Azərbaycan sənayesinin inkişafında
yeni mərhələ
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV: "Sənaye parklarının yaradılması
ölkə iqtisadiyyatının inkişafına və modernləşməsinə,
sahibkarlığın dəstəklənməsinə, ölkənin
ixrac qabiliyyətinin genişlənməsinə,
məşğulluq səviyyəsinin yüksəlməsinə
əhəmiyyətli təsi göstərəcək"
"İnkişaf
etmiş ölkəyə çevrilmək" məramını
tərəqqinin yeni hədəfi kimi müəyyənləşdirən
Azərbaycanda iqtisadi inkişaf strategiyası artıq modernləşmə
xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata
keçirilir. Qlobal trendlərə uğurla
uyğunlaşdırılan çevik iqtisadi siyasətin
prioritet sahələrindən biri isə məhz sənaye
sektorudur. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının əsas
istiqamətlərindən olan sənayenin davamlı
inkişafının təmin edilməsi məqsədilə
dövlət tərəfindən çoxsaylı layihələr
hazırlanır, ən müasir infrastruktur yaradılır,
islahatlar aparılır. Nazirlər Kabinetinin son iclasında
Prezident İlham Əliyev də müasir sənaye komplekslərinin
yaradılmasının əhəmiyyətindən
danışarkən sənaye istehsalının müasirləşdirilməsində
texnoparkların xüsusi rolunu qeyd etmişdir.
İqtisadi
inkişaf naziri Şahin MUSTAFAYEVlə söhbətimizin də
əsas mövzusu sənayeləşmə
sahəsində mövcud durum, nəzərdə tutulan planlar və
qarşıda duran hədəflərlə bağlı oldu.
- Sənayeləşmə
Azərbaycan iqtisadiyyatının əsas istiqamətlərindəndir.
Bu sahənin inkişafı üçün hansı tədbirlər
həyata keçirilir?
- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin
artırılması və bu sahəyə investisiya
qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə
uyğun olaraq, görülmüş işlərin nəticəsidir
ki, son illər ÜDM-nin artımı qeyri-neft sektoru
hesabına təmin edilir, rəqabətədavamlı məhsul
istehsalı artır. Belə ki, 2012-ci ildə qeyri-neft
ÜDM-i 9,7 faiz, 2013-cü ilin I rübündə isə 11,4
faiz artmışdır.
Ölkəmizdə
qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin
inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin
inkişafının intensivləşdirilməsi məqsədilə
sənaye müəssisələrinin müasir texnologiyalar əsasında
yenidən qurulması, onların modernləşdirilməsi,
yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar
istehsal edən müasir sənaye komplekslərinin
yaradılması, rəqabətədavamlı sənaye
istehsalının genişləndirilməsi istiqamətində
kompleks tədbirlər həyata keçirilir. Bu prosesdə
dövlət sektoru ilə yanaşı, özəl sektor da fəal
iştirak edir.
Dövlət
başçısının sənayeləşmə siyasətinə
uyğun olaraq, təkcə 2012-ci ildə Gəncə
alüminium zavodu, Sumqayıt Texnologiyalar Parkında dəqiq
mexanika, texniki qazlar zavodları, Naxçıvan və
Qaradağda sement zavodları, bərk məişət
tullantılarının çeşidlənməsi və
yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye
müəssisəsi istifadəyə verilmiş, 100-dən
artıq sənaye müəssisəsinin inşası isə
davam etdirilir.
Azərbaycanda
polad istehsalı kompleksinin yaradılması, yeni sənaye
müəssisələrinin, o cümlədən 2013-cü ildə
Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ölkədə
qeyri-neft sənayesinin inkişafına yeni təkan verəcək.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında dövlət
başçısı qeyri-neft sənayesinin
inkişafının prioritetliyini, müasir sənaye komplekslərinin
yaradılmasının əhəmiyyətini, sənaye
istehsalının müasirləşdirilməsində
texnoparkların xüsusi rolunu qeyd etmiş, Bakı,
Sumqayıt və Gəncə şəhərlərində
texnoparkların yaradılması prosesinə artıq
başlandığını bildirmiş, Mingəçevirdə
müasir sənaye kompleksinin yaradılması, sənaye mərkəzlərində
rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların
istehsalının təşkil edilməsi barədə
tapşırıqlar vermişdir.
