ABŞ-ın Azərbaycandakı səfiri Qəbələ III Beynəlxalq incəsənət sərgisi, istehsal, mədəniyyət və turizm obyektləri ilə tanış olmuşdur

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Qəbələ rayonuna iki günlük səfəri başa çatmışdır.

AzərTAc xəbər verir ki, səfir Riçard Morninqstar və onun xanımı Feys Morninqstar rayonla tanışlıq zamanı yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzinə baş çəkmişdir.

Qonaqlar orada Qəbələ III Beynəlxalq incəsənət sərgisi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, nəhəng "Ağ royal" formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu, ikinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çilçıraq və mebellərlə təchiz edilmişdir.

Mərkəzdə sərgilənən rəsm əsərləri ilə tanış olan səfir Riçard Morninqstara məlumat verilmişdir ki, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən "Portretlərin melodiyası" adlı sərgidə dünyanın 23 ölkəsini təmsil edən 158 rəssamın 291 əsəri nümayiş etdirilir. Beynəlxalq sərgi mayın 19-dək davam edəcəkdir.

Sonra qonaq "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə tanış olmuşdur. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.

Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.

Səfir rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə tanış olmuşdur.

 

 

Azərbaycan.-2013.- 15 may.- S.8.