Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə Bakıda «Yer
kürəsi uşaqların gözü
ilə» gənclərin birinci Beynəlxalq
fotofestivalı və sərgisi açılmışdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda "Yer kürəsi uşaqların gözü ilə" devizi altında gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla xanım Əliyeva "Yer kürəsi uşaqların gözü ilə" devizi altında keçirilən gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında iştirak etmişdir.
AzərTAc xəbər verir ki, mayın 14-dək davam edəcək festival və sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olmuşdur.
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən bu beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaratmışdır.
Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəklin seçilməsi şansını yaratmışdır. Festival çərçivəsində "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb etmişdir. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.
Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirdi. Son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişafın müşahidə olunduğunu bildirən Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq dedi:
- Əziz dostlar! Bugünkü sərginin mövzusu - "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" fotoları təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın istedadlı gəncləri "Yer kürəsi uşaqların gözü ilə" sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaqdır. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər - bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyildir. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib.
Gənc
fotoqrafların kreativ şəkillərində dünyadakı
problemlərin əks olunduğunu deyən İDEA-nın təsisçisi
qeyd etdi ki, bu, planetimizi qorumaq üçün insanları
konkret addımlar atmağa sövq edəcəkdir. Leyla
xanım Əliyeva sərgi-festivalda iştirak etmək
üçün ölkəmizə səfər edən
qonaqların qədim paytaxtımıza gəlişinin gözəl
günlərə təsadüf etdiyini qeyd etdi. Bildirdi ki, bu
günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin
90 illik yubileyi və Gül bayramı qeyd edilir. Bu, gənc
fotoqraflar üçün ölkəmizi bayram günlərində
fotoobyektivin gözü ilə bütün dünyaya təqdim
etmək üçün daha bir şansdır. Əminəm
ki, bu festival böyük uğur hekayəsi olacaqdır.
Qonaqları
Azərbaycanda salamlayan Leyla xanım Əliyeva bu sərgi-festivalın
ölkəmizlə daha yaxından tanış olmaq imkanı
yaratdığını da bildirdi.
Festival
çərçivəsində İDEA tərəfindən
mükafatlar təqdim olundu.
Mükafata
layiq görülən İngiltərənin "National
Geographic Kids" jurnalının keçmiş baş redaktoru,
hazırda festivalın kataloqunun baş redaktoru Loren Cervez
fotoların planetimizi qorumaq istiqamətində gənclər
üçün platforma olduğunu söylədi.
Mükafata
layiq görülən Fransanın "Polka"
jurnalının redaktoru, gənclərin birinci Beynəlxalq
fotomüsabiqəsinin münsiflər heyətinin üzvü
Alen Cenestar fotoların yalnız göz ilə deyil, ürəklə
təsvir olunduğunu dedi. Bildirdi ki, onların məqsədi
fotolar vasitəsilə cəmiyyətin diqqətini təbiətin
qorunmasına cəlb etməkdir.
Xüsusi
mükafatı alan dünyanın tanınmış fotoqrafı,
müsabiqənin münsiflər heyətinin sədri Reza Deqati
gənc fotoqraflarla təcrübəsini bölüşdü,
Qarabağda, Şuşada çəkdiyi fotolarını
nümayiş etdirdi. Bildirdi ki, o, həyatında 12 mindən
çox qaçqın uşağın fotosunu lentə
alıb və bu fotolar sayəsində 3 min 500 uşağın
valideyni tapılıb.
"Planetimiz
uşaqların gözü" ilə filmi nümayiş
olunduqdan sonra ən həyəcanlı an yetişdi.
Fotomüsabiqənin qaliblərinin adları elan edildi. Bunlar
Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal,
Türkiyə, Böyük Britaniya, İndoneziya və
İspaniyadan olan uşaqlardır.
Dünya
şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi
münsiflər heyətinə "Reuters", "Polka"
jurnalı, "National Geographic", "Associated Press" və
foto sahəsində tanınmış digər qurumların
nümayəndələri daxildir.
Beynəlxalq
fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim
edilmişdir. Onlardan yalnız yüzü festival-sərgidə
nümayiş olunur.
Müsabiqənin
qaliblərinə mükafatlar, o cümlədən kamera
avadanlığı təqdim edildi. Onlar, həmçinin
dünyada məşhur fotoqraf Reza Deqatinin fotoseminarında
iştirak etmək imkanı əldə etdilər.
Fotosərgi
və festivalın açılış mərasimində
qonaqlar milli musiqimizlə tanış olmaq imkanı da
qazandılar.
Reza Deqati ikinci müsabiqənin də başlandığını elan etdi. Bildirdi ki, bu müsabiqə "Su həyatdır. Susuz həyat mümkün deyil" adlanacaqdır.
Sonda İDEA-nın
himni səsləndi.
AzərTAc
Azərbaycan.-2013.- 14 may.- S.5.