Azərbaycanın Şuşa
və Macarıstanın Cöncöş
şəhərləri qardaşlaşmışdır
İlk dəfədir ki, Avropa şəhəri
Azərbaycanın erməni işğalı
altında olan şəhəri ilə
qardaşlaşmışdır
Mayın
9-da Şuşa şəhərinin Ermənistan Respublikası
silahlı qüvvələri tərəfindən işğal
edilməsinin 21-ci ildönümü ilə əlaqədar
Macarıstanın Cöncöş şəhərinin
meriyasında bu iki şəhərin qardaşlaşması
haqqında memorandumun təntənəli imzalanma mərasimi
keçirilmişdir. Sənədi Azərbaycan tərəfdən
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı, "Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri Bayram Səfərov,
Macarıstan tərəfdən Cöncöş şəhərinin
meri Laslo Faraqo imzalamışdır.
Laslo
Faraqo qonaqları macarıstanlı tərəfdaşlar
adından salamlamış, onlara bu şəhərin tarixi və
nailiyyətləri barədə məlumat vermişdir. Bayram Səfərov,
öz növbəsində, səmimi qəbul üçün
macar həmkarına təşəkkürünü bildirərək
hazırda erməni işğalı altında olan qədim
Şuşa şəhərinin tarixindən söhbət
açmışdır. O qeyd etmişdir ki, Şuşa
dünya mədəniyyətinə məşhur ədəbiyyatçılar,
musiqiçilər və ictimai xadimlər bəxş
etmişdir.
B.Səfərov
demişdir: "Şuşa Azərbaycanın
"konservatoriyası", Azərbaycan mədəniyyətinin
beşiyi, hər bir azərbaycanlının qəlbinin bir
parçasıdır! Lakin təəssüf ki, artıq 21 ildir
Şuşanın yerli sakinləri öz doğma şəhərlərinin
erməni silahlı qüvvələri tərəfindən
işğal edilməsi və evlərinin vəhşicəsinə
dağıdılması ucbatından, köçkün həyatı
yaşamağa məcburdurlar. Onlar hətta öz əcdadlarının
məzarlarını ziyarət edə bilmirlər. İndi bu
insanlar təəccüblə "xəbər tuturlar" ki,
onların dünyasını dəyişmiş və
Şuşada dəfn edilmiş qohumları guya azərbaycanlı
deyilmiş, çünki erməni işğalçılar
Azərbaycan və azərbaycanlılar barədə
xatırladan hər şeyi məhv etməyə
çalışır, hətta Şuşadakı azərbaycanlılar
dəfn edilmiş qəbiristanın da adını dəyişmiş
və onu hər yerdə "fars qəbiristanlığı"
kimi qələmə verirlər. Şəxsən mən də
erməni işğalı ucbatından qohumlarımın məzarlarını
ziyarət etmək imkanından məhrum olmuşam. Bu uydurmalar
mənim üçün də bir növ "yeni kəşf"dir.
Üzdəniraq erməni tarixçilər tərəfindən
bu cür açıq-aşkar saxtalaşdırma onu göstərir
ki, onlar bu şəhərin kim tərəfindən
salınmasını və tarix boyu onun sakinləri arasında
kimlərin çoxluq təşkil etdiyini lap yaxşı
bilirlər və bu həqiqət onlara rahatlıq vermir".
Şuşa
Rayon İcra Hakimiyyətinin başçısı qeyd
etmişdir ki, Yerevandan Qarabağa gətirilmiş bütün
bu neqativ əhval-ruhiyyəyə baxmayaraq, tolerant xalq olan azərbaycanlılar
erməni millətindən olan Azərbaycan vətəndaşları
ilə birgə yaşamağa hazırdırlar. Onun sözlərinə
görə, bu gün Azərbaycanda on minlərlə etnik erməni
yaşayır, halbuki Ermənistanda bircə nəfər də
azərbaycanlı qalmamışdır.
"Qonşuluqda
yaşadığımız Qarabağ erməniləri mənə
çox tez-tez məktub yazır və bildirirlər ki, onlar
firavan Azərbaycanın tərkibində yaşamaq istəyirlər.
Bu adamlar Yerevanın Qarabağda əyləşdirdiyi oyuncaq
rejimin özbaşınalıqlarından şikayətlənirlər.
Mən şübhə etmirəm ki, azərbaycanlılar
Şuşaya, öz evlərinə qayıdacaqlar. Lakin bunun
üçün beynəlxalq birlik ikili standartlar siyasətindən
əl çəkməli və təcavüzün
qurbanını təcavüzkardan fərqləndirməlidir"
- deyən B.Səfərov çıxışının
sonunda iki şəhərin qardaşlaşmasına görə
macar həmkarlarına təşəkkürünü
bildirmiş və onları əmin etmişdir ki,
şuşalılar bunu heç vaxt unutmayacaqlar.
