Qafqaz Forumunun
Bakıda keçirilməsi ölkəmizə
olan böyük
inamın ifadəsidir
Dövlət
müstəqilliyi tarixi baxımından gənc olan Azərbaycan
dövlətinin qədim tarixi, adət-ənənələri
və böyük mədəniyyəti var. Sırf coğrafi
formatla götürsək, Azərbaycan keçmişdən müxtəlif
dinlərin, etnik qrupların yan-yana, sülh şəraitində
yaşadığı məkan olub. Etnik, mədəni və
dini müxtəliflik xalqımızın ən böyük dəyərlərindən
biridir. Çünki Azərbaycan çoxmədəniyyətli
cəmiyyətdir, multikulturalizmi yüksək dəyərləndirir.
Lakin dini-etnik zəmində dözümlülük
nümayiş etdirməsinə, əsrlər boyu müxtəlif
millətlərin bərabər yaşamasına baxmayaraq,
antisemitizmin müşahidə olunmadığı Azərbaycanda
da tarixin müxtəlif dönəmlərində etnik-dini rəngarənglikdən
istifadə edərək qarışıqlıq yaratmaq istəyən
xarici qüvvələr olub.
Dini
etiqad azadlığı, dini-etnik
dözümlülüyün mövcud olduğu və vətəndaş
cəmiyyətinin qurulması istiqamətində önəmli
addımlar atan Azərbaycanda bir neçə gün öncə
Diasporlarla İş üzrə Dövlət Komitəsinin,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid
Klubunun birgə təşkilatçılığı ilə
Qafqaz Forumu keçirildi. Bu mötəbər tədbirin
keçirilməsi üçün Bakının seçilməsi
ölkəmizə olan böyük inamın ifadəsidir.
Qloballaşmanın sürətlə vüsət
aldığı bir dövrdə dünya ölkələrini
narahat edən problemlərin, onların siyasi xəttinin
prioritetlərini təşkil edən məsələlərin
forumda müzakirə edilməsi, bu sahədə
qarşılıqlı təcrübə və fikir
mübadiləsinin aparılması Azərbaycan
üçün çox önəmlidir. Forumda birgə cəmiyyətlər,
müştərək dəyərlər, qadın məsələləri,
dinlərarası, mədəniyyətlərarası dialoq,
regionda gedən proseslər, Dağlıq Qarabağ
münaqişəsi və regiondaki digər münaqişə
ocaqları ilə bağlı vəziyyət müzakirə
olundu. Xüsusilə vurğulandı ki, Azərbaycan müsəlman
Şərqində ilk demokratik respublika və qadına seçki
hüququ verən ilk dövlətdir.
Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
forumun rəsmi açılışında iştirak etdilər.
Dövlət başçısı ölkəmizi, regionu və
dünyanı narahat edən bir sıra məsələlərdən
danışdı: "Hökumətin əsas məqsədi yoxsulluq
və işsizliyin səviyyəsinin azaldılması olub. Sərvətin
ədalətli bölüşdürülməsi,
infrastruktura, insan kapitalına və ilk növbədə təhsilə
investisiyaların yatırılması hökumətin hədəfi
olaraq qalır, çünki təhsil uğurun əsasıdır". Dövlət
başçısının sözlərinə görə,
müvəffəqiyyət qazanmış ölkələrin
tarixi və təcrübəsi göstərir ki, uğurlu
inkişaf təbii resurslar hesabına deyil, intellektual potensial
sayəsində baş verir. "İyirmi ildən
artıqdır ki, nəinki Dağlıq Qarabağ, həmçinin
onun ətrafındaki 7 rayon da Ermənistanın
işğalı altındadır" deyən cənab
İlham Əliyev bu münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həll
olunmasını istədiyini bildirdi: "Beynəlxalq təşkilatlar
işğalçı qüvvələrin
çıxmasını tələb edən qərar və qətnamələr
qəbul ediblər. Əfsuslar olsun ki, bu qətnamələr
yerinə yetirilməyib. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələri 20 ildən çoxdur
ki, icra olunmur. Bölgədə davamlı inkişafı təmin
etmək üçün, əlbəttə, Cənubi Qafqaz
daha çox inteqrasiya olunmalıdır. Dağlıq
Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın
beynəlxalq səviyyədə tanınan əraziləri azad
olunmadan bu, mümkün deyil".
