Azərbaycanın Naftalan
və Fransanın Leql şəhərlərinin qardaşlaşmasına dair rəsmi sənəd
imzalanmışdır
Mayın
10-da Fransanın Aşağı Normandiya regionunun Orn
departamentindəki Leql şəhər bələdiyyə idarəsində
Azərbaycanın Naftalan və Leql şəhərlərinin
qardaşlaşmasına dair rəsmi sənəd
imzalanmışdır. Ümummilli lider Heydər Əliyevin
doğum gününün 90 illiyinə təsadüf edən
bu hadisə ulu öndərin uğurlu xarici siyasətinin tərkib
hissəsi kimi mühüm əhəmiyyət
daşımışdır.
İmzalanma
mərasimində ölkəmizin və Fransanın dövlət
himnləri səslənmişdir.
1950-ci
ildə Avropa İttifaqının yaradıcılarından
biri olan Jan Monenin "Biz dövlətləri istismar etmirik,
insanları birləşdiririk" fikrini xatırladan şəhərin
meri Tierri Pinot ölkələr arasında qurulan əlaqələr sayəsində dünyanın xəritəsinin
dəyişdiyini 20 ildən bir qədər artıq vaxtda
müstəqil dövlətini quran Azərbaycanla Fransanın
bütün sahələrdə əməkdaşlıq etdiyinə
diqqət çəkmişdir.
Mer
son illərdə ölkələrimiz
arasında ikitərəfli əlaqələrin dinamik
inkişaf etdiyini vurğulamış, İlham Əliyev
Prezident seçildikdən sonra 2004-cü ildə ilk xarici səfərini
və 2007-ci ildə isə dövlət səfərini Fransaya etdiyini, Fransa Prezidenti Nikola
Sarkozinin 2011-ci ildə Azərbaycana, 2012-ci ilin sentyabr
ayında isə Prezident İlham Əliyevin növbəti dəfə
Fransaya səfərlərini, Fransa parlamentarlarının
mütəmadi Bakıda olduqlarını
xatırlatmışdır.
Fransa
ilə geniş iqtisadi əlaqələr yaradan Azərbaycanın
Qafqazın bir ölkəsi kimi Fransadan çox uzaq məsafədə
yerləşdiyini vurğulayan T.Pino iki ölkə arasında
ticarət dövriyyəsinin 4 milyard avro təşkil etdiyini,
30-dan artıq fransız şirkətinin Azərbaycanda fəaliyyət
göstərdiyini, mədəniyyət
və elm sahələrində əməkdaşlığın
sürətlə inkişafda olduğunu, Bakıda təməli
qoyulan fransız məktəbinin öz qapılarını
tezliklə şagirdlərin üzünə
açacağını, gözəl Azərbaycan və Naftalan şəhəri ilə
tanışlıqdan böyük məmnunluq hissi duyduğunu
bəyan etmişdir.
Mer
2011-ci ildə Leql və Naftalan şəhərlərinin
qardaşlaşmasına dair razılıq protokolunun
imzalandığını, keçən il 18 leqlli
idmançının Naftalanda həmkarları
yarış keçirildiyini kənd təsərrüfatı
naziri İsmət Abbasovun Leqldə işgüzar səfəri
zamanı iqtisadi əməkdaşlığa
dair birgə layihə çərçivəsində İMV
müəssisəsinin rəhbərləri ilə
görüşdüyünü, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
yardımı ilə şəhər musiqi məktəbinin
zallarından birinin təmir edildiyini, Leqllə
Naftalanın
qardaşlaşmasının Fransa və Azərbaycanın
iki şəhəri arasında ilk qardaşlaşma olduğunu
qeyd etmiş və bu qardaşlaşmanın Şərq və
Qərb arasında dinamik əlaqələr
istiqamətində yeni dövrün simvolu kimi səciyyələndirmişdir.
Mer
çıxışının sonunda gələn həftə
Leqldə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri" layihəsi çərçivəsində
Azərbaycan günlərinin keçiriləcəyini
bildirmişdir.
Naftalan
şəhərinin icra başçısının
müavini Arzu Məmmədov Leql ilə Naftalan arasında
qardaşlaşmaya dair razılıq protokolu
imzalandığı gündən etibarən Azərbaycanın Dövlət
bayrağının Leql şəhər bələdiyyə
binasının qarşısında dalğalanmasını
mühüm tarixi hadisə olduğunu diqqətə çəkmiş,
qədim tarixi şəhər olan Leqllə 45 illik tarixə
malik Naftalanın
qardaşlaşmasını mühüm hadisə kimi dəyərləndirmiş,
Leql və Naftalanın nümayəndə heyətlərinin
qarşılıqlı səfərlər etdiyini,
qardaşlaşmanın kağız üzərində
qalmayaraq əməli fəaliyyət sahələrini əhatə
edəcəyinə əminliyini ifadə etmişdir. Naftalan
şəhərinin 10 min əhalisi olduğunu xatırladan A.Məmmədov
məşhur Naftalan neftinin dünyada analoqu
olmadığını qeyd etmiş, onun xüsusi müalicəvi
əhəmiyyətindən, digər sahələrdə hər
iki şəhər arasında gələcək əməkdaşlıq
imkanları barədə danışmışdır.
Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov iki şəhərin
qardaşlaşmasına dair rəsmi sənədlərin
imzalanmasını Azərbaycan üçün tarixi bir an
kimi dəyərləndirmiş, bunun Azərbaycan və Fransa
şəhərləri arasında qardaşlaşma istiqamətində
ilk addım olduğuna diqqət
çəkmiş, iki xalqın daha da yaxınlaşmasında
bu cür addımların mühüm əhəmiyyətini
vurğulamışdır.
Fransanın
Azərbaycanla tərəfdaşlıqda ikinci olduğunu
xatırladan səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın
daim inkişaf etdiyini, siyasi sahədə də əlaqələrin
yeni mərhələyə daxil olduğunu, Heydər Əliyev
Fondunun təşkilatçılığı və Azərbaycanın
Fransadakı səfirliyinin dəstəyi ilə
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
çərçivəsində Fransada keçirilən Azərbaycan
günləri sayəsində fransızların artıq
ölkəmiz barədə müəyyən məlumatlar əldə
etdiyini, belə bir tədbirin gələn həftə Leqldə
təşkil olunacağını bildirmişdir.
Orn
departamentindən senator seçilən Natali Qule bu gün Azərbaycanın
Dövlət himninin Leqldə səslənməsinin təsiri
altında olduğunu bəyan etmiş, ölkəmizi Fransaya
yaxın dost kimi dəyərləndirmiş, Azərbaycanın
20 ildən artıq bir dövrdə müharibə vəziyyətində
yaşamasına, ərazisinin 20 faizinin işğal
olunmasına baxmayaraq, iqtisadiyyatının sürətlə
inkişaf etdiyini diqqətə çəkmiş , Heydər Əliyev
Fondunun Vatikanda əlyazmaların və Strasburqda katedralın bərpasına
göstərdiyi yardımı yüksək qiymətləndirmiş,
Fransa ilə Azərbaycan arasında dostluq əlaqələrinin
inkişafından bəhs etmiş, Leqllə Naftalanın
qardaşlaşmasını iki
ölkə arasında əlaqələr istiqamətində
böyük uğur kimi dəyərləndirmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Leql
Azərbaycan.-2013.- 12 may.- S.6.