Niyə kitab oxumuruq

 

Səbəb kitablardadır, yoxsa özümüzdə?

 

Dahi şairimiz Nizami Gəncəvi deyirdi: - "Bilik öyrənməyi ar bilən hər kəs dünyada mərifət qazana bilməz". "Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür" - bunu isə ingilis filosofu Herbert Spenser deyib. Qarşılaşdırılmış iki fərqli fikir əslində bir-birinin məntiqi davamıdır. Yəni hər bir fikirdə cəmiyyət əxlaqının mənbəyində kitabın dayandığı aydın olur.

Biz insanlar da həyatı həm yaşayaraq öyrənirik, həm də oxuyaraq. Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik Azərbaycan xalqı bəşəriyyətin təşəkkül dönəmindən bu günədək maddi mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Bu baxımdan insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri Azərbaycanda da vacib amil kimi qiymətləndirilir. Lakin bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki, ölkədə kitab oxuyanların sayı sovet dövrü ilə müqayisədə xeyli azalıb. Nəşr olunan, idxal edilən kitabların sayına görə ölkəmiz bəzi MDB dövlətlərindən geri qalır.

 

Hər üç min adama bir kitab

 

Məsələyə təkcə Azərbaycan miqyasında deyil, qlobal müstəvidə yanaşdıqda məlum olur ki, kitaba olan tələbat bütün dünyada aşağı düşüb. Bunun bir sıra obyektiv səbəbləri var. Bəzən fikirlər səslənir ki, bəşəriyyətdə yeni texnoloji imkanların mövcudluğu, kompyuter, telefon və s. kimi texnologiyaların böyük sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq insanlarda yeni maraqlar, yeni axtarışlar  formalaşmağa başlayır. "Qanun nəşriyyat evi"nin araşdırmasına görə, bu gün Azərbaycanda hər üç min adama bir kitab düşür. Bu göstərici ölkələrə görə dəyişir. Rusiyada hər dörd adama bir kitab, İngiltərədə isə hər adama dörd kitab düşür. Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə isə hər 7 nəfərə 1 kitab düşür.

Bəs kitab nə üçündür, onun mahiyyətini, faydasını və vacibliyini dərk edirikmi? Öncə deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişafyaradıcı və ziyalandıran ünsürdür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Elə kitablar var ki, insan həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan vasitə olub. Almaniyalı professor Fişerin sözlərinə görə, "insan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır".

Buradan belə çıxır ki, kitab oxumaq insan psixologiyasına və səhhətinə də müsbət təsir göstərir. Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı alimlər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir.

 

Müasir dövrün yeni tələbləri

 

Belə olan təqdirdə sual ortaya çıxır: niyə kitab oxumuruq? Bəlkə həqiqətən də kitabın faydası barədə bizə məsləhət verən olmayıb?! Mövzu ətrafında bir neçə mütəxəssislə söhbətləşdik, kitabxanalara baş çəkdik.

Şəhər kitabxanaları sözün əsl mənasında oxucusuz qalıb! Bunun əsas səbəbləri kimi oxucunun ona lazım olan kitabı tapa bilməməsi, yeni nəşrdə olan kitabların azlığı kimi amilləri göstərmək olar. Amma bəzən belə fikirlər səslənir ki, indiki gənclər kitab oxumur! Bu sahədə olan araşdırmamız göstərdi ki, reallıq tam əksidir, yəni oxucuların böyük əksəriyyəti elə gənclərdir.

