Xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi münasibətilə silsilə tədbirlər
keçirilmişdir
Türkiyə
Azərbaycan
Respublikasının Türkiyədəki səfirliyi
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
İstanbuldakı Çırağan Sarayında tədbir
keçirmişdir.
Tədbirdə
səfirliyin əməkdaşları, Türkiyənin dövlət
və hökumət təmsilçiləri, deputatlar, elm
adamları, ictimai xadimlər, incəsənət, diaspor və
KİV nümayəndələri iştirak etmişlər.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, mərasimdə Heydər Əliyev
Fondunun Türkiyədəki nümayəndəsi Samir Cəfərov,
səfir Faiq Bağırov və Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet
Ünüvar çıxış etmişlər.
Səfir
Faiq Bağırov ulu öndərin istər Sovet
İttifaqı dövründə, istərsə də müstəqillik
illərində xalqımız qarşısındakı
misilsiz xidmətlərindən, dövlətçiliyimizin
möhkəmlənməsində və beynəlxalq aləmdə
Azərbaycanın layiqli yer tutmasındakı mühüm
rolundan danışmışdır.
Türkiyə
Respublikasının Prezidenti Abdullah Gülün və
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin təbrik
məktubları oxunmuşdur.
Sonra
Azərbaycan musiqisinin sədaları altında ziyafət
verilmiş, iştirakçılara ulu öndərin həyatından
və siyasi fəaliyyətindən bəhs edən kitab və
"Diplo Atlas" jurnalı paylanmışdır.
Gürcüstan
Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyi və
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin təşkilatçılığı
ilə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş
silsilə tədbirlər mayın 10-da Heydər Əliyevin
Tbilisidəki büstünün ziyarəti ilə davam
etdirilmişdir.
Azərbaycanın
Gürcüstandakı səfirliyi, bu ölkədə fəaliyyət
göstərən şirkətlərinin adından
büstün önünə əklillər qoyulmuşdur.
Sonra
iştirakçılar ümummilli liderin azərbaycanlıların
yığcam yaşadıqları Kvemo Kartli-Borçalı
bölgəsinin inzibati mərkəzi Rustavi şəhərindəki
əzəmətli abidəsi önünə əklillər
düzmüşlər.
Tədbir
ARDNŞ-in dəstəyi ilə əsaslı təmir olunub bu
günlərdə istifadəyə verilmiş M.F.Axundzadə
adına Azərbaycanlıların Mədəniyyət Muzeyində
davam etdirilmişdir.
İştirakçılar
"Tbilisi inter-media" şirkəti tərəfindən
lentə alınmış və ulu öndərin həyat və
fəaliyyəti əks olunmuş "Dostluğa
çağırış" filminə böyük maraqla
tamaşa etmişlər.
Filmin
müəlliflərindən biri, görkəmli rejissor Tengiz
Txilava AzərTAc-a müsahibəsində demişdir ki, Heydər
Əliyev böyük dövlət xadimi idi. Onun zəkasının
məhsulu olan əsrin qlobal layihələri gerçəkləşdikdən
sonra tərəddüdsüz demək olar ki, o, dünya
şöhrətli liderə çevrildi. Bununla ulu öndər
Cənubi Qafqazda geosiyasi vəziyyəti tam dəyişdi.
T.Txilava
bildirmişdir ki, Heydər Əliyev gürcü
xalqının böyük dostu idi. Onun Azərbaycanda hakimiyyətə
qayıdışından sonra bu dostluğun daha da möhkəmləndirilməsi
yönümündə böyük işlər
görüldü. Ölkələrarası dostluq münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi,
Azərbaycan Gürcüstanda ən böyük investisiya
yatıran ölkələrdən birinə çevrildi və
hazırda bu əməkdaşlıq uğurla davam etdirilir.
Bizim üçün çox xoşdur ki, ulu öndərin
ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
çox uğurla həyata keçirilir.
O
qeyd etmişdir ki, şirkətimizin lentə aldığı
"Dostluğa çağırış" filmində Heydər
Əliyevin həyat və fəaliyyətinin bəzi məqamları
öz əksini tapmışdır və bu yaradıcı heyətin
dahi şəxsiyyətin xatirəsinə ehtiramıdır.
