Azərbaycan İKT sahəsində də irəli çıxır

 

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi Azərbacanda geniş vüsət alıb. Ölkəmiz bu sahədə də regionun lideridir, dünya miqyasında reytinq siyahılarında isə qabaqcıl yerlərdən birini tutur.

Xüsusilə son illərdə Azərbaycan İKT-nin inkişafı sahəsində böyük uğurlar əldə edib. Yaradılmış mühit, qanunvericilik, rəqabət və digər amillər təkcə keçən il bu sahəyə 400 milyon ABŞ dollarından çox vəsait qoyulmasına imkan verib. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət böyük inkişafa yönəldilib və o, İKT sahəsində də uğurla həyata keçirilir.

Azərbaycanda İKT sektorunun inkişafının əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildə ulu öndərin rəhbərliyi altında İKT sahəsində Azərbaycanın Milli Strategiyası hazırlanıb. Bu sənəddə qarşıya qoyulan mühüm vəzifələr artıq öz həllini tapıb.

Sahənin daha sürətli inkişafı məqsədilə Prezident İlham Əliyev İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması haqqında  sərəncam və fərmanlar imzalayıb. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilib. Keçən il Azərbaycanda İKT sektorunun gəlirləri 18 faiz təşkil edib. Bu, dünya göstəricisindən 2,5 dəfə yüksəkdir.

Yeri gəlmişkən qeyd edək ki, İKT sektoruna maraq bütün dünyada getdikcə artır. Bu sahə ilə məşğul olan şirkətlərin sayı da ildən-ilə çoxalır. Dünya ekspertlərinin qənaətinə görə, İKT sektorundan olan gəlirlər 5 ildə iki dəfə artır. Ona görə gələcəkdə dünya ümumdaxili məhsulunun 80 faizini İKT gəlirləri təşkil edəcək.

Keçən il Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən ölkə kimi Avropada 9-cu, dünyada 37-ci olub. İndi hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini tam əhatə edib. İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli internet istifadəçisidir. Son üç ildə Azərbaycanda İKT gəlirləri iki dəfə artaraq dünya göstəricisini geridə qoyub.

Bu ilin aprel ayında Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsinə ölkədə İKT sektorunun yüksək inkişafının böyük təsiri oldu. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın  inkişaf modeli beynəlxalq aləmi cəlb edir.

Azərbaycanda yüksək texnologiyaların tətbiqi ilə yanaşı, kosmik sənayenin yaradılmasına da böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet kimi qarşıya qoyulması, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezidentin 2008-ci və 2009-cu illərdə imzaladığı Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncamları bu sahənin inkişafında dövlətin maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca dövlət başçısı 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində ardıcıl iş apardı. Ən əsası isə, bütün diqqət ilk süni peykimiz "Azərspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi. Dizaynı və qoşulma imkanları ilə milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadə edəcəyi bu peykin orbitə buraxılması Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən önəmli hadisələrdən biri oldu.

Xatırladaq ki, peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Artıq peykin resurslarının müəyyən hissəsinin satışı üçün şərti müqavilələr imzalanıb. "Azərspace-1"in texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.

Bu il fevralın 8-də peykin orbitə buraxılması münasibətilə "Azərkosmos" ASC-nin binasında təşkil olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev demişdir: "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti eyni zamanda maliyyə məsələlərini həll edəcəkdir. Yəni bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır".

Bunu hər bir Azərbaycan vətəndaşı dərk edir və əyani görür. Mütəxəssislər təsdiqləyirlər ki, telekommunikasiya peykinin hazırlanması çoxlu vəsait tələb edir. Amma burada həlledici an İKT səviyyəsidir. Vaxtilə dünya kapitalının əsasını təbii sərvətlər və xüsusən enerjidaşıyıcıları təşkil edirdi. Bir azdan sonra böyük maliyyə korporasiyaları "JP Morgan", "Citi group" və digərləri inkişaf edərək enerji sektorunu geridə qoydular. Bu gün, dünya ekspertlərinin qənaətinə görə, neft sektoru 2 trilyon, maliyyə sektoru isə 2,5 trilyon ABŞ dolları həcmində qiymətləndirilir. XX əsrin sonundan başlayaraq insan həyatını kardinal dəyişən, sadə proseslərdən tutmuş ən mürəkkəb proseslərə qədər təsir göstərən İKT ön plana çıxır. Bu gün dünyada elə sahə yoxdur ki, onun inkişafı İKT-siz mümkün olsun.

Ona görə də Azərbaycanda indi ucqar kəndlər daxil olmaqla, genişzolaqlı internetə çıxışın təmin edilməsinin, istifadəçilərin sayının isə təxminən 85 faizə çatdırılmasının  hədəf kimi seçilməsi təsadüfi deyil. Bu, bir neçə ildən sonra inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olmaq deməkdir.

Azərbaycanda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanıb. 2013-cü ildə bu layihəyə artıq xeyli vəsait ayrılıb.

Bu gün İKT-nin bölgələrin inkişafına təsiri həqiqətən də böyükdür. Ölkənin regionlarının sosial-iqtsiadi inkişafına yönəldilmiş ikinci Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bu barədə ətraflı bəhs etmişdir: "Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib... Aqrar sahədə də İKT məsələlərinin həlli,  hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq, həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Artıq bu sahədə böyük layihə icra edilməyə başlayır. Biz bütün şəhərlərə genişzolaqlı internet xətləri çəkəcəyik. Bu, bir neçə milyon manat dəyərində olan layihədir. Əhəmiyyəti nəzərə alınaraq bu layihə Dövlət Neft Fondunun xətti ilə və Rabitə və İnformasiya Nazirliyinin nəzarəti altında birbaşa maliyyələşdirilir. Yəni biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik".

Ölkə Prezidenti İKT-nin inkişafı istiqamətində işlərin planlı, məqsədyönlü şəkildə aparılmasından məmnunluğunu bildirib. Görülən bütün tədbirlərin, o cümlədən 2013-cü ilin "İKT ili" elan olunmasının, informasiya texnologiyaları universitetinin yaradılacağının və orada hazırlanan kadrların yüksək texnologiyalar parkında işləyəcəyinin bunun sübutu olduğunu qeyd edib: "Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 15 may.- S.9.