Bunun əyani sübutunu Mirzə Fətəli Axundov adına Milli Kitabxanada gördük. Məlumdur ki, artıq son iki ildə bu qədim mədəniyyət ocağında kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsinə başlanılıb. Kitabxanada səhər saatlarında olmağımıza baxmayaraq, oxucu zalının üçdə biri dolu idi. Onların da böyük əksəriyyətini gənclər təşkil edirdi. Bizə bələdçilik edən Oxuculara xidmət şöbəsinin rəhbəri Ədibə İsmayılova dedi ki, çoxsaylı oxu zalları olan Milli Kitabxanada oxucu problemi yoxdur və oxuculara hər cür şərait yaradılıb. Əvvəlki illərə nisbətən kitabxananın fondundan istifadə edən oxucuların sayında artım müşahidə olunur. 2012-ci il ərzində kitabxananın daimi oxucularının sayı 36 360 nəfərə  çatmışdır. Virtual oxucuların (saytdan, elektron kataloqdan və elektron kitabxanadan istifadə edənlər)  sayı 449 000 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlər  1257 nəfərdir. İl ərzində kitabxanaya gələn 163 383 nəfər oxucuya 771 023  nüsxə ədəbiyyatla xidmət edilmişdir.

Qeyd edək ki, oxucu kitabxana kataloqundan istifadə etmədən birbaşa elektron məlumat bazasından yararlanır. Elektron kataloq, elektron kitabxana xidmətləri kimi, oxucuya kitab verilişi prosesi də avtomatlaşdırılıb. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir, iki dəqiqə ərzində ona elektron bilet verilir. Elektron bilet ilə avtomatik qeydiyyatdan keçir və elektron kataloqdan sifarişini verir. Oxucu artıq tələbnamə yazmır. Elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir.

 

İnsanları kitaba qaytarmaq üçün nə etməli?

 

Müasir dövrün tələblərinə cavab verməyən kitabxana da, cəmiyyət də, təbii ki, oxucusuz qalacaq. Amma bu məsələnin həlli təkcə insanların kitaba qayıtmasına kifayət etmir. Digər tələblər də ortaya çıxır - oxucu nə istəyir, hansı kitabları oxumalıdır, yazılan, nəşr olunan əsərlər onun tələblərini ödəyə bilirmi, yaxud insanları kitaba qaytarmaq üçün nə etməli və s.

Həmsöhbətimiz olan yazıçı-dramaturq Elçin Hüseynbəyli çinlilərin müdrik bir deyimini misal çəkdi: "O cəmiyyətdə ki kitabları, uşaqları və qocaları sevmirlər, o cəmiyyət xoşbəxt ola bilməz". Nəzərə alsaq ki, Çin sivilizasiya və mədəniyyət baxımından qədim ölkələrdən biridir, ona görə onların deyimlərinə də kifayət qədər ciddi yanaşmaq lazımdır: "İllərdir deyirlər ki, kitab sıradan çıxacaq, düzdür, mən də o fikirdəyəm ki, getdikcə kitab öz yerini elektron kitablara verəcək. Ola bilsin ki, elektron versiyadan da bir az irəli gedəcək. Çünki bu gün Amerikada bir kitabın bir neçə versiyası hazırlanır, əsər yaxşı əsərdirsə, onun həm elektron forması, həm disk formatı, əsərə film çəkilibsə film, tamaşa oynanılıbsa tamaşa və bir də əsərin audio-səsli variantı hazırlanır. Yəni bunlar kompleks şəkildə oxuculara təqdim olunur. Kimə necə rahatdırsa, əsəri elə oxuyur. Şübhəsiz ki, bizdə də bu formalar yavaş-yavaş inkişaf etməyə başlayır. Yəqin ki, gələcəkdə deyilən mətləbə də gəlib çatacağıq. Ancaq hansı  formada olmasına baxmayaraq, kitabı heç nə əvəz etmir və etməyəcək. Ona görə ki, Tanrı tərəfindən də Yer üzünə göndərilən kitab olub".

Sovet dönəmi ilə hazırkı dövrü müqayisə edən yazıçı dedi ki, o dövrü indiki zamanla müqayisə etmək çox çətindir: "Əvvəla, quruluşlar, dəyərlər dəyişib, kitaba, mədəniyyətə, incəsənətə münasibət dəyişib. Bu baxımdan da biz müəyyən müddətdə oxucusuz qaldıq. Amma indi getdikcə insanların kitaba marağı artır. Bu, bir yandan piar, digər tərəfdən müəyyən mənada sabitləşmə məsələsidir ki, insanlar artıq oturub rahat şəkildə kitab oxuya bilirlər. Bununla yanaşı, biz yenə də öz oxucularımızla öyünə bilmərik".