Sonra
Azərbaycanın Macarıstandakı səfiri Vilayət
Quliyev çıxış edərək bildirmişdir ki, bu
gün onun üçün xüsusi gündür. V.Quliyev
demişdir: "Bugünkü hadisə onu göstərir ki,
xalqlarımız arasında qardaşlıq münasibətləri
möhkəmlənməkdə davam edir. Macar dostlarımız
bu arzumuzun çin olması üçün mümkün olan
hər şeyi ediblər".
Səfir
vurğulamışdır ki, bu, analoqu olmayan bir hadisədir,
çünki Şuşa Azərbaycanın işğal
altında olan ilk şəhəridir ki, başqa ölkədəki
şəhərlə qardaşlaşmışdır. V.Quliyev
demişdir: "Macar dostlarımız Şuşa ilə
qardaşlaşmış şəhər olmaq qərarını
qəbul etməklə dünyaya nümayiş etdirdilər ki,
onlar beynəlxalq hüququn və ədalətin tərəfdarlarıdır.
Siz göstərdiniz ki, qeyri-qanuni işğalı rədd
edirsiniz, siz beynəlxalq səviyyədə tanınmış
sərhədlərin zorla dəyişdirilməsinin əleyhinəsiniz.
Ona görə biz Cöncöş şəhərinin
meriyasına minnətdarıq". Azərbaycanlı diplomat
Macarıstan parlamentinin deputatları Qabor Vonoya və Marton
Cöncöşiyə Azərbaycanı daim dəstəklədiklərinə
görə də təşəkkürünü
bildirmişdir. Səfir əmin olduğunu bildirmişdir ki, bu
memorandumun imzalanması qarşıdakı uzun bir yolda - hərtərəfli
əməkdaşlıq yolunda bir növ ilk addımdır.
V.Quliyev
çıxışının sonunda demişdir: "Bu da rəmzi
haldır ki, Şuşa və Cöncöş məhz
mayın 9-da qardaşlaşmış şəhərlər
olur. Bu günlərdə Ermənistanda Şuşa şəhərinin
işğal edilməsinin 21-ci ildönümünü bayram
edirlər. Onlar bunu özlərinin "qələbəsi"
hesab edirlər. Lakin bu onların qələbəsi deyil, məğlubiyyətidir,
çünki işğalçı imici onlara möhkəm təsbit
olunmuşdur. Biz isə bu gün bu zalda yeni bir sənəd
imzalayaraq başqa bir qələbəni bayram edirik. Bu,
sağlam düşüncənin qələbəsi, beynəlxalq
hüququn qanunsuz işğal üzərində, etnik təmizləmələr,
zorakılıq üzərində təntənəsidir. Bu, Azərbaycan-Macarıstan
qardaşlığının qələbəsidir! Bu
qardaşlığın əbədi olacağına
şübhə etmirəm".
Sonra
Macarıstan parlamentində böyüklüyünə
görə üçüncü fraksiyaya malik olan "Daha
yaxşı Macarıstan uğrunda" partiyasının sədri
Qabor Vona çıxış etmişdir. O demişdir ki, bu
gün onun üçün və məsləkdaşları
üçün xüsusi gündür. O
vurğulamışdır: "Azərbaycan bizim
üçün, sadəcə, tərəfdaş deyil, o, bizə
qardaş dövlətdir, çünki biz hamımız Turan
övladlarıyıq. Biz əməkdaşlığa və dəstəyə
görə Azərbaycana təşəkkür edirik".
Qabor Vona azərbaycanlı qonaqları əmin etmişdir ki,
Macarıstanda Azərbaycanın uğurlarına öz
uğurları kimi ürəkdən sevinirlər. O
demişdir: "Siz qəhrəman xalqsınız. Sizin sürətli
inkişafınız bizi sevindirir və ruhlandırır. Biz
ümid edirik ki, Macarıstan da Azərbaycan kimi irəliləyəcək,
sizin ölkəniz kimi o da çiçəklənən
diyara çevriləcəkdir".
Partiya
sədri tədbir iştirakçılarını əmin
etmişdir ki, Şuşa və Cöncöş şəhərləri
arasında əlaqələrin inkişaf etməsi
üçün Macarıstan tərəfi hər cür səy
göstərəcəkdir. O, əmin olduğunu bildirmişdir
ki, şuşalılar tezliklə öz doğma evlərinə
qayıdacaq və dünyasını dəyişmiş
doğmalarının məzarlarını ziyarət edə
biləcəklər. Milli Məclisin üzvü Elman Məmmədov,
öz növbəsində, "Macarıstan-Azərbaycan"
parlament qrupuna, xüsusən bu qrupun həmsədri Marton
Cöncöşiyə səmərəli işinə görə
təşəkkürünü bildirmişdir. O, məmnunluğunu
bildirmişdir ki, Macarıstanda bu iki xalqın ortaq tarixi və
etnik köklərə malik olmasını bilirlər.
