Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi
açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfəri
Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı mərkəzin açılışını etdi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra
Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer
çıxış etdi.
Mərasimdə
Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın
üzvləri, azərbaycanlı tələbələr
dövlətimizin başçısı ilə
görüşlərində bu Mədəniyyət Mərkəzinin
yaradılmasının ölkəmiz üçün
çox əhəmiyyətli hadisə olduğunu bildirdilər.
Onlar Azərbaycanın diaspor siyasətinin həyata
keçirilməsində bu cür mədəniyyət
ocaqlarının açılmasının əhəmiyyətini
vurğuladılar.
Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin
2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında
Avstriyada ölkəmizin mədəniyyətini təbliğ
etmək məqsədilə yaradılmışdır. Burada
Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından
tanıması üçün respublikamızın zəngin
mədəniyyəti, incəsənəti və turizm
imkanları barədə müxtəlif tədbirlərin təşkil
olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət
istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili,
müraciət edənlərə Azərbaycan müəlliflərinin
əsərlərinin toplandığı zəngin kitabxana və
mediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət
ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin,
Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının
digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın
görkəmli yazıçı və şairlərinin əsərləri
ilə tanış ola biləcəklər. Mərkəzdə
mütəmadi şəkildə təşkil olunacaq musiqi
axşamlarının iştirakçıları Azərbaycan
xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara
Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər
tanınmış bəstəkarların əsərlərinin
səslənəcəyi konsert proqramlarını dinləmək
imkanı əldə edəcək, Azərbaycan
muğamlarından zövq ala biləcəklər. Mədəniyyət
Mərkəzində təşkil olunacaq sərgilərdə
Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq
və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri
sənətsevərlərin sərəncamına veriləcəkdir.
Mərkəzin yaradılmasında başlıca məqsədlərdən
biri də Avstriyanın mədəniyyət və turizm
qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı
inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət
göstərən digər dövlətlərin mədəniyyət
mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası
dialoqa töhfə verməkdir.
Vyanada
yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ölkəmizin xaricdə tanıdılması istiqamətində
həyata keçirdiyi növbəti mühüm tədbirlərdən
biridir. Yeni mədəniyyət ocağı da bu sahədə
aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən
idarə olunmasına və daha səmərəli fəaliyyətin
qurulmasına geniş imkanlar açır.
Xatırladaq
ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət
Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin
iştirakı ilə Parisdə açılmışdı.
Prezident
İlham Əliyev Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini
yazdı.
Sonda xatirə
şəkli çəkdirildi.
(Geniş
hesabat qəzetin növbəti nömrəsində dərc
olunacaqdır).
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.4.