Liviyanın dövlət televiziyasında «Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var» sənədli filmi nümayiş etdirilmişdir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Liviyadakı səfirliyi tərəfindən silsilə tədbirlər keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mayın 10-da Liviyanın "Libya əl-Vataniyyə" dövlət televiziyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə səfir Ağasəlim Şükürovun müsahibəsi verilmişdir. A.Şükürov televiziya tamaşaçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, qorunmasında, iqtisadi inkişafında, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasındakı misilsiz xidmətlərindən danışmışdır. Diplomat Azərbaycan-Liviya əlaqələrinin inkişaf perspektivləri barədə məlumat vermişdir.

Müsahibədən sonra tamaşaçılara ümummilli liderin 90 illik yubileyi münasibətilə AzərTAc tərəfindən ərəb dilində hazırlanmış "Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var" sənədli filmi təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 12 may.- S.4.