Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyana şəhər meriyasında olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri
Avstriya
Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də
Vyana şəhərinin meri Mixael Höypl ilə
görüşmüşdür.
Mer Mixael HÖYPL dedi:
- Cənab Prezident!
Hörmətli qonaqlar!
Vyana Şəhər
Şurasında Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevi salamlamaqdan məmnunam. Vyananın paytaxtına xoş
gəlmisiniz.
Vyana mədəniyyət
şəhəri kimi tanınır. Burada həm müasir,
həm tarixi binalar vardır. Konsert zallarını və muzeyləri seyr edərkən bunun haradan qaynaqlandığını
hər kəs dərhal anlayır.
Vyana həmçinin
müasir inkişaf edən şəhərdir. Bu şəhər mədəniyyətlərarası
dialoq şəhəridir.
Vyananın Nyu-York və
Cenevrə ilə yanaşı, BMT-nin mühüm qurumlarının
yerləşdiyi məkan
olması faktı onun xüsusi funksiyalarının və
rolunun bütün dünyada tanınmasına
dəlalət edir.
Vyanada bir çox beynəlxalq təşkilatların
baş qərargahları
yerləşir.
Biz mədəni və
dini toqquşmalarda mədəniyyətlərarası təmaslara və dialoqa sadiqliyimizdən böyük qürur hissi duyuruq. Vyana dialoq,
görüş üçün
platformadır. Burada hamı
siyasi və diplomatik həll variantlarının bir araya gəlməsinə inanır. Bu, tarixi ənənələrə
və keçmişimizə
əsaslanır.
Ötən il Vyana ilə Bakı arasında daha intensiv təmaslar
baş tutmuşdur. Həmin vaxt Bakıda Vyana balı keçirilmişdir.
Bu, Dunay çayının
sahilində yerləşən
şəhərin Azərbaycan
paytaxtını musiqi
ilə salamlamağına
bənzəyirdi.
2011-ci ilin sonunda rəsmilərdən
və iş adamlarından ibarət yüksək rütbəli
nümayəndə heyəti
Bakıya səfər
etmişdir və onlar Vyananın təchiz edəcəyi nou-hauya böyük marağın şahidi oldular. Bu, nəqliyyat hərəkatının və
daşımaların planlaşdırılması
və idarəçilik
kimi şəhər texnologiyaları, alternativ enerji mənbələri, tullantıların işlənilməsi,
mədəniyyət və
turizm obyektlərinin istismarı sahəsində
yeniliklər ola
bilər.
Azərbaycanın da Vyanada iştirakı
yüksələn xətlə
artır. Bu halda
məşhur və xalq tərəfindən sevilən vyanalı memarımız Hans Mozanın
paytaxtın 13-cü dairəsindəki
keçmiş villasında
Azərbaycan səfirliyinin
yerləşməsi faktını
misal kimi gətirmək olar. Əmin ola
bilərsiniz ki, vyanalılar buna çox diqqətlə yanaşırlar.
Cənab
Prezident, Vyanaya gəlməyinizdən və
şəhərimizin qızıl
kitabını imzalayacağınızdan
olduqca məmnunam. Çünki bu, xalqlarımız
arasında olan qarşılıqlı hörmətin
təzahürüdür. Vyanaya xoş gəlmisiniz və Avstriyada səfərinizə uğurlar
arzulayırıq.
* * *
Azərbaycan Prezidenti İlham
ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli mer, hörmətli dostlar!
İlk öncə,
mən Şəhər
Şurasına dəvətə
və Sizinlə görüşmək imkanına
görə təşəkkürümü
bildirmək istəyirəm.
Bu gün mən
gözəl ölkənizə
ilk rəsmi səfərimi
həyata keçirirəm. Prezident və
Baş nazirlə çox yaxşı müzakirələrimiz olmuşdur.
Biz ikitərəfli dostluq
münasibətlərimizi geniş
şəkildə nəzərdən
keçirdik. Gələcək əməkdaşlıq üçün bir çox geniş perspektivlər müəyyən
edildi.
Avstriya ilə Azərbaycan əsl dost və tərəfdaşdırlar. Bu gün iki Prezidentin
imzaladığı siyasi
bəyannamə Dostluq
və Tərəfdaşlıq
Bəyannaməsi adlanır.
Bir sözlə, bu, münasibətlərimizin mahiyyətini
əks etdirir. Əlbəttə ki, Şəhər
Şurasına ziyarət
etmək fürsəti
böyük şərəfdir.