Kvemo
Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Koba
Kobiaşvili bildirmişdir ki, Heydər Əliyev
Gürcüstanda sevilən, hörmətlə yad edilən
şəxsiyyətdir. Onun Gürcüstana etdiyi
xeyirxahlıqları heç bir siyasətçi edə bilməzdi.
Qubernator
müavini vurğulamışdır ki, Heydər Əliyev öz həyatını təhlükədə
qoyaraq əsrin qlobal layihələrinin Gürcüstandan
keçməklə reallaşmasına imza atmışdır.
Bu gün Azərbaycanın, eyni zamanda, Gürcüstanın
inkişafı, çiçəklənməsi o müdrik
insanın xidmətinin nəticəsidir. Mənim fikrimcə,
Heydər Əliyev bu addımı atmasaydı, nəinki
ölkələrimizin müstəqilliyini qoruyub saxlaya biləcəydik,
əksinə, Avropa strukturlarına inteqrasiya hər iki dövlət
üçün xəyal olaraq qalacaqdı.
K.Kobiaşvili
demişdir ki, xatırlayıram, Gürcüstanın sabiq
Prezidenti Eduard Şevardnadze demişdir: "Əgər Heydər
Əliyev Gürcüstanda prezident seçkilərinə namizədliyini
irəli sürərsə, xalqın böyük əksəriyyəti
onu dəstəkləyər". Bu, gürcü
xalqının ümummilli liderə ehtiramı idi və həmin
ehtiram yenə də davam etməkdədir.
Qardabani
rayon mərkəzində də mayın 10-da ulu öndərin
yubileyi şərəfinə tədbir keçirilmişdir.
İştirakçılar ümummilli lider Heydər Əliyevin
Azərbaycan-Gürcüstan münasibətlərinin
inkişafında, bölgədə sabitliyin təmin
olunmasında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində,
xaricdə yaşayan soydaşlara yeni yanaşmanın meydana gəlməsində
əvəzsiz xidmətlərindən söhbət
açmışlar.
Azərbaycan
Respublikasının Gürcüstandakı səfiri Azər
Hüseyn bu dost ölkədə ulu öndərin xatirəsini
əziz tutanlara təşəkkür etmiş, silsilə tədbirlərdə
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin,
hökumətin, parlamentin üzvlərinin, ictimaiyyətin
nümayəndələrinin iştirak etdiklərini
vurğulamışdır. Diplomat demişdir ki, ulu öndərin
müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın
dövlət başçısı tərəfindən
uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın
dünyada nüfuzu artmaqdadır.
Latviya
Riqada Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş təntənəli tədbir
keçirilmişdir. Tədbirdə Latviya Seyminin üzvləri,
Milli Məclisin deputatları Elton Məmmədov və Əli
Məsimli, azərbaycanlı biznesmenlər, Latviyada fəaliyyət
göstərən Azərbaycan diasporunun təmsilçiləri,
səfirliyin əməkdaşları, KİV nümayəndələri
iştirak etmişlər.
Əvvəlcə
Azərbaycanın və Latviyanın dövlət himnləri səslənmişdir.
Tədbirdə
Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov,
"Azəri" cəmiyyətinin rəhbəri Ulduzxan Əhmədov,
Latviyada çalışan azərbaycanlı sahibkar Rafiq
Seyfullayev çıxış edərək bildirmişlər
ki, mayın 10-u Azərbaycan xalqı üçün əlamətdar gündür. Azərbaycan və
Heydər Əliyev məfhumlarının ayrılmazlığı
vurğulanmışdır. Azərbaycan və xarici ölkə
tarixçilərinin, filosoflarının Heydər Əliyev
dühası haqqında hələ çox əsərlər
yaradacaqlarına əminlik ifadə olunmuşdur. Natiqlər
qeyd etmişlər ki, ölkəmizin hərtərəfli
inkişafının əsası dahi lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Latviya
Seyminin deputatı, yeni yaradılmış "Araz" təşkilatının
rəhbəri Romans Naudinş Azərbaycanın müstəqilliyinin
təşəkkülündə və möhkəmlənməsində,
beynəlxalq arenada ölkənin nüfuzunun artmasında Heydər
Əliyevin müstəsna rolunu qeyd etmişdir.
