında da qonaqlarla görüşlər
keçirildi, yaranmış vəziyyət müzakirə
olundu. Nəhayət, 2012-ci il yanvarın 31-də qanun layihəsi
ilə razılaşmayan 77 fransız senator və Milli
Assambleyanın 65 üzvü sənədin ləğvinə
nail olmaq üçün ölkənin ali hüquq
instansiyasına - Konstitusiya
Şurasına (KŞ) müraciət etdi. KŞ antitürk
qüvvələrin yedəyində getmədi və
Konstitusiyanın müdafiəsində duraraq bədnam qanun
layihəsini rədd etdi. Bu, ədalətin təntənəsi
olmaqla bərabər, Azərbaycan və Türkiyənin birgə
uğuru idi.
İndi
Azərbaycan nəinki iyirmi il əvvəlki, heç on il əvvəlki
Azərbaycan da deyil. Dövlət möhkəmlənmiş,
iqtisadiyyatı güclənmiş, beynəlxalq aləmdə
çəkisi artmışdır. Bir vaxtlar Azərbaycanla
yuxarı tonda danışanlar yavaş-yavaş bu "vərdiş"i
unudurlar, çünki başa düşürlər ki,
Bakıya münasibətdə belə davranışın səmərəsi
olmayacaq.
Allahverdi MEHDİYEV
Azərbaycan.-2013.- 11 may.- S.10.