Əminəm ki, ölkələrimiz arasında təmaslar yerli bələdiyyələr
səviyyəsində inkişaf
edəcəkdir. Bizim bu sahədə
çox müsbət
təcrübəmiz vardır.
Azərbaycanın Naxçıvan Muxtar
Respublikası ilə Stiriya əyaləti arasında, Sumqayıt və Lints şəhərləri
arasında tərəfdaşlıq
vardır. Bunlar qardaşlaşmış
məkanlardır.
Ümidvarıq ki, günlərin birində Bakı ilə Vyana daha geniş əməkdaşlığa başlayacaqdır. Çünki bizim aramızda, şəhərlərimiz arasında
bir çox oxşarlıqlar vardır.
Onlardan biri tarixi irsimizə,
memarlığımıza, tarixi abidələrimizə
çox diqqətli yanaşmadır. Aramızda olan
əməkdaşlıq və
etimad səviyyəsi
o qədər yüksəkdir
ki, Azərbaycan və Bakının əsas rəmzi - məşhur Qız qalası hazırda avstriyalı mütəxəssislər
tərəfindən bərpa
edilir. Bakının bir çox
yeni rəmzləri, gözəl binalar Avstriya şirkətləri
tərəfindən layihələndirilir
və tikilir.
Ümid edirəm ki, cənab mer, vaxtınız olanda Azərbaycana səfər etdikdə avstriyalı dostlarımızın layihələndirdiyi
və tikdiyi bir çox gözəl binaları görəcəksiniz. Bu, əməkdaşlığımızın,
qarşılıqlı inam
və etimadın səviyyəsini artırır.
Ölkələrimiz dost ölkələrdir
və fikrimcə, azərbaycanlılar və
avstriyalılar nə qədər çox bir-birini tanısalar, səfər etsələr,
bir o qədər hamımız üçün
yaxşı olar.
Mən dünən
səfərimi milli himnimizin müəllifi, dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
abidəsini ziyarət
etməklə başlamaqdan
olduqca məmnun qaldım. Onun abidəsi 2006-cı ildə Vyananın gözəl guşələrindən
birində ucaldılmışdır.
Onun məşhur əsəri Vyana teatrında səhnəyə qoyulmuşdur.
İki il
öncə Prezident Fişer Azərbaycana səfər etdikdə biz bir yerdə dahi bəstəkar Motsartın abidəsini Bakının gözəl
meydanlarından birində
açdıq. Bu, nəinki məşhur həmvətənlərimizin xatirəsinə
olan ehtiramımızın,
həmçinin dostluğumuzun,
səmimi münasibətlərimizin
və qarşılıqlı
dəstəyin göstəricisidir.
Səfərim zamanı, əlbəttə,
biz beynəlxalq səviyyədə
olan əlaqələrimizi,
ticari münasibətlərimizi
müzakirə etdik və edəcəyik. Bu gün ölkəmizin potensialını təqdim
edən biznes forum keçiriləcəkdir. Eyni zamanda,
bu axşam biz Azərbaycanın Mədəniyyət
Mərkəzini acacağıq.
Bu, Azərbaycanın Avropada açılan ikinci mədəniyyət mərkəzi olacaqdır.
Bu, Vyanada - dünya
mədəniyyətinin paytaxtlarının
birində açılır.
Azərbaycan Mədəniyyət Mərkəzinin dünyanın
ən gözəl şəhərlərinin birində
açılmasının böyük
rəmzi mənası
vardır. Bu mərkəz bir tərəfdən Azərbaycan
mədəniyyətini Avstriyada
təşviq edəcək,
digər tərəfdən
isə xalqlarımız
və ölkələrimiz
arasında dostluq və tərəfdaşlıq
əlaqələrini quran
görüş yerinə
çevriləcəkdir.
Mən belə bir möhtəşəm
incəsənət abidəsini
ziyarət etmək üçün verilmiş
dəvətə görə
bir daha minnətdarlığımı bildirmək istəyirəm və
Vyananın bütün
sakinlərinə rifah,
sülh və tərəqqi arzulayıram.
Çox sağ
olun.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev Vyana şəhər meriyasının
xatirə kitabını
imzaladı.
Dövlətimizin başçısına xatirə
hədiyyəsi təqdim
olundu.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.3,4.