«Azərbaycan qadını»
jurnalının yaz buraxılışı maraqlı mədəniyyət layihəsi ilə təqdim
olunmuşdur
Mayın 11-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.
"Azərbaycan qadını" jurnalının hər sayının maraqlı mədəniyyət layihəsi ilə təqdimatı artıq bir ənənəyə çevrilmişdir. Bu dəfə iştirakçılara görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş "Elegiya" filmi və gənc vokalçıların ifasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, "Azərbaycan qadını" jurnalının baş redaktoru Fatma Abdullazadə bu gecənin Zərifə xanım Əliyevanın işıqlı xatirəsinə həsr olunduğunu bildirmişdir.
Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan F.Abdullazadə qeyd etmişdir ki, jurnalı vərəqlədikcə bu böyük şəxsiyyətlərin bizə zəngin bir irs qoyub getdiklərini görəcəyik. Bəşəriyyətin bizə bəxş etdiyi bu nurlu insanların əziz xatirəsini daim yaşatmalıyıq. Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki bu zalda əyləşən hər bir xanım onun ənənələrini öz həyatında yaşadır. Təhsilə, elmə, mədəniyyətə müraciət edərək bu milli irsi qoruyub inkişaf etdirir. Bu irsi hər bir Azərbaycan qadını göz bəbəyi kimi qoruyub saxlamalı və bir ərməğan kimi bizdən sonra gələn nəsillərə ötürməlidir.
"Azərbaycan qadını"nın yaz buraxılışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Jurnalın
yeni sayında oxuculara bir-birindən maraqlı bədii-publisistik
yazılar, eləcə də ölkəmizin həyatında
parlaq hadisəyə çevrilən mühüm beynəlxalq
layihələri əks etdirən materiallar təqdim
olunmuşdur.
Novruz
bayramı ərəfəsində Azərbaycanda keçirilən
"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı
bir sıra yeniliklərlə yadda qalmışdır.
Festivalın təşkilatçıları oxuculara məhz
bu yeniliklərdən söz açmışlar .
Ənənəvi
olaraq İsveçrənin Davos şəhərində təşkil
edilən Dünya İqtisadi Forumu bu ilin aprelində ilk dəfə
Bakıda keçirilmişdir. Tanınmış
iqtisadçıları, ekspertləri, jurnalistləri, dövlət
və hökumət nümayəndələrini bir araya gətirən
Dünya İqtisadi Forumu jurnalın səhifələrində
geniş əksini
tapmışdır.
Avropa
Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Oyunlarının
Bakıda keçirilməsi ilə bağlı qərar qəbul
etmişdir. "Odlar yurdunda Olimpiya məşəli"
yazısında bu mühüm layihəyə hazırlıqdan
bəhs olunur.
Fəaliyyətinin
prioritet istiqamətlərindən biri gənc nəslə hərtərəfli
qayğının göstərilməsi olan Heydər Əliyev
Fondu paytaxtın uşaq müəssisələrində
müxtəlif tədbirlər keçirir. Fondun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə
Müasir İncəsənət Muzeyində Nizami rayonu 1
nömrəli uşaq evinin gənc rəssamlarının əsərlərinin
təqdim edildiyi "Balaca əllərin böyük işləri"
sərgisi açılmışdır. Oxucular jurnalda dərc
edilmiş "Fırça tutan balaca əllər"
yazısında bu istedadlı uşaqların
yaradıcılıq dünyası ilə daha yaxından
tanış ola biləcəklər.
Zərifə
xanım Əliyevanın xatirəsinə həsr olunmuş
"Elegiya"da görkəmli oftalmoloq alimin həyat və
yaradıcılığından bəhs edilmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin sədri, "Baku" beynəlxalq jurnalının
baş redaktoru Leyla Əliyevanın "Azərbaycan
qadını" jurnalına səmimi müsahibəsi oxucular
tərəfindən maraqla qarşılanacaqdır.
Jurnalın
səhifələrində, həmçinin "Onların bir
adı da işıqdı" layihəsi, "Ay kimi
nurlu", "Qarağacın zərif budağı",
"Bu gündən başlanan gələcək" və
digər maraqlı materiallar yer almışdır.
Azərbaycan.-2013.- 12 may.- S.6.