Forum
iştirakçılarının fikrincə, birinci Cənubi
Qafqaz Forumunun keçirilməsi qadınların rolunun gücləndirilməsi,
etnik-dini azlıqların qorunması, müştərək cəmiyyətlərin
inkişaf etdirilməsi işinə mühüm töhfələr
verəcək. Kanadanın sabiq baş naziri, Madrid Klubunun
üzvü xanım Kim Kempbel müştərək cəmiyyətlərin
yaradılmasının əhəmiyyətini qeyd edərək
vurğuladı ki, bunun üçün hər bir insanın
institusional hüquqlarını tanıyan, onlara hörmətlə
yanaşan bir sistemin qurulması tələb olunur. Azərbaycanda
qadınların hələ 1918-ci ildə
seçib-seçilmək hüququ qazandığını
xatırladan qonaq müştərək cəmiyyətlərin
qurulmasında ədəbiyyatın və mədəniyyətin
rolunu xüsusi vurğuladı. Latviyanın sabiq prezidenti,
Madrid Klubunun üzvü Valdis Birkavs isə müştərək
cəmiyyətlərin yalnız kiçik ölkələr
üçün deyil, böyük ölkələr
üçün də əhəmiyyətindən
danışdı: "Çünki müştərək cəmiyyətlər
ölkələr, xalqlar arasında dialoqu təşviq edir.
Müştərək cəmiyyətlər qurarkən biz həm
öz uğurlarımızı, həm də səhvlərimizi
müzakirə etmək imkanı qazanırıq".
İordaniya
Kraliçası ülyahəzrət Nur dünyada insanları
narahat edən problemlərdən danışdı: "Hər
il müxtəlif münaqişələr nəticəsində
dünyada minlərlə insan itkin düşür.
Dağlıq Qarabağ münaqişəsində 4600
insanın itkin düşməsindən də
danışmalıyıq. Münaqişənin nizamlanması
itkin düşmüş həmin insanların taleyinə
aydınlıq gətirə bilər". Klubun vitse-prezidenti,
Yeni Zelandiyanın sabiq baş naziri Cenni Şipli Cənubi
Qafqaz Forumunun bu regionda mühüm məsələlərin
müzakirəsi üçün Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşəbbüsünü yüksək
qiymətləndirərək Azərbaycan Prezidentinin fikirlərindən
məmnun qaldığını bildirdi: "Prezident İlham Əliyevin
multikulturalizmə alternativin olmaması ilə bağlı
fikirlərinə şərikəm".
Latviyanın
sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri Vayra Vike-Freyberqa dedi ki, keçmiş Sovet
İttifaqının tərkibində olmuş respublikalar
müstəqillik əldə etdikdən sonra demokratik dövlət
quruculuğunda çox çətinliklərlə
qarşılaşdılar: "Hər bir ölkənin, hər
bir xalqın azad olmağa mənəvi haqqı var. BMT bu məsələlərdə
daha həssas olmalı, yalnız sanksiyalarla kifayətlənməməlidir".
Azərbaycanın
Cənubu Qafqazda mühüm yer tutduğunu deyən
Niderlandın keçmiş baş naziri, Madrid Klubunun prezidenti
Vim Kok bildirdi ki, Azərbaycanda müxtəlif mədəniyyətlərə
mənsub insanlar bir arada mehriban və münaqişəsiz
yaşayırlar: "Bizim hədəfimiz birgə cəmiyyətlərin,
müştərək dəyərlərin yaradılmasına
nail olmaqdır. Güman edirəm ki, bu sahədə
dialoqlarımız davam edəcək".
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasında təmsil
olunduğunu xüsusi vurğulayan natiq kiçik dövlətlərin
böyük dövlətlər qədər müştərək
cəmiyyətlərdə fəal iştirakını yüksək
qiymətləndirdi. Çıxış edənlər Azərbaycanın
qadın hüquqları, insan haqları, demokratik dövlət
quruculuğu istiqamətində mühüm yol qət etdiyini
vurğuladılar.
Onların
fikrincə, forum sivilizasiyalararası dialoqun inkişafına
böyük töhfə verəcək, Azərbaycanla Madrid
Klubu arasında əlaqələrin və təcrübə
mübadiləsinin inkişafına təkan verəcək.
Forumun sonunda Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi arasında əməkdaşlıq protokolu
imzalandı.
Mütəxəssislərin
fikrincə, Qafqaz Forumu Azərbaycanın uğurlarının,
ölkədə gedən proseslərin, müasir intibahın
bütün çalarlarının dünyaya nümayiş
etdirilməsi baxımından çox əhəmiyyətlidir.
Rəsmiyyə RZALI
Azərbaycan.-2013.- 12 may.- S.5.