Fərid MƏMMƏDOV: Azərbaycanı «Eurovision» mahnı
müsabiqəsində təmsil etməkdən qürur duyuram
Azərbaycanı
"Eurovision" mahnı müsabiqəsində təmsil etməkdən
qürur duyuram. Ölkəmizin yenidən qalib olması
üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Azərbaycan ötən il bu müsabiqəyə uğurla ev
sahibliyi etmiş, xarici qonaqları, sözün yaxşı mənasında,
heyrətləndirməyi bacarmışdır.
Bu
fikirləri ölkəmizi bu il "Eurovision-2013" mahnı
müsabiqəsində təmsil edən Fərid Məmmədov
AzərTAc-a müsahibəsində söyləmişdir. F.Məmmədov
demişdir:
-
Komandamız məşqləri ciddi səylə həyata
keçirmişdir. Mən xalqımın verdiyi səs və
münsiflər heyətinin birgə qərarı nəticəsində
"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ
qazanmışam. Bu, mənim üçün böyük məsuliyyətdir.
Düşünürəm ki, özümü sübut etmək
üçün bu müsabiqə mənim üçün
bir şansdır.
Məşqlərimiz
hər gün davam edir. Artıq yarımfinal mərhələsində
çıxış etməyə tam hazıram.
- Bu
möhtəşəm səhnədə Azərbaycanı təmsil
edərkən hansı hissləri keçirirsiniz?
Hər
bir müğənni öz üzərində ciddi
çalışmalıdır. Bu möhtəşəm səhnədə
olmaq unudulmaz hissdir. Səhnə çox gözəldir.
Xoreoqrafiya bir-birini tamamlayır. Ölkəmizin nüfuzu
bütün dünyada gündən-günə artır. Bu mənada
bu il mənim üzərimə belə bir məsuliyyət
düşdüyünə görə fəxr edirəm.
- "Eurovision" mahnı müsabiqəsi ilə bağlı bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Ötən il müsabiqə Şərq ilə Qərbin qovuşduğu bir məkanda - Bakıda təşkil olunmuşdur. Sizcə, builki şou əvvəlkindən nə ilə fərqlənir?
- "Eurovision" mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli mənəvi dəyərləri özünü göstərir. Ötən il ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmişdir. Bu mənada "Eurovision" müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi. Bu özünü müsabiqənin açılışında göstərdi. Builki müsabiqə isə ənənəvi Avropa ölkəsində təşkil olunmuşdur.
- Ölkəmizin bu il finalda iştirakını necə qiymətləndirirsiniz?
- Jurnalistlərin və "Eurovision" fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda birinci yerdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm. Hesab edirəm ki, özümü tamaşaçıya daha yaxşı təqdim edə bilsəm, uğur qazana biləcəyəm.
- Səhnədəki kölgə ilə müşayiət olunan performansınızdan razısınızmı?
- Kölgə mənim hisslərimi ifadə edir. Sevgidə baş verən
dəyişikliklər səhnə
performansındakı qapalı
qutuda təcəssüm
olunur.
Ölkəmizə bu il
maraq daha çoxdur. Bu, həm
Mətbuat Mərkəzində,
həm də, ümumiyyətlə, şəhərə
gələn qonaqlar arasında hiss edilməkdədir.
- Proqnozlara əsasən, Azərbaycanın "Eurovision-2013" mahnı müsabiqəsində
daha çox qələbə qazanmaq şansı vardır. Bu qələbəyə hazırsınızmı?
- Qalib gəlsəm, çox şad olardım. "Eurovision" mahnı müsabiqəsinin
yenidən ölkəmizdə
çox yüksək
səviyyədə keçiriləcəyinə
heç bir şübhəmiz yoxdur.
Bu, təkcə bizim rəyimiz deyildir. Avropa Yayımları Birliyinin
uzun illər
"Eurovision" mahnı müsabiqəsinə
rəhbərlik edən
şəxsləri, eyni
zamanda, qurumun Məşvərət Qrupu
layihənin icrasının
bütün mərhələlərində
öz fikirlərini bildirmişlər.
- Yarımfinal ərəfəsində
dünya azərbaycanlılarına
nə demək istərdiniz?
- Bütün dünya azərbaycanlılarından dəstək
gözləyirəm. Bilirəm ki,
hər kəsin ürəyi mənimlədir.
Özümə çox güvənirəm
və inanıram ki, biz yenidən qalib olacağıq.
Müsahibəni apardı: Anar
RZAYEV,
AzərTAc-ın müxbir
Malmö
Azərbaycan.-2013.- 15 may.- S.11.