ABŞ-ın Azərbaycandakı səfiri Qəbələnin Nic qəsəbəsindəki "Cotari" alban kilsəsi ilə tanış olmuşdur

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Morninqstar Qəbələ rayonuna səfərləri çərçivəsində Nic qəsəbəsindəki "Cotari" alban kilsəsində olmuşlar. AzərTAc xəbər verir ki, səfir Nic qəsəbəsində yaşayan azsaylı xalqların həyat tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanmışdır.

Qəsəbənin icra nümayəndəsi Vidadi Mahmudov, Alban-Udi xristian dini icmasının sədr müavini, kilsənin dini rəhbəri Rafiq Danakari, Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakari səfirə məlumat vermişlər ki, "Cotari" alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Sözügedən məbəd Müqəddəs Yeliseyin adını daşıyır. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olmuşdur. İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş Müqəddəs Yeliseyin şərəfinə tikilən kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilmişdir. Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunmuşdur. Qəsəbədə daha iki qədim alban kilsəsi vardır.

Bildirilmişdir ki, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udilər mehriban şəkildə bir yerdə yaşayırlar. Dövlət tərəfindən udilərə öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hərtərəfli şərait yaradılmışdır. Qəsəbədə 3 kilsə, iki məscid vardır. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdikləri 5-7 pir mövcuddur.

Məlumat verilmişdir ki, ümumilikdə altı min əhalisi olan kənddə 3700 udi yaşayır. Ümumiyyətlə, Azərbaycanda 4000 udi yaşayır ki, onların da 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

Vurğulanmışdır ki, udilərin dili Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlamışdır. Bildirilmişdir ki, Nic qəsəbəsindəki kilsənin bərpasından sonra udilərin müqəddəs Pasxa bayramlarını normal şəkildə qeyd etmələri tolerantlığa gözəl nümunədir.

Görüş zamanı rayonda udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığı qeyd edilmişdir. Udilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Səfir Riçard Morninqstar bildirmişdir ki, Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığı təmin olunur. O, Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirmişdir.

Sonra səfir kilsənin xatirə kitabına ürək sözlərini yazmış, dini rəhbərə kitab hədiyyə etmişdir.

Kilsə rəhbərliyi də amerikalı diplomata xatirə hədiyyələri vermişdir. Sonra kilsənin həyətində qonaqların şərəfinə nahar süfrəsi açılmışdır.

 

 

Azərbaycan.-2013.- 15 may.- S.8.