Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Vyanada İmperiya Xəzinəsi, İspan
atçılıq məktəbi və Müqəddəs Mixael
Kilsəsi ilə tanış olmuşdur
Mayın
13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
Vyanada Hofburq saray kompleksində yerləşən İmperiya Xəzinəsi
ilə tanış olmuşdur.
Əvvəlcə
Mehriban xanım Əliyeva və Avstriyanın birinci
xanımı Margit Fişer Hofburqda bu sarayın qədim
görüntülərini əks etdirən rəsm əsərlərinə
baxdılar.
Azərbaycanın
birinci xanımına məlumat verildi ki, hazırda muzey kimi fəaliyyət
göstərən İmperator Xəzinəsində Habsburqlar
sülaləsinin ailə xəzinəsi, incəsənət
kolleksiyası, müxtəlif dövrlərdə imperatorlara təqdim
edilmiş qiymətli hədiyyələr saxlanılır.
İmperiya Xəzinəsi XVI əsrdə yaradılmış,
XVIII əsrdə isə hazırkı məkanına
köçürülmüşdür. Burada Avropa tarixinin min
ildən artıq dövrünə aid dəyərli eksponatlar
nümayiş etdirilir.
Bildirildi
ki, İmperiya Xəzinəsi İncəsənət Tarixi
Muzeyini və digər zallar da daxil olmaqla 21 bölmədən
ibarət nadir kolleksiyanı özündə birləşdirir.
Burada bir neçə əsr ərzində Habsburq sarayı tərəfindən
çoxlu sayda qiymətli nümunələr
toplanmışdır. Kolleksiyanın ən qiymətli
nümunələrinə İmperiya tacı, Müqəddəs
Roma İmperiyası imperatorlarına aid geyimlər, simvollar və
digər nadir kolleksiyalar daxildir.
Diqqətə
çatdırıldı ki, İmperiya Xəzinəsi iki
kolleksiyadan ibarətdir. Bunlardan biri dünyəvi, digəri isə
dini kolleksiyadır. Dünyəvi kolleksiyada Habsburqlar
sarayına aid zərgərlik məmulatları və qiymətli
daşlar da daxil olmaqla çoxsaylı tarixi eksponatlara rast gəlmək
mümkündür. Bu eksponatlar öz tərtibatı ilə
sahiblərinin hüdudsuz qüdrətini nümayiş etdirir.
Dini kolleksiyada isə din xadimlərinin şəxsi
kolleksiyalarından əşyalar təqdim olunur.
Azərbaycanın
birinci xanımı İmperiya Xəzinəsində
nümayiş etdirilən eksponatlara baxdı.
Mehriban
xanım Əliyeva İmperiya Xəzinəsinin xatirə
kitabına ürək sözlərini yazdı.
* * *
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Hofburq saray kompleksinin tərkibində
yerləşən İspan Atçılıq Məktəbində
də olmuşdur.
Mehriban
xanım Əliyevaya məlumat verildi ki, məktəb XIX əsrdə
Avstriya-Macarıstan imperiyasının hakim sülaləsi olan
Habsburqlar ailəsinin üzvləri üçün təsis
edilmişdir. Həmin məktəb hazırda klassik
atçılıq sənətinin davam etdirilməsi
üçün qorunub saxlanılır. Məktəbin adı
incəsənət atçılığı
üçün yetişdirilən xüsusi cins ispan
atlarının adından götürülmüşdür.
Klassik atçılıq və ispan atçılıq məktəbi
sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilmişdir.
* * *
Daha
sonra Azərbaycanın birinci xanımı Vyananın mərkəzində
yerləşən Müqəddəs Mixael Kilsəsi ilə
tanış oldu.
Mehriban
xanım Əliyevaya məlumat verildi ki, kilsə XIII əsrdə
Babenberq sülaləsinə mənsub olan VI Leopold tərəfindən
Roman üslubunda tikdirilmişdir. Kilsə hazırda Vyananın
ən qədim və görkəmli tarixi abidələrindən
biri sayılır.
Diqqətə
çatdırıldı ki, orta əsrlərdə imperator ailəsi
tərəfindən dini ayinlər üçün mütəmadi
istifadə edilən kilsə öz sərdabaları ilə
muzey kimi də fəaliyyət göstərir.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.4.