Azərbaycanın yaratdığı təzadlar

 

BAŞ REDAKTORDAN

 

Dünya ziddiyyət və təzadlarla doludur!

Bir yanda toy, bir yanda yas!

Bir yanda var-dövlət, bir yanda yoxsulluq və ehtiyac!

Bir yanda inkişaf və tərəqqi, bir yanda durğunluq və geriləmə!

İnsanlar dünyadakı və həyatdakı ziddiyyətləri, əkslik və təzadları normal qəbul edirlər!

Filosoflar isə əksliklərin vəhdətini və mübarizəsini inkişafın əsası sayırlar!

Bir vaxtlar dünya iki qütbə bölünmüşdü. Hər qütbün başında bir superdövlət - SSRİ və ABŞ dayanaraq soyuq müharibə aparırdılar. Hətta belə bir fikir də var ki, ABŞ-ın sürətli inkişafının və hərbi cəhətdən qüdrətlənməsinin səbəbi həmin mübarizə və rəqabət olmuşdur!

Bu inkişafdan dünyaya da müəyyən pay düşdüyündən indi həmin qarşıdurmanın həsrətini çəkənlər də mövcuddur. Onlar keçmiş ziddiyyətləri sivilizasiyalararası müstəviyə keçirmək istəyirlər.

Dünyada son vaxtlar baş verən proseslər göstərir ki, hətta buna nail də olublar!

Biz isə yeni qarşıdurmanı ikili standartların təzahürü formasında öz üzərimizdə daim duyuruq!

Bütün bu ziddiyyətli proseslərə baxmayaraq, Azərbaycan müstəqillik illərində, xüsusən son on ildə görünməmiş inkişaf yolu keçmişdir. Ölkəmizin beynəlxalq nüfuzu və beynəlxalq əlaqələri möhkəmlənmiş, milli maraqlarını daha çevik və qətiyyətlə müdafiə etməyə başlamışdır. Bütün bunlarla yanaşı:

- Artıq Azərbaycan beynəlxalq arenada öz mövqelərini qorumaq iqtidarındadır;

- İkitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır;

- Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi  qiymətləndirilir;

- Azərbaycan etibarlı, sözünə və mövqeyinə sadiq dövlət kimi tanınır!

Mübahisəsizdir ki, ölkələrdə xaos, iqtisadi sıxıntı, çaxnaşma və toqquşma yaradan qarşıdurma və ziddiyyətlər qəbuledilməzdir!

Amma hərdən xoş ovqata və rifaha xidmət edən təzadlar da yaranır.

Çox əlamətdardır ki, belə təzadları yaradanlardan biri məhz müstəqil Azərbaycandır!

Əslində dünya bütöv və böyükdür. Amma informasiya və kommunikasiya texnologiyası, yüksək sürət onu "kiçildib". O qədər "kiçildib" ki, dünyanın ən uzaq nöqtəsində baş verən istənilən hadisə qısa müddətdə hamıya çatır!

Planetimizin bir nöqtəsində püskürən vulkan dünyanın bütün dövlətlərinin hava limanlarının işini iflic vəziyyətinə salır!

Bir ölkədə gedən proseslər digərlərinə də təsir göstərir!

İqtisadi sahədə isə təsiretmə gücü daha böyükdür!

Əməkdaşlıq əlaqələri, bank sistemi, birgə layihələrin icrası və digər amillər təsiretmənin gücünü artırır.

Ancaq xoşbəxtlikdən Azərbaycan zərərli təsiretmələrin gücünü səngidə bilir!

Xoşbəxtlik deyəndə isə, təkcə bəxtigətirməni nəzərdə tutmuruq!

Vaxtaşırı və sistemli şəkildə həyata keçirilən qabaqlama tədbirləri daim öz rolunu oynayır!

Bununla bağlı dövlət başçısı İlham Əliyevin maraqlı və məntiqli açıqlamasını xatırlatmaq istəyirik: "Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu forum məhz Bakıda keçirilibdir. Yəni beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul  edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz  təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir".

İndi isə konkret faktlar əsasında Azərbaycanın yaratdığı təzadların nədən ibarət olduğunu birlikdə nəzərdən keçirək:

- Hazırda insanları ən çox qayğılandıran XXI əsrin ilk onilliyində özünü qabarıq büruzə verərək siyasətçiləri, iqtisadçıları narahat edən, bəzi dövlətlərin başçıları üçün hətta dəfolunmaz problemə çevrilən və çoxsaylı istefalarla nəticələnən maliyyə və iqtisadi böhrandır. Bütün cəhdlərinə baxmayaraq, Avropa ölkələri bu fəsaddan hələ də yaxa qurtara bilməyiblər!

* Azərbaycanda isə başqa mənzərədir! Son on ildə iqtisadiyyat 300 faiz yüksəlib. Düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyasına əsaslanan bu yüksəliş ölkə həyatının bütün sahələrində ciddi dönüş yaratmış, hətta Azərbaycanın beynəlxalq nüfuzuna da güclü müsbət təsir göstərmişdir.

- Avropanı və dünyanın əksər ölkələrini bürümüş böhran insanların güzəranına ağır təsir göstərir, yaşayış səviyyəsini aşağı salır. İş yerlərinin bağlanması daha ağır fəsadlar törədir. Son illərdə Avropa İttifaqı üzrə 6 milyon iş yeri ixtisara salınıb!

* Azərbaycan isə inkişafdadır, hətta ötən il qeyri-neft sektorunda 9 faizdən çox yüksəliş olub. Son illərdə ölkədə 1 milyon 200 min yeni iş yeri açılıb, işsizlik səviyyəsi 49 faizdən 6 faizə, yoxsulluq səviyyəsi 5,2 faizə enib. Bütün bunlar xalqın rifahına da müsbət təsir edib. Nominal əməkhaqqı 5,9 dəfə artaraq 500 dollara, nominal orta aylıq pensiya isə 6,1 dəfə artaraq 200 dollara çatıb.

- Avropa dövlətlərində büdcə kəsiri ilbəil artır, xarici borclanma fəlakətli səviyyəyə çatır. Büdcə xərclərinin ixtisarı, dövlət sektorunda iş yerlərinin azaldılması böyük narazılıqlar doğurur, borc almaq problemə çevrilir, ölkələr defolt (məsələn, Yunanıstan) həddinə çatır!

* Azərbaycanda dövlət büdcəsi 17 dəfə artaraq 1,5 milyarddan 25 milyard dollara yüksəlib, ölkənin valyuta ehtiyatları isə 40 milyardı adlayıb. Xarici borc məqbul sayılan həddən də aşağı səviyyədədir və kiminsə qapısına gedərək borc istəmək niyyətində deyilik!

- Dünyanın bir çox ölkələrində bank sektorunda ciddi çaxnaşmalar baş verir, vəziyyətdən çıxmaq üçün əmanətçilərin mənafeyinə ağır zərbələr vuran addımlar atılır, dövlətlərin kredit reytinqləri aşağı salınır!

* Azərbaycan iqtidarı öz vətəndaşlarının sövet dövründə əmanət kassalarında batmış pullarını dünya üzrə ən yüksək əmsalla ödəyir, hər il sahibkarlığın inkişafına güzəştli şərtlərlə milyonlarla manat kreditlər verilir. İndiyədək dövlətimiz sahibkarlara 1,3 milyard manat kredit ayırıb. Cari ildə isə onlara azı 250 milyon manat güzəştli kredit veriləcəkdir. Dünyanın tanınmış iqtisadi qurumları hər ilin nəticələrinə görə Azərbaycanın kredit reytinqini artırırlar. "Ötən ildəki uğurlarımıza görə üç aparıcı reytinq agentliyi - "Fitch", "Moody's" və "Standard & Poors" agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar.

- Dünya dövlətləri maliyyə çatışmazlığı ucbatından iri layihələrin icrasını dayandırır, böhrandan çıxmaq üçün strateji obyektlərini belə hərraca çıxararaq satırlar!

 

* Bakı-Tbilisi-Qars dəmir yolunu öz imkanları hesabına maliyyələşdirən Azərbaycan ötən il qardaş Türkiyə ilə daha bir möhtəşəm transmilli layihəyə imza atdı. "Şahdəniz" qazının Avropaya ixracına şərait yaradacaq TANAP layihəsi ölkəmiz tərəfindən maliyyələşdirilir. Qonşu Gürcüstan, Türkiyