11 yaşlı azərbaycanlı Rusiyanı heyrətləndirdi

 

Rusiyanın Qızıl Fonduna  adı salınan ilk azərbaycanlı,  11 yaşlı Əli Muradov növbəti uğura imza atıb: o,  "Planet of Talents " ("İstedadlıların Planeti") adlı beynəlxalq müsabiqədə ölkəmizi təmsil edib. Fərəhli haldır ki, həmyerlimiz  bu dəfə də  müsabiqənin ali mükafatına - "GRAND-PRİX"-ə layiq görülüb.

Novosibirsk şəhərində müsabiqənin qala konserti və diplomların təqdimedilmə mərasimi keçirilib. "Akademik vocal" nominasiyası üzrə 9-12 yaş qrupunda iştirak edən Əli Muradov "GRAND-PRİX" mükafatına layiq görülməklə yanaşı,   ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə xüsusi təşəkkürnamə ilə də təltif olunub.

Beynəlxalq  informasiya agentliklərinə müsahibə verən Əli Muradov bildirib ki, beş min nəfərə yaxın iştirakçının qatıldığı müsabiqədə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Koreya, nəhayət, Ermənistan da daxil olmaqla, 50 ölkə təmsil olunub. Şəhərin 8 müxtəlif konsert salonlarında müsabiqə iştirakçılarının ifa etdiyi əsərlər Rusiyanın tanınmış incəsənət xadimlərindən ibarət  münsiflər heyəti  tərəfindən qiymətləndirilib: "Iştirakçıların hamısı istedadlı uşaq və gənclər idi. Belə rəqiblərlə mübarizə aparmağın çətin olduğunu öncədən bilirdim. Buna baxmayaraq, qarşıma məqsəd qoymuşdum ki, səhnədə bir daha Azərbaycan bayrağını qaldırım. Şükür, buna nail oldum. Amma, açığı, "GRAND-PRİX" mükafatına layiq olacağımı gözləmirdim. Axı, beş min nəfər iştirakçı və iddiaçı arasında  bu ada layiq görülmək o qədər də asan deyildi. Uğurumuza ermənilərin qısqanclığını onların gözlərindən və hərəkətlərindən hiss etməmək mümkün deyildi".

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr və "Qrand-Pri" mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk və Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Əli Muradov Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə də layiq görülüb. Bu yaxınlarda isə  o, İspaniyanın Loret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq "El festival De Mar V Sol" festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 15 may.- S.11.