Monteneqronun nüfuzlu «Pobjeda» qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş məqalə dərc edilmişdir

 

Monteneqronun nüfuzlu "Pobjeda" qəzetinin 10 may tarixli nömrəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş geniş məqalə dərc edilmişdir.

"Bu gün müasir Azərbaycanın banisinin anadan olmasının 90-cı ildönümüdür. Xalqın taleyində şəxsiyyətin rolu - Heydər Əliyev" başlıqlı məqalənin müəllifi Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Rəşad İskəndərovdur.

Məqalə ulu öndərin "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar" müdrik kəlamı ilə başlayır. Geniş məqalə bir neçə yarımbaşlıqlara bölünmüşdür:

"Müstəqqililliyin bərpası", "Ağır illər", "Hakimiyyətin dəyişilməsi", "Strategiyanın davamı", "Uğurun iyirmi ili" yarımbaşlıqları altında dərc olunmuş məqalədə Sovet İttifaqı dağıldıqdan sonra dünya birliyində və Avrasiya məkanında yeni geosiyasi vəziyyətin yaranması, Azərbaycanın müstəqilliyini bərpa etməsi və beynəlxalq əlaqələrin tamhüquqlu və müstəqil subyektinə çevrilməsi, öz milli dövlətçiliyini formalaşdırması barədə geniş məlumat verilir.

Yazıda 1990-1993-cü illərdə Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana təcavüzü, ölkənin ərazilərinin 20 faizinin işğal olunması, 1 milyon qaçqın və məcburi köçkünün ağır şərtlər altında yaşaması, ölkədəki qeyri-sabitlik, iqtisadi tənəzzül, maliyyə-bank sisteminin iflic vəziyyətdə olması, hiperinflasiya, vətəndaş müharibəsi təhlükəsi, Azərbaycana qarşı davam edən siyasi, hərbi, iqtisadi və mənəvi təzyiqlərdən söhbət açılır.

Bildirilir ki, 1993-cü ilin may-iyun aylarında vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi ilə üzləşən Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması, Azərbaycanda sabitliyin bərqərar olması, atəşkəs haqqında razılıq, neft strategiyasının və iqtisadi inkişaf strategiyasının əsasının qoyulması, zəruri islahatların və dövlət proqramlarının həyata keçirilməsi, fəal xarici siyasət və Azərbaycanın dünya birliyinə inteqrasiyası, regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü, ölkəyə investisiya axının başlaması və sosial vəziyyətin yaxşılaşması ilə nəticələnmişdir.

Müəllif qeyd edir ki, inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, dinamik iqtisadi inkişaf, makroiqtisadi göstəricilər, beynəlxalq reytinq agentliklərinin ölkəmizin kredit reytinqini qaldırması, strateji ehtiyatların və ÜDM-in artımı, işsizlik, yoxsulluq və inflyasiyanın səviyyəsinin minimuma endirilməsi respublikamızı regionun lider dövlətinə çevirmişdir.

Məqalədə göstərilir ki, 1993-2013-cü illəri əhatə edən ötən  20 il ərzində Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan bütün dünyanı öz siyasi, iqtisadi və mədəni nailiyyətləri ilə təəccübləndirməkdə davam edir.

Yazı bu sözlərlə bitir: "Hazırda çiçəklənmə dövrünü yaşayan bütün xalqlar, millətlər, ölkələr keçid dövrünün keçilməz labirintlərindən dahi şəxsiyyətlər tərəfindən çıxarılmışdır. Heydər Əliyev Azərbaycan xalqının tarixində məhz belə şəxsiyyətdir".

 

 

Azərbaycan.-2013.- 12 may.- S.4.