Gəncədə «Ulu öndər» beşcildlik monoqrafiyanın təqdimatı keçirilib

 

Gəncə şəhərində ulu öndərin adını daşıyan baş meydanda açıq səma altında ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə nəşr olunmuş "Ulu öndər" beşcildlik monoqrafiyanın təqdimatı keçirilib.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin sarsılmazlığı və dönməzliyi ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. E.Vəliyev onu da əlavə edib ki, təqdimatı keçirilən "Ulu öndər" beşcildlik monoqrafiyası gəncəlilərin ümummilli liderə əbədi ehtiramlarının bir ifadəsidir.

Monoqrafiyanın "Heydər Əliyev və Gəncə" adlanan iki hissədən ibarət birinci cildində 1969-cu ildən etibarən ulu öndərin rəhbərliyi altında Gəncənin qədim tarixinin özünə qaytarılması, şəhərin tarixi abidələrinin bərpası, yeni qəsəbələrin salınması, iqtisadi və aqrar sahənin yüksəlişi, sənaye kompleksinin yaradılması, elm, təhsil və səhiyyənin inkişafı naminə fədakar fəaliyyəti elmi şəkildə araşdırılıb.

Monoqrafiyada 1980-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Gəncədə iki rayonun yaradılması, Gəncə adının yasaq olduğu bir dövrdə yeni salınan yaşayış massivinin Yeni Gəncə adlandırılması ümummilli liderin Gəncənin tarixinə olan qayğısı kimi dəyərləndirilib. Heydər Əliyevin Gəncə şəhərinə etdiyi 11 səfər və bu səfərlərin hər birində şəhərin sosial-iqtisadi və mədəni həyatında baş verən yüksəlişlər, Gəncə Regional Elm Mərkəzinin və Azərbaycan Texnologiya Universitetinin yaradılması da birinci cilddə öz əksini tapıb.

Birinci cildin "İlham Əliyev və Gəncə" adlanan ikinci hissəsində ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Gəncə şəhərinin inkişafı ilə bağlı siyasi kursu uğurla davam etdirməsi, Gəncəyə etdiyi 13 səfər və bu səfərlərin nəticəsi kimi Gəncənin yüksəlişi elmi təsdiqini tapıb.

Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin beynəlxalq səviyyədə, dünyanın 40 ölkəsindən 150 nəfər dövlət və ictimai xadimin, şərqşünas alimlərin iştirakı ilə təntənəli şəkildə qeyd olunması, Gəncədə tarixi abidələrin bərpası və qorunması istiqamətindəki işlər də kitabda əksini tapıb.

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlanan iki hissədən ibarət iki cilddə ulu öndərin azərbaycançılıq ideologiyası əsasında Gəncə şəhərində elm, təhsil sahəsində həyata keçirilən islahatlar, milli-mənəvi dəyərlər və ümumilikdə zəngin irsə malik mədəniyyətimizin qorunması, dirçəlişi, inkişafı istiqamətində göstərdiyi fəaliyyətdən bəhs edilir.

"Heydər Əliyev və ədəbiyyat" adlanan ikinci hissədə ulu öndərin Azərbaycan ədəbiyyatına, incəsənətinə, qədim milli bayramların dirçəlişinə, ana dilinin qorunmasına və inkişafına göstərdiyi misilsiz qayğıdan söz açılır.

"Heydər Əliyev və sülh siyasəti"ndə ulu öndərin 1993-cü ildən etibarən vətəndaş müharibəsinin qarşısını almaq məqsədi ilə Gəncə şəhərindən başladığı və ömrünün sonuna qədər regionda sülhün, sabitliyin, əmin-amanlığın təminatı istiqamətində davam etdirdiyi möhtəşəm fəaliyyəti tədqiq olunub.

Heydər Əliyev Fondunun yaranmasının 9 illiyi münasibətilə nəşr olunmuş "Heydər Əliyev Fondu milli yaddaşın keşiyində" adlanan IV və V cildlərdə Fondun 9 illik fəaliyyəti işıqlandırılmaqla yanaşı, Fondun prezidenti Mehriban xanım Əliyevanın Gəncə şəhərində elm, təhsil, mədəniyyət, ekologiya, idman, sosial sahələrdə və genefondun qorunması ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs olunur.

Kitabda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə N.Gəncəvinin 870 illik yubileyi çərçivəsində "Xəmsə"nin, şairin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyaların nəfis şəkildə nəşr olunmasından, Romada və Sankt-Peterburqda N.Gəncəvi abidəsinin, Parisdə Eyfel qülləsi yaxınlığında Azərbaycan  Mədəniyyət Evinin açılmasından da ətraflı söz açılır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 15 may.- S.7.