 

Yazıçı çalışmalıdır ki, oxucu məyus olmasın!

 

Hesablamalara görə, Azərbaycanda fəal ədəbiyyat oxucusu təxminən min nəfərdir. Beş min nəfər də passiv ədəbiyyat oxucusu var, yəni onlar kitabı ya hədiyyə kimi istəyirlər, yaxud yeri düşəndən-düşənə alırlar. E.Hüseynbəyli isə bildirdi ki, elə buna görədir ki, bu gün Azərbaycanda nəşr olunan kitabların ən yüksək tirajı 1000-1500 olur: "Çünki kitabın satılması problemi mövcuddur. Uzun müddət bizdə kitab mağazaları yığışdırıldı, təyinatı dəyişdirildi. Ancaq indi yavaş-yavaş kitab satışı şəbəkələri yaranır. Bu, supermarketlərin, metro servisin və s. xəttiylə yayılır. Hesab edirik ki, getdikcə kitab oxucuları yenidən özümüzə qayıdacaq".

E.Hüseynbəyli əlavə etdi ki, çalışmaq lazımdır oxucuları həvəsdən salmayaq. Bu məsələdə tənqidçilər də öz peşələrinə ciddi yanaşmalıdırlar ki, ədəbiyyata dəxli olmayan, hansısa dostluq və maddi təminat qarşılığında zəif əsərlər təriflənib insanlara sırınmasın. Belə olduqda oxucunu aldadırıq. O, əsəri oxuyub düşünəcək ki, tərifli əsər bu gündədirsə, gör o birilər necədir?! Ona görə də yazıçılar da çalışmalıdırlar ki, oxucu məyus olmasın! Həmçinin kitabların təbliğ olunmasını genişləndirmək lazımdır, yazıçılara bir az diqqət artırılmalıdır ki, yazıçı şöhrəti özünə qayıtsın. İnsanlar bilməlidirlər ki, doğrudan da cəmiyyətdə yazıçıya əvvəlki isti münasibət var. Bir də kitabların (yaxşı kitabların, hansısa maraqlara xidmət edən əsərlərin yox) doğru istiqamətdə müzakirəsinin aparılması yaxşı olardı. Media da bu kitabları pulsuz reklam etsə, əlbəttə ki, hansısa nəticələri əldə etmək olar.

 

Kitab özünüifadənin ən asan, ən kamil yollarını göstərir

 

"Qanun nəşriyyat evi"nin direktoru Şahbaz Xuduoğlu da dedi ki, əvvəlki illərlə müqayisədə son vaxtlar kitaba maraq artıb: "Mən deməzdim ki, hazırda dünyada kitab oxunmur, oxunur. Amma dünya ilə müqayisədə bizdə çox az oxunur! Biz bu işlə birbaşa məşğul olan bir qurum kimi mütailədə gənclərin aktivliyinin gündəlik şahidi oluruq. Əvvəllər ictimai nəqliyyatda kitab oxuyan görməzdiksə, amma indi xeyli adamın əlində kitab görürük. Bu, çox sevindirici haldır! Kitab özünüifadənin ən asan, ən kamil yollarını göstərir. Hər bir gənc bunu dərk edərsə, təbii ki, kitaba yaxın gələcək. Əgər gənclər özlərini kitabda ifadə edə bilsələr, o kitaba yaxın gələcəklər. İnsanlara kitab haqqında məlumat verilməlidir, bilməlidirlər ki, hansı kitablar çıxıb, o kitab oların həyatında necə rol oynaya bilər. Bu zaman, təbii ki, həmin tələbə o kitabın arxasınca gedəcək".