Hazırda
ölkə rəhbəri tərəfindən verilmiş
tapşırıqlara uyğun olaraq, Balaxanı Sənaye,
Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar
parklarının təşkili istiqamətində
ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin
sənaye potensialı və investisiya qoyuluşu imkanları
araşdırılır.
Azərbaycanda
sənayenin davamlı inkişafının təmin olunması
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının da əsas istiqamətlərindəndir.
Belə ki, Konsepsiyada sahibkarlığın inkişaf etdirilməsi,
sənaye parklarının yaradılması, yeni fəaliyyət
sahələrinin və məhsulların təşviqi
üçün əlverişli mühitin
formalaşdırılması, ölkəyə qabaqcıl
texnologiyaların gətirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
- Sənaye
parklarının yaradılması ölkə iqtisadiyyatına
nə verəcək? Hazırda bu sahədə işlər
hansı mərhələdədir?
- Sənaye parklarının
yaradılması ölkə iqtisadiyyatının, xüsusilə
qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə,
innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına,
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye istehsalının genişləndirilməsinə,
investisiya mühitinin cəlbediciliyinin artmasına,
sahibkarlığın dəstəklənməsinə, ölkənin
ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də
məşğulluq səviyyəsinin yüksəlməsinə
əhəmiyyətli təsir göstərəcəkdir.
Qeyd
edim ki, bu sahədə artıq müvafiq qanunvericilik bazası
yaradılmışdır. Azərbaycan Respublikası
Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq
edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"
sənaye parklarının yaradılması, idarə edilməsi
və onlarda sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı məsələləri
tənzimləyən çox mühüm baza sənədidir.
Hazırda
ölkədə müxtəlif təyinatlı sənaye
parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye
və Yüksək Texnologiyalar parkları) yaradılması
istiqamətində tədbirlər həyata keçirilir.
Sumqayıt
Kimya Sənaye Parkının işinin yüksək səviyyədə
qurulması məqsədilə bu sahədə böyük təcrübəyə
malik məsləhətçi şirkət cəlb
edilmişdir. Məsləhətçi şirkət tərəfindən
Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər
aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların
istehsalı, xarici və yerli investorların cəlb edilməsi
üçün təkliflər hazırlanmış, texniki
tapşırığa uyğun olaraq, Sənaye Parkının
Baş Planı tərtib edilmiş, ərazidə nəzərdə
tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı
obyektlərin konseptual dizaynı hazırlanmışdır.
Sənaye
Parkının tikinti-quruculuq işləri üçün tələb
olunan texniki şərtlər alınmış, rezidentlərin
uçot qeydiyyat sistemi yaradılmışdır. Sənaye
Parkına ayrılmış 167,66 hektar ərazi tikinti
üçün yararlı vəziyyətə gətirilmiş,
ərazinin müvafiq infrastrukturla təminatına dair layihə-smeta
sənədləri və daxili infrastruktur üzrə layihə
hazırlanmışdır. Ərazinin kimyəvi
tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi
üçün aidiyyəti dövlət qurumları ilə
birgə işlər davam etdirilir.
Sumqayıt
Kimya Sənaye Parkının kimya sənayesinin
inkişafında, bu sahədə ixrac potensialının
artırılmasında da əhəmiyyətli rolu
olacaqdır. Sənaye Parkında fəaliyyət göstərəcək
müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul
mərhələsinədək istehsalın
yaradılmasında "Azərikimya" İstehsalat Birliyi ilə
sıx əməkdaşlıq ediləcəkdir.
Qeyd
etməliyəm ki, ötən ilin dekabr ayında dövlət
başçısı tərəfindən təməli
qoyulmuş Balaxanı Sənaye Parkının
yaradılması istiqamətində zəruri təşkilati
işlər və müvafiq tədbirlər həyata
keçirilir.
Sumqayıt
şəhərində yaradılacaq Yüksək Texnologiyalar
Parkı isə ölkəmizdə İKT sahəsində ilk
xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu
texnoloji məhsulların istehsalının əhəmiyyətli
dərəcədə artmasına təkan verəcəkdir.
- Sənaye
parklarının yaradılması, şübhəsiz ki,
sahibkarlıq fəaliyyətinin genişlənməsinə
imkan yaradacaq...