Milli
Məclisin deputatı Elton Məmmədov tədbirə
toplaşanları ümumxalq bayramı münasibətilə təbrik
edərək bildirmişdir ki, xalqımız dahi şəxsiyyət,
Azərbaycan dövlətinin memarı və xilaskarı Heydər
Əliyevin tarixi xidmətlərini iftixarla xatırlayır.
Qeyd olunmuşdur ki, ötən əsrin 60-cı illərindən
başlayan və Azərbaycan tarixində vacib mərhələ
olan bütöv bir dövr dahi rəhbər Heydər Əliyevin
adı və fəaliyyəti ilə bağlıdır.
Ümummilli lider hüquqi dövlət yaradılması kimi
tarixi missiyanı uğurla yerinə yetirmişdir. E.Məmmədov
diqqətə çatdırmışdır ki, ulu öndər
ölkənin yeni, xalqın iradəsini ifadə edən və
dünyəvi demokratik dövlət quruculuğunu, insan
hüquqlarının müdafiəsini təmin edən yeni
Konstitusiyaya ehtiyacını düzgün qiymətləndirmişdir.
Deputat Azərbaycan həqiqətlərini, eləcə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı reallıqları
dünya azərbaycanlılarına çatdıran diaspor təşkilatlarının
yaranmasında və inkişafında ümummilli lider Heydər
Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.
Azərbaycanın
Latviyadakı səfiri Elman Zeynalov demişdir ki, ölkəmiz
qısa vaxt ərzində nəinki regionda, eləcə də
dünyada böyük nüfuza malik olan dövlətə
çevrilmişdir. Dahi lider Azərbaycana milli təhlükəsizlik
konsepsiyasını, milli dövlətçilik ideyasını,
xalqı bu ideya uğrunda arxasınca apara bilən siyasi təşkilatı
bəxş etmiş, ölkəyə yeni lider vermişdir.
Hazırda ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını
uğurla davam etdirən Prezident İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasət nəticəsində
Azərbaycanın dünyada nüfuzu gündən-günə
artır.
Tədbirdə
dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş sənədli film nümayiş
etdirilmişdir.
Sonra
ziyafət təşkil edilmişdir.
Fransa
Fransanın Aşağı Normandiya
(Basse Normandie) regionunun Orn departamentindəki Leql şəhərində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illiyinə həsr olunmuş konsert təşkil
olunmuşdur.
Konsertdən
əvvəl Azərbaycanın Fransadakı səfiri Elçin
Əmirbəyov
çıxış edərək dünyanın
tanınmış siyasətçilərindən biri olan Heydər
Əliyevin keçdiyi şərəfli həyat yolundan,
çoxşaxəli fəaliyyətindən, Azərbaycanın
dövlətçilik tarixindəki mühüm rolundan,
xalqının parlaq gələcəyi naminə
gördüyü işlərdən bəhs etmişdir.
Səfir
ulu öndərin uzaqgörən siyasəti nəticəsində
ölkəmizin beynəlxalq aləmdə
böyük nüfuz sahibi olduğunu xüsusi
vurğulamış, Azərbaycan ilə Fransa arasında
bütün sahələrdə əməkdaşlığın
inkişaf etdiyini bildirmiş, xalqlarımız arasında
dostluq əlaqələrinin möhkəmləndiyini söyləmişdir.
Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri
arasında qardaşlaşma barədə sənədin
imzalanmasını Heydər Əliyevin uzaqgörən xarici
siyasətinin nəticəsi kimi dəyərləndirmişdir.
Konsertdə
Xəzər Universitetinin incəsənət və musiqi
kafedrasının müdiri, gənc pianoçu Zülfiyyə
Sadıqova Azərbaycan və Avropa bəstəkarlarının
klassik musiqilərini səsləndirmişdir.
Fransız
musiqisevərləri Z.Sadıqovanın
çıxışlarını hərarətlə
qarşılamışlar.