Qeyd edək ki, hazırda informasiyalı cəmiyyətdə yaşayırıq. Bir çox insanların  informasiya tələblərini isə gündəlik şou və kriminal xəbərlər zəbt edib. Ş.Xuduoğluya görə, insanlar kriminal və şou tipli informasiyaları sadəcə bir maraq kimi qəbul edirlər: "Amma lazım olan informasiyanı kitabdan almaq tam fərqli bir şeydir. Biz o şou xəbəri yaradanı da kitaba gətirməliyik. Mən inanmıram ki, oxumuş, savadlı bir cəmiyyətdə kriminal hadisələr cərəyan etsin. Avropa ölkələrinə baxanda görürsən ki, kriminallıq səviyyəsi aşağıdır, amma oxumaq səviyyəsi daha yüksəkdir. Yəni oxumaq səviyyəsi yüksək olan ölkədə kriminal vəziyyət həmişə aşağı olur".

"İnsanların çoxu özlərinə haqq qazandırır ki, vaxtım yoxdur kitab oxumağa. Amma qətiyyən belə olmamalıdır, ən azı gündə yarım saat kitaba vaxt ayırmaq lazımdır. Kitab insanı formalaşdırır, onun düşüncəsini, əqlini müəyyənləşdirir, onu uğura doğru aparır. İnanıram ki, nə vaxtsa Azərbaycanda da kitaba kütləvi axın olacaq". Bunu isə  "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli dedi. Bildirdi ki, 5-10 il əvvəl Azərbaycanda ümumiyyətlə kitab oxunmurdu. İndi isə kitab oxumaq getdikcə dəbə düşür. Bu sahədə gənclər çox aktivdirlər, yəni gənclərimiz artıq kitabdan zövq almağa başlayıblar: "İnsanları yenidən kitaba qaytarmaq üçün dövlət tərəfindən xüsusi proqram hazırlanmalıdır. Fikrimcə, ali və orta məktəblərdə kitaba böyük diqqət yetirilməlidir. Kitabxanalar yeni nəşrlərlə təmin olunmalı və tələbələr arasında onların təbliği aparılmalıdır".

 

Ölkədə cəmi on kitab evi var

 

N.Köçərli müasir texnologiyaların, internetin, telefonun kitaba olan təsirinə çox yaxşı baxdığını bildirdi: "Mən hesab etmirəm ki, internetdən istifadə edən  adam kitab oxumur, bu, qəti belə deyil! Kitabı oxumaq istəyən adam onu internetdən də tapıb oxuyur. Bunun heç bir fərqi yoxdur, əsas odur ki, kitab oxunsun. Ölkəmizdə kitab mağazalarının sayı çox azdır. Bu isə oxucuların azalmasına dəlalət edir. 12-13 il əvvəl bu mövzu aktual deyildi. Kitabla bağlı heç kəs danışmaq istəmirdi. Sevinirəm ki, nəhayət, kitab barədə danışılır. Kitab artıq bizim həyatımıza hər hansı formada gəlib. Amma yenə də çox narazıyam. Hələ kitaba marağın artması, oxunması üçün çox işlər görməliyik. Bu sahədə dəyişikliklər olmalıdır. Əhalisi 10 milyona yaxın olan ölkədə cəmi on kitab evi var. Bu, çox aşağı bir rəqəmdir". N.Köçərli əlavə etdi ki, kitaba marağın artırılması hər kəsin özündən başlamalıdır. Məsələn, elə bu gün özümüzə və dostlarımıza bir kitab ala bilərik. Ya da kitabxanadan bir kitab götürüb oxumaq olar.

Görünən odur ki, bir çoxumuz kitabın mahiyyətini lazımi qədər qiymətləndirmirik. Yaxud vaxtın azlığını bəhanə gətirib kitab oxumaq istəmirik. Amma S.İ.Povarnin tətbiq etdiyi "Kitabı necə oxuyaq" qaydalarından birində belə deyir: "Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyifsilənmə, artıqlaması ilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et!.."

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 12 may.- S.7.