Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə
rəsmi lanç
Azərbaycan
Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri
Mayın
13-də Vyanada Avstriya Respublikasının Prezidenti Haynts
Fişer və xanımı Margit Fişer tərəfindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi
lanç verilmişdir.
Ölkələrimiz
arasında münasibətlərin uğurlu inkişafından
məmnunluğunu bildirən Avstriya Prezidenti Haynts FİŞER
dedi:
- Sizə
və xanımınıza dəvətimizi qəbul edib
Avstriyaya nümayəndə heyəti ilə səfər
etdiyinizə görə minnətdaram.
Azərbaycana,
Bakıya 2011-ci ilin payızında səfərim zamanı bizə
göstərilmiş qonaqpərvərliyə cavab olaraq mən
də Sizi eyni qonaqpərvərliklə qəbul edirəm.
Əməkdaşlığımız
üçün bir çox vasitələr mövcuddur. Deyə
bilərəm ki, əməkdaşlığımız hər
zaman uğurlu olmuşdur. Ticarət dövriyyəsinin göstəriciləri
artır, ixrac-idxal əməliyyatları genişlənir. Beynəlxalq
müstəvidə, yəni beynəlxalq forum və təşkilatlar
çərçivəsində də əməkdaşlıq
edirik.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
münasibətilə təbriklərini çatdıran
Avstriya dövlətinin başçısı uzun illərdir
həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ölkəmiz
üçün qəbul ediləcək həlli variantına
nail olunacağına əminliyini bildirdi.
Münasibətlərin
genişləndirilməsi baxımından yüksək səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyətinə
toxunan Prezident Haynts Fişer iqtisadi əlaqələrin
möhkəmləndirilməsinin və səfər zamanı
imzalanan Bəyannamənin vacibliyini vurğuladı.
* * *
Yüksək
qonaqpərvərliyə görə minnətdarlığını
bildirən Prezident İlham ƏLİYEV Azərbaycan ilə
Avstriya arasında əlaqələrin uğurla inkişaf
etdiyini vurğulayaraq dedi:
-
Münasibətlərimizin tarixində ilk Avstriya Prezidenti kimi
Sizin Azərbaycana səfərinizi yaxşı
xatırlayırıq. Bu, tarixi səfər idi. Biz çox
gözəl şəxsi münasibətlər qurmuşuq və
dialoqumuzu intensivləşdirmək razılığına gəldik.
İki ildən az müddətdə görürük ki, ticarət
dövriyyəmiz sürətlə artmışdır.
Çox fəal siyasi məsləhətləşmələr
aparılır.
Dövlətimizin
başçısı yüksək səviyyədə
qarşılıqlı səfərlərin, həmçinin
işgüzar dairələrin görüşlərinin
ölkələrimiz arasında əlaqələrin daha da
möhkəmlənməsinə xidmət etdiyini bildirdi. Azərbaycanda
fəaliyyət göstərən Avstriya şirkətlərinin
bir sıra sahələrdə uğurla təmsil
olunduqlarını qeyd edən Prezident İlham Əliyev
bildirdi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
yaxşı perspektivi vardır.
Avstriyanın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tutduğu mövqeyə
də toxunan Prezident İlham Əliyev dedi:
-
Problemlərimizi başa düşdüyünüzə
görə Sizə olduqca minnətdaram. Burada xüsusən də
həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi və insanlarımızın
çəkdiyi əziyyətlər nəzərdə tutulur.
Münaqişənin beynəlxalq hüququn normalarına uyğun olaraq həllinə
dünya ictimaiyyətinin sadiqliyi nikbinlik yaradır. Lakin 20 il ərzində
bu münaqişənin həll olunmaması faktı, əlbəttə
ki, çox məyusedicidir. Dostluq və tərəfdaşlıq
haqqında Birgə Bəyannaməmizdə qeyd edildiyi kimi, həll
yolu beynəlxalq hüququn normalarına, beynəlxalq təşkilatların
qərar və qətnamələrinə əsaslanmalıdır.
Qarşıdakı
illərdə ölkələrimizin tərəfdaşlıq
münasibətlərinin daha da güclənəcəyinə əminliyini
vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya
arasında hava nəqliyyatı əlaqəsinin genişləndirilməsinin
vacibliyini bildirdi. Dövlətimizin başçısı
Vyana ilə Bakı arasında ən azı hər gün
uçuşların təşkilinə əməkdaşlığımızın
əlverişli zəmin yaratdığını qeyd etdi.
Prezident
İlham Əliyev yüksək qonaqpərvərliyə görə
bir daha minnətdarlığını bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.3.