ABŞ konqresmeni Heydər Əliyev adına mükafata layiq görülmüşdür

 

Vaşinqtonda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilmiş təntənəli mərasimdə ABŞ-ın aparıcı ictimai-siyasi xadiminə mükafat təqdim edilmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, mayın 10-da məşhur "Mayflower" otelində keçirilmiş tədbirin açılışında Vaşinqton və Savanna şəhərləri merlərinin təbrik məktubları oxunmuşdur.

Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının banisi Heydər Əliyevin Vətəninin və xalqının rifahına həsr olunmuş şərəfli həyat yolu və fəaliyyəti barədə danışmışdır. Diplomat hazırda Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların ulu öndər Heydər Əliyevin xarici siyasətinin bəhrəsi olduğunu bildirmişdir.

Tarixdə şəxsiyyətin roluna toxunan səfir ABŞ-ın lideri Abraham Linkolnun çətin həyatı fonunda taleyüklü qərarların qəbul etməsi ilə xalqın və dövlətin taleyini dəyişməsi faktını xatırlatmış və ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, beynəlxalq arenada mövqeyinin güclənməsində misilsiz xidmətlərini qeyd etmişdir.

İlk dəfə olaraq səfirlik tərəfindən təsis edilmiş Heydər Əliyev adına mükafatın təqdimatı da keçirilmişdir. Bu ali mükafat ABŞ Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə alt komitəsinin sabiq sədri, konqresmen Dan Börtona təqdim edilmişdir. D.Börton liderlik rəmzi olan Heydər Əliyev adına mükafata Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfəyə görə layiq görülmüşdür.

Qeyd edək ki, İndiana ştatını təmsil etmiş D.Börton ABŞ Konqresində Xocalı faciəsindən danışan ilk siyasətçidir. Belə bir mükafata layiq görülməsindən böyük şərəf və məmnunluq hissi keçirdiyini bildirən D.Börton bundan sonrakı fəaliyyətində də ona göstərilmiş etimada sadiq qalaraq dövlətlər arasında münasibətlərin genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın müasir caz ifaçısı, 45-ci Beynəlxalq Montre Caz Festivalının qalibi, əməkdar artist Emil Əfrasiyab Azərbaycan ilə yanaşı, dünya musiqisinin incilərini ifa etmişdir.

Konsert proqramının ikinci hissəsində ABŞ-da yaşayan azərbaycanlı Zülfüqar Bağırovun rəhbərlik etdiyi qrupun ifasında ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin və Fərəc Qarayevin əsərlərinin caz təfsiri böyük rəğbətlə qarşılanmışdır.

Tədbirdə ABŞ-ın müxtəlif dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, analitik mərkəzlərin mütəxəssisləri, eləcə də türk və yəhudi icmasının təmsilçiləri, ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq spikeri Bob Livingston iştirak etmişlər.

 

 

Azərbaycan.-2013.- 12 may.- S.4.