-
Tamamilə doğrudur. Prezident İlham Əliyev bu sahədə
strateji hədəfimizi müəyyənləşdirib:
"Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır. Biz bu istiqaməti
seçmişik və bu istiqamət bizə uğurlar gətirir".
Sənaye parklarının yaradılmasında əsas məqsədlərdən
biri özəl sektorun inkişafının sürətləndirilməsi,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir.
Bildiyiniz kimi, birbaşa xarici investisiyaların cəlb edilməsi
üçün əsas amillər əlverişli
infrastrukturun yaradılması, cəlbedici güzəştlər
mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi,
o cümlədən elektron xidmətlərin təqdim edilməsi,
idarəedici təşkilat tərəfindən təqdim olunan
xidmətlər, layihənin maliyyələşdirmə
imkanları, ən başlıcası isə dövlət dəstəyidir.
Azərbaycanda
innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan
Sumqayıt Kimya Sənaye Parkı investorlar üçün ən
münasib işgüzar şərait və komfortlu biznes
mühiti təklif edir. Sumqayıt Kimya Sənaye
Parkının inkişaf planında sahibkarların səmərəli
fəaliyyətinə və inkişafı üçün
bütün amillər nəzərə alınıb və Sənaye
Parkının modeli formalaşdırılarkən dünyada
uğurlu sənaye parklarının təcrübəsi öyrənilib.
İnvestisiya
cəlbediciliyinin təmin olunması məqsədilə Sənaye
Parkının ərazisində yerli və xarici investorlar
üçün bir sıra güzəştlər nəzərdə
tutulur. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət
göstərəcək sahibkarlar üçün sənaye parkının
rezidentləri 7 il müddətinə mənfəət, torpaq,
əmlak vergilərindən və parkda istifadə məqsədilə
idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən
azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul
edilir və zərurət yaranarsa, güzəştlər
paketi daha da genişləndirilə bilər.
Daha
bir vacib məqam isə Sənaye Parkının ərazisində
ən müasir tələblərə cavab verəcək
infrastrukturun yaradılmasıdır. Belə ki, ərazidə
fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisinin təchizatı
üçün iki yarımstansiya, içməli və
texniki sular üçün yeraltı su anbarları və təchizat
sistemi, 2 alternativ istiqamətdən qaz təchizatı, proses
suyu və çirkab sularının axıdılması
üçün ötürücü nasoslarla təchiz
olunmuş xətlər, yağış sularının ərazidən
toplanması, təmizlənməsi və
yaşıllıqların suvarılması üçün
müasir irriqasiya sistemi yaradılacaq. Sənaye parkının
ərazisində avtomobil və dəmir yolu şəbəkəsinin
yaradılması nəzərdə tutulur.
Sumqayıt
Kimya Sənaye Parkına müraciət edən fiziki və ya
hüquqi şəxslərin rezident statusu alması sadə
prosedur əsasında aparılacaq. İnvestorlar rezident
statusunu aldıqdan sonra da daim "Sumqayıt Kimya Sənaye
Parkı" MMC-nin dəstəyini görəcək və Sənaye
Parkı tərəfindən təklif olunan xidmətlərdən
bəhrələnəcəklər. Eyni zamanda, Sumqayıt Kimya
Sənaye Parkı tərəfindən rezidentlərə digər
müxtəlif xidmətlər, o cümlədən təlim-treninq,
laboratoriya, monitorinq və məsləhət xidmətləri də
təklif olunacaq.
Sumqayıt
Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı,
lisenziyaların və icazələrin alınması, eləcə
də qanunvericilikdə nəzərdə tutulan digər
prosedurların sadələşdirilməsi məqsədilə
"vahid pəncərə" prinsipi tətbiq ediləcəkdir.
Sumqayıt
Kimya Sənaye Parkının əlverişli coğrafi
mövqedə yerləşməsi istehsal olunan məhsulun
satış bazarlarına münasib tariflərlə və
vaxtında çatdırılmasını təmin edəcəkdir.
Belə ki, Sənaye Parkının nəqliyyat-kommunikasiya xətlərinin
üzərində yerləşməsi yüklərin müxtəlif
istiqamətlər üzrə daşınması prosesini
asanlaşdırır. Sumqayıt Kimya Sənaye Parkının
dəmiryol qovşaqlarına, Rusiya Federasiyasına gedən
magistral yola, Heydər Əliyev adına Beynəlxalq Hava
Limanına yaxınlığı burada fəaliyyət
göstərəcək müəssisələrə
daşınmaların həyata keçirilməsi
üçün əlverişli şərait yaradır.