"Bizim həqiqətən ortaq kökümüz var -
Turan", - deyən E.Məmmədov qeyd etmişdir ki,
bugünkü memorandum bizim qardaşlığımızın
daha bir təsdiqidir.
Görüşdə
Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının Əlaqələndirmə
Şurasının sədri Orxan Əkbərov,
Cöncöş şəhərinin vitse-meri İştvan
Bojik və şəhər bələdiyyəsinin üzvü
Tamaş Keveş iştirak etmişdir.
Sonra memorandumun
təntənəli imzalanma
mərasimi olmuşdur.
Bayram Səfərov Cöncöş
şəhərinin meriyasına
Azərbaycan rəssamlarının
Şuşa mövzusuna həsr olunmuş əsərlərini
hədiyyə etmişdir.
Azərbaycanın Şuşa və Macarıstanın Cöncöş şəhərinin
qardaşlaşması haqqında
memorandum imzalanması çox
böyük beynəlxalq
siyasi əhəmiyyət
kəsb edir. Erməni işğalı
altında olan, separatçılar tərəfindən
guya müstəqil
"dqr"də yaşayış
məntəqəsi kimi
qələmə verilən,
əslində isə Ermənistan tərəfindən
beynəlxalq hüquq normalarına zidd olaraq ilhaq edilmiş
Azərbaycan şəhəri
Avropa şəhəri
ilə ilk dəfə
qardaşlaşmışdır. Bu da rəmzi haldır
ki, həmin sənəd məhz Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov tərəfindən
imzalanmışdır. Bu o deməkdir ki, Cöncöş rəsmiləri
bu şəhərin yeganə qanuni hakimiyyəti kimi Yerevan tərəfindən işğal
edilmiş Azərbaycan
ərazisində əyləşdirilmiş
özündən bədgümanları
deyil, Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təyin
olunmuş vəzifəli
şəxsi tanıyırlar.
Beləliklə, Macarıstan
şəhəri dünyaya
tam aydın şəkildə
bəyan etmişdir ki, o, Azərbaycan Respublikasının Konstitusiyasını
Dağlıq Qarabağ
regionu ərazisində
qüvvədə olan
yeganə ali
normativ akt kimi tanıyır. Bununla o, dünyaya nümunə göstərmişdir.
Qardaşlaşma haqqında sazişin
imzalanma tarixi isə Macarıstan tərəfin həm Şuşa şəhərinin,
həm də Azərbaycanın bütün
Dağlıq Qarabağ
regionunun qanunsuz işğalını tanımaqdan
imtina etməsinin rəmzidir.
* * *
Dağlıq Qarabağın Azərbaycanlı
İcmasının nümayəndə
heyətinin Macarıstana
səfəri çərçivəsində
mayın 9-da Cöncöş
şəhərində mətbuat
konfransı olmuşdur.
Tədbirdə Cöncöş şəhərinin
meri Laslo Faraqo, Azərbaycanın Macarıstandakı səfiri
Vilayət Quliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı,
"Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov və Macarıstan parlamentində böyüklüyünə
görə üçüncü
fraksiyaya malik olan "Daha yaxşı Macarıstan uğrunda" partiyasının
sədri cənab Qabor Vona iştirak
etmişdir.
Mətbuat konfransında çıxış
edən V.Quliyev və B.Səfərov regionun işgüzar dairələrinin nümayəndələrinə
Azərbaycanın investisiya
şəraiti və potensialı, ölkədə
qeyri-neft sektorunun inkişafında qazanılmış
uğurlar və iki dövlət arasında ticarət dövriyyəsinin genişlənməsi
barədə məlumat
vermişlər. Tədbir iştirakçılarına Azərbaycan haqqında sənədli film göstərilmişdir.
Bundan sonra onlar işgüzar
əməkdaşlıq barədə
suallarla səfirə və Azərbaycandan gəlmiş qonaqlara müraciət etmişlər.
Regionun biznes dairələrinin nümayəndələri
fəaliyyət profilləri
barədə məlumat
vermiş, azərbaycanlı
tərəfdaşlarla əməkdaşlıq
etməyə maraq göstərdiklərini bildirmişlər.
* * *
Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin
Azərbaycanlı İcmasının
Macarıstanda səfərdə
olan nümayəndə
heyəti mayın 9-da
Cöncöş şəhəri
meriyasının dəvəti
ilə Matra regionundakı diyarşünaslıq
muzeyində olmuşdur. Muzeyin əməkdaşları Azərbaycandan
gəlmiş qonaqları
eksponatlarla tanış
etmiş və bu gözəl diyarın təbiəti haqqında onlara məlumat vermişlər.
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı, "Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov Azərbaycan rəssamının
fırçasının məhsulu
olan, Şuşa qalasının təsvir edildiyi tablonu bu səfər haqqında xatirə kimi muzeyin rəhbərinə
təqdim etmişdir.
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Cöncöş
Azərbaycan.-2013.- 11 may.- S.10.