Cenevrə
Azərbaycan
Respublikasının Cenevrə şəhərində BMT
bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəliyi xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibətilə Cenevrədə rəsmi qəbul
təşkil edilmişdir. Tədbirdə BMT-nin Cenevrə
bölməsinin baş direktoru K.Tokayev, İnsan
Hüquqları Şurasının prezidenti R.Henczel, Parlamentlərarası
İttifaqın baş katibi A.Conson, Beynəlxalq Mülki
Müdafiə Təşkilatının baş katibi N.Al-Sleybi,
BMT katibliyinin, digər beynəlxalq təşkilatların rəhbər
şəxsləri və əməkdaşları, diplomatik heyət
üzvləri, Cenevrə Respublikası Kanton
Şurasının yüksək vəzifəliləri, KİV
təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı
tələbələr və diaspor nümayəndələri
iştirak etmişlər.
Azərbaycan
Respublikasının Cenevrə şəhərində BMT
bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli
çıxış edərək ümummilli lider Heydər Əliyevin
həyatı və fəaliyyəti haqqında tədbir
iştirakçılarına ətraflı məlumat
vermiş, dahi şəxsiyyətin respublikamızın ali rəhbəri
seçilməsindən sonra Sovet İttifaqının faktiki rəhbərlərindən
birinə çevrildiyini diqqətə
çatdırmışdır. Müstəqilliyin bərpasından
sonra ölkədə yaranan
hakimiyyət böhranının aradan
qaldırılmasında ümummilli liderin Azərbaycan
xalqı qarşısındakı əvəzsiz xidmətlərindən
ətraflı bəhs edən səfir ölkəmizdə
siyasi sistemin, dövlətçilik ənənələrinin
möhkəmləndirilməsi sayəsində görülən
işləri, Azərbaycanın uğurla inkişaf etdiyini qeyd
etmişdir.
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
ərazilərimizin 20 faizinin işğal edilməsinə, Azərbaycanın
Ermənistan ilə müharibə vəziyyətində
olmasına baxmayaraq, ölkəmizin iqtisadi, siyasi, sosial və
diplomatik sahələrdə əhəmiyyətli nailiyyətlər
əldə etdiyini diqqətə çatdıran M.Nəcəfbəyli
bu nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə
bağlı olduğunu vurğulamışdır. Hazırda
Prezident İlham Əliyev tərəfindən aparılan
uğurlu islahatların ulu öndərin uzaqgörən siyasətinin
məntiqi davamı olduğunu bildirmişdir.
Qeyd
olunmuşdur ki, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzu daha da artır, BMT ilə əlaqələri möhkəmlənir.
Etibarlı tərəfdaş kimi
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın
BMT sistemi çərçivəsində bütün sahələrdə
əməkdaşlığı genişlənir.
Tədbirdə
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş sənədli film nümayiş olunmuş,
dahi şəxsiyyətin müxtəlif sahələrdəki fəaliyyətinə
dair kitab və məlumatlar paylanmışdır.
Serbiya
Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı
Belqrad şəhərində keçirilmiş silsilə tədbirlərin
davamı olaraq ölkəmizin bu ölkədəki səfirliyində
ulu öndərin xatirəsinə həsr olunmuş anma mərasimi
keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, tədbirdə Serbiyanın
dövlət və hökumət rəsmiləri, millət vəkilləri,
ölkə parlamentində fəaliyyət göstərən
parlamentlərarası dostluq qrupunun üzvləri, şəhər
meriyası və ictimaiyyət nümayəndələri,
Serbiyanın müsəlman icmasının üzvləri,
Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət
Mərkəzi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti və Serbiya-Azərbaycan
ticarət-iqtisadi palatasının rəhbərliyi və
üzvləri, "Azvirt" şirkətinin rəhbərliyi,
bu ölkədə çalışan, yaşayan və təhsil
alan həmyerlilərimiz, KİV nümayəndələri
iştirak etmişlər.
Tədbir
iştirakçıları Azərbaycan dövləti və
hökumətinin dəstəyi ilə Belqrad şəhərində
abadlaşdırılmış və bərpa edilmiş
"Taşmaydan parkı"na gələrək, ümummilli
liderin burada ucaldılmış abidəsini ziyarət etmiş
və abidə qarşısına əklil və
gül-çiçək dəstələri
düzmüşlər.
Azərbaycanın
Serbiyadakı səfirliyində davam edən tədbirdə
qonaqlar ulu öndərin həyat və fəaliyyətini əks
etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycanın
Serbiyadakı səfiri Eldar Həsənov
çıxış edərək tədbir
iştirakçılarına səfirliyin və Belqrad şəhərində
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə bu şəhərdə keçirilmiş və
xalqımızın ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş tədbirlərdən məlumat
vermiş, bugünkü anma mərasiminin silsilə tədbirlərin
tərkib hissəsi olduğunu qeyd etmişdir.
Səfir
daha sonra ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin
həyatı və fəaliyyəti, onun Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsində və
ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz
xidmətlərindən, demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu istiqamətində həyata
keçirdiyi islahatlardan və xilaskar rolundan bəhs
etmişdir. Diplomat ölkəmizdə azərbaycançılıq,
milli birlik, sosial ədalət, sosial rifah, ərazi
bütövlüyü kimi ideyalara söykənən müstəqil,
tərəqqi edən və siyasi cəhətdən sabit
ölkə modelinin əsasının məhz ulu öndər
tərəfindən qoyulduğunu tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır. Həmin siyasi kursun bu gün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulamış,
xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz
xatirəsinə göstərdikləri dərin hörmət və
ehtirama görə qonaqlara minnətdarlığını
bildirmişdir.
Sonra
tədbir iştirakçıları ümummilli liderin həyat
və fəaliyyətindən bəhs edən filmə
baxmışlar.
Tədbirin
sonunda iştirakçılara Azərbaycanın Serbiyadakı
səfirliyi tərəfindən serb dilində nəşr
edilmiş "Görkəmli şəxsiyyətlərin həyatı"
silsiləsindən ulu öndərə həsr olunmuş kitab
və ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar
xüsusi olaraq hazırlanmış "Dünya liderləri
Heydər Əliyev haqqında" kitabçası paylanmışdır.
İtaliya
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə
respublikamızın İtaliyadakı səfirliyi tərəfindən
Roma şəhərinin Brankaço sarayında konsert
keçirilmişdir.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, səfir Vaqif Sadıqov tədbirdə
çıxış edərək, ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğal edilməsi,
getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin
günbəgün ağırlaşan sosial durumu ölkəni
bu bəlalardan xilas edə biləcək, xalqı öz
arxasınca aparmağa qadir rəhbərə ehtiyac olduğunu
şərtləndirdiyini diqqətə
çatdırmışdır. Vurğulanmışdır ki,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından sonra ölkədə baş
vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin
möhkəmləndirilməsində, dünya ölkələri
ilə sıx əlaqələr yaradılmasında və
xalqımızın strateji mənafelərini təmin edən
müasir cəmiyyətin qurulmasında həlledici rol
oynamışdır.
Daha
sonra İtaliya-Azərbaycan Assosiasiyasının sədri
xanım Paola Kasaqrande çıxışında Heydər Əliyevin
Azərbaycanın dünya arenasında tanınmasında və
Azərbaycan-İtaliya əlaqələrinin inkişafında
mühüm rol oynadığını demişdir. O, həmçinin
İtaliya və Azərbaycanın coğrafi uzaqlıqda yerləşmələrinə
baxmayaraq, ölkələrimizin
mədəniyyətlərinin oxşar olduğunu və
gündən-günə bütün sahələrdə ikitərəfli
münasibətlərin inkişaf etdiyini bildirmişdir.
Konsertdə
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru
professor Fərhad Bədəlbəyli, gənc
skripkaçı Elvin Qəniyev, pianoçu Nərminə Qəniyeva,
tenor Yusif Eyvazov, eləcə də İtaliyanın məşhur
Santa Çeçilia Musiqi Akademiyasının simli musiqi alətləri
ansamblı Azərbaycan, İtaliya və digər Avropa
musiqisindən inciləri ifa etmişlər.
Tədbirdə
İtaliyanın dövlət orqanlarının, elm, təhsil
və işgüzar dairələrinin, kütləvi informasiya
vasitələrinin və bu ölkədəki diplomatik korpusun
nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-2013.- 12 may.- S.4.