ABŞ-ın nüfuzlu «prweb.com» internet resursunda britaniyalı müəllifin Azərbaycan Prezidentinə həsr etdiyi bioqrafik əsəri barədə məqalə dərc olunmuşdur

 

ABŞ-ın nüfuzlu "prweb.com" internet resursunda əslən britaniyalı olan jurnalist Grem Vilsonun Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi "İlham: Prezidentin portreti" sərlövhəli bioqrafik əsəri barədə məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, yazıda Grem Vilsonun Prezident İlham Əliyev haqqında düşüncələri, o cümlədən Azərbaycanın sürətli inkişafı və yüksək iqtisadi göstəriciləri öz əksini tapmışdır.

Məqalədə qeyd olunmuşdur ki, İlham Əliyev prezident seçildikdən sonra dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı çiçəklənmə dövrünü yaşamışdır. Yenicə müstəqillik qazanmış Azərbaycan demokratik cəmiyyət sahəsində sürətli inkişaf yolu keçmiş və yoxsulluğun səviyyəsi olduqca azalmışdır.

Son altı ildə Azərbaycan iqtisadiyyatının təxminən üç dəfə artdığını bildirən müəllif Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkədə 800 mindən çox yeni iş yerinin açıldığını, dövlət büdcəsinin dəfələrlə artdığını, yüzlərlə yeni məktəb binasının tikildiyini vurğulamışdır.

Bundan başqa, məqalədə hazırda Azərbaycanda getdikcə möhkəmlənən şəffaflıq və demokratiyanın dünya ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirildiyi qeyd edilmişdir. Yazıda həmçinin bioqrafik əsərin müəyyən hissələri oxucuların diqqətinə çatdırılmışdır. Bu hissələrdə müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş və dünya ictimaiyyətinin qaçqın və məcburi köçkün şəraitində yaşayan bir milyondan artıq azərbaycanlının vəziyyətinə biganəliyi vurğulanmışdır.

İyirmi ildən artıq bir müddətdə Dubayda yaşayan Grem Vilson Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən, Şri-Lanka, Maldiv və s. ölkələrin dövlət başçıları, həmçinin bəzi Hollivud aktyorları haqqında bioqrafik əsərlərin də daxil olduğu 25-dən artıq kitabın və çoxlu sayda sənədli filmin müəllifidir.

Azərbaycan Prezidenti haqqındakı bioqrafik əsərin hazırlanmasında AzərTAc-ın fotoşəkillərindən geniş istifadə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 14 may.- S.4.