«10 ilin dövlət
adamı»
Türkiyənin nüfuzlu "Ekovitrin"
jurnalı Prezident İlham
Əliyevin fəaliyyətini yüksək dəyərləndirib
Ulu
öndər Heydər Əliyevin gərgin əməyi sayəsində
ölkəmizdə düzgün qurulan, möhkəm təmələ
əsaslanan daxili və xarici siyasətin nəticəsidir ki,
Azərbaycan qısa zaman kəsiyində sosial-iqtisadi cəhətdən
dinamik inkişaf edən ölkə kimi tanınmış və
yüksək nüfuz sahibi olmuşdur. Dünya şöhrətli
siyasətçi ulu öndərin vaxtı ilə söylədiyi
proqram xarakterli "İqtisadiyyatı güclü olan hər
şeyə qadirdir" tezisi ölkəmizin son on ilinin
reallıqlarında, dünyanın inkişaf etmiş dövlət
başçılarının, tanınmış
politoloqlarının, peşəkar iqtisadçı-mütəxəssislərinin
proqnozlarında bir daha təsdiqlənir.
Son
on ildə Azərbaycanın iqtisadi və siyasi cəhətdən
daha da inkişaf etməsi, güclü dövlətə
çevrilməsi xarici ölkələrin vətəndaşları
tərəfindən də etiraf edilir və yüksək dəyərləndirilir.
Azərbaycandan çox-çox
uzaq ölkələrdə, böyük şəhərlərdə,
beynəlxalq tədbirlərdə, ictimai rəydə,
keçirilən sorğularda Azərbaycanın
sürətli inkişafı və
Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü
ilə ölkənin bütün sahələrində
uğurla nəticələnən islahatlar yüksək dəyərləndirilir.
Dediklərimizə güzgü
tutan Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalında
bu barədə geniş yazı verilmiş və keçirdiyi
rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdir.
Türkiyə
ilə yanaşı, Asiya regionunda da geniş yayılan
"Ekovitrin" jurnalı ənənəvi olaraq iqtisadiyyat,
biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və
yerli idarəçilik sahələrində "İlin
adamları"nı seçir.
Ölkə başçısının səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verən jurnalda bildirilir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Dövlət başçısının daxili və xarici siyasətinin uğurlu məqamlarından söhbət açan jurnal sorğu iştirakçılarına və çoxminli oxucularına çatdırmışdır ki, Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirmişdir. Enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılmış, Azərbaycan nefti və qazı dünya bazarına çıxarılmış və ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlamışdır.
Bundan başqa, dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları, layihələr reallaşdırmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır.
Ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yetirən jürnal oxucularına böyük fəxrlə xatırladır ki, son 10 ildə başda paytaxt Bakı olmaqla ölkənin bütün yaşayış məntəqələrində geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, Azərbaycanın siması dəyişmiş və müasirləşmişdir. Təsadüfi deyil ki, bu gün Bakıya gələn xarici qonaqlar on ildə baş vermiş dəyişiklikləri heyranlıqla izləyir və yüksək fikirlər bildirirlər.
Bu kimi faktlara genişliklə yer verən "Ekovitrin" sorğu iştirakçılarına onu da çatdırmağı vacib bilmişdir ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edir. Son 10 ildə bir milyondan artıq yeni iş yeri açılmışdır. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar məbləğində investisiya yatırılmışdır. Azərbaycan öz investisiya siyasətinin yeni konturlarını müəyyənləşdirmiş və fəal şəkildə xarici ölkələrin iqtisadiyyatına sərmayə yatırmağa başlamışdır. Türkiyənin "Petkim" şirkətini aldıqdan sonra Azərbaycan Egey neft emalı zavodu ("Star rafinerisi") layihəsinə 17,5 milyard dollar sərmayə yatırır.
Azərbaycan son illər həm də qaz ixrac edən ölkəyə çevrilərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsüylə Türkiyə ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəməri layihəsi böyük həcmdə Azərbaycan qazını Avropa bazarına çatdıracaqdır. Həmçinin Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu kimi Şərq ilə Qərbi birləşdirən yeni nəqliyyat layihəsini tamamlamaq üzrədir. Hazırda iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu üzvlərindən birinə çevrilmişdir. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, islam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirmişdir. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirmiş, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlamışdır.
Azərbaycan Prezidentinin fəaliyyətinin uğurlu məqamlarına toxunan jurnalda bildirilir ki, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, "Eurovision" musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərindən biri kimi qəbul olunur.
Azərbaycanın işğal altında olan ərazilərinin azad olunmasında Prezident İlham Əliyevin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi diqqətə çatdırılır: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir. Onun həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı çökən, əhalisi başqa ölkələrə üz tutan Ermənistan ilə müqayisədə Azərbaycan parlayan ulduza bənzəyir.
Məqalənin
finalında haqlı olaraq bütün dünyaya inam hissi ilə
bildirilir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini
yüksək qiymətləndirir və onu dəstəkləyir.
Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini
irəli sürməyə hazırlaşan İlham Əliyevə
rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər
Prezident İlham Əliyevi "10 ilin dövlət
adamı" elan etmək üçün tam əsas
yaradır. Bu, Azərbaycan dövlətinin uğuru, Azərbaycan
xalqının sevincidir.
Rəhman SALMANLI
Azərbaycan.-2013.- 16 may.- S.1.