Vyanada Avstriya-Azərbaycan
biznes forumu keçirilmişdir
Azərbaycan və Avstriya prezidentləri
biznes forumda iştirak etmişlər
Azərbaycan Prezidenti İlham Əliyevin
Avstriyaya rəsmi səfəri
Mayın
13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avstriya
Respublikasının Prezidenti Haynts Fişer biznes forumda
iştirak etmişlər.
Tədbiri
açan Avstriya Ticarət Palatasının prezidenti Kristof
Laytl Azərbaycanın inkişafındakı xidmətlərinə
görə Prezident İlham Əliyevi təbrik etdi. "Bu
gün Azərbaycanda çoxlu iri layihələr həyata
keçirilir", - deyən K.Laytl bildirdi ki, bu layihələr
bir çox sahələri əhatə edir və Azərbaycanda
əməkdaşlıq baxımından yaxşı potensial
mövcuddur.
Avstriya
Prezidenti Haynts Fişer bu biznes forumu ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın göstəricisi
kimi xarakterizə etdi. Qeyd etdi ki, Avstriya ilə Azərbaycan
arasında iqtisadi əlaqələr genişlənir. Artıq
Azərbaycan Avstriya şirkətləri üçün
münbit bazara çevrilmişdir.
Ölkələrimiz
arasında ikitərəfli əməkdaşlığın
bir çox sahələri əhatə etdiyini deyən Haynts
Fişer turizm, xidmət və bank sektorlarını konkret
misallar kimi göstərdi. Qeyd etdi ki, 2011-ci ilin oktyabrında
Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumundan
sonra əməkdaşlıq xeyli genişlənmiş və
iş adamlarının budəfəki görüşü
iqtisadi əlaqələrimizin inkişafında mühüm
addım olacaqdır. Bunu deməyə əsas verən ən
mühüm amil isə ölkələrimizin yüksək
siyasi əməkdaşlığa malik olmasıdır.
Prezident
İlham Əliyev bir çox Avstriya şirkətlərinin
ölkəmizdə uğurla fəaliyyət göstərdiyini
və Azərbaycanın iqtisadi inkişafına töhfə
verdiklərini qeyd etdi. "Memarlıq abidələrindən
tutmuş hava limanına və Azərbaycanın rəmzlərindən
biri olan Qız qalasının bərpasına qədər bir
çox sahələrdə çalışan Avstriya şirkətləri
sürətlə müasirləşən Azərbaycanın
inkişafına töhfə verirlər", - deyən
Prezident İlham Əliyev ölkəmizin iqtisadi
uğurları barədə məlumat verdi. Bildirdi ki,
hazırda regionda ən böyük layihələri
reallaşdıran Azərbaycan artıq öz peykini orbitə
buraxmışdır. Qarşıda duran əsas məsələ
isə iqtisadiyyatın şaxələndirilməsinə nail
olmaqdır.
Enerji sahəsində
Avstriya ilə əməkdaşlığın uğurlu
olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın
enerji diplomatiyası əməkdaşlıq üzərində
qurulmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Xəzərin
enerji resurslarını dünyaya açan ilk ölkə kimi
tarixə düşmüşdür. Bu gün Azərbaycan
neft-qaz kəmərləri sistemi ilə dünyanın enerji təhlükəsizliyində
mühüm rol oynayır.
"Avstriya
şirkətləri bizim əsas tərəfdaşlarımızdır",
- deyən dövlətimizin başçısı biznes
forumun işinə uğurlar arzuladı və bu ölkənin
iş adamlarını Azərbaycana dəvət etdi.
(Geniş
hesabat qəzetin növbəti nömrəsində dərc
olunacaqdır).
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.3.