Bu ərazidə
geniş sosial obyektlərin tikintisi nəzərdə tutulur.
Buraya inzibati binalar, müxtəlif ofislər, biznes inqubatorlar,
elektron-kitabxana, təlim-peşə mərkəzi, müasir
laboratoriya, emalatxanalar, tələbələr
üçün yataqxanalar, otel, yeməkxana və s. daxildir. Həmçinin
ərazidə anbarlar, mühafizə xidməti, parkinq sahələri,
xidməti avtobuslar, yanğın söndürmə məntəqələri,
təcili tibbi yardım stansiyası olacaqdır.
Sumqayıt
Kimya Sənaye Parkında Logistik Mərkəz də fəaliyyət
göstərəcək. Mərkəz müxtəlif tipli
yüklərin, o cümlədən xammalın, hazır məhsulların
və avadanlığın nəqlinə xidmət edəcək.
Sənaye Parkında müxtəlif təyinatlı yüklər
üçün nəzərdə tutulmuş yükləmə-boşaltma
məntəqələri fəaliyyət göstərəcək.
Ümumiyyətlə, Sənaye Parkının təxminən
70 faizi istehsal, 30 faizi isə qeyri-istehsal məqsədləri
üçün istifadə olunacaq. Bir sözlə,
Sumqayıt Kimya Sənaye Parkının infrastruktur xidmətləri
digər ölkələrdə fəaliyyət göstərən
sənaye parkları ilə müqayisədə daha yüksək
səviyyədə təşkil ediləcək.
Sumqayıt
Kimya Sənaye Parkının yaradılmasında sosial sahəyə
xüsusi diqqət yetiriləcək. Burada sənayenin müxtəlif
sahələri üzrə onlarla müəssisənin fəaliyyət
göstərməsi nəzərdə tutulur ki, bu da minlərlə
yeni iş yerinin açılması deməkdir. Bildiyiniz kimi,
Sumqayıt şəhəri kimya sənayesi sahəsində
ixtisaslaşmış təcrübəli kadr potensialına
malikdir və çalışacağıq ki, Sumqayıt Kimya
Sənaye Parkında ilk növbədə Sumqayıt əhalisi
işlə təmin olunsun.
Sumqayıt
Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzi fəaliyyət
göstərəcək. Burada kimya, tikinti və digər sahələr
üzrə peşə hazırlığı və ya əlavə
peşəyə yiyələnmək xidmətləri təklif
ediləcək. Almaniyanın "İkili təhsil" modeli
ilə təşkil ediləcək mərkəzin işini
Avropa standartlarına uyğun qurmaq məqsədilə
"Sumqayıt Kimya Sənaye Parkı" MMC Ştutqart
Universiteti və yerli tədris müəssisələri ilə
əməkdaşlıq edir. Sənaye Parkında fəaliyyət
göstərən müəssisələrin tələbatına
uyğun olaraq, peşələrə yiyələnmənin
effektivliyini təmin etmək üçün tədris prosesi
təhsil-təcrübə-tətbiqetmə
ardıcıllığı ilə qurulacaq. Sənaye
Parkında fəaliyyət göstərəcək emalatxanalarda
istehsal prosesini təkmilləşdirmək üçün
lazımi şərait təmin ediləcək. Mərkəzə
müasir avadanlıqlarla təchiz olunmuş 4 mərtəbəli
laboratoriya xidmət göstərəcək.
Sumqayıt
Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə
Tədbirlər Planı və müvafiq təqdimatlar
hazırlanmışdır. Hazırda aparıcı şirkətlərlə
danışıqlar gedir. Danışıqlar investorların
Sumqayıt Kimya Sənaye Parkında həyata keçiriləcək
layihələrə marağının böyük
olduğunu göstərir.
Beləliklə,
sənaye parklarının yaradılması Prezident İlham Əliyevin
uğurla həyata keçirilən sənayeləşmə
siyasətinin davamı olmaqla ölkədə bu sahənin
inkişafında yeni mərhələnin
başlanğıcı olacaqdır.
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 15 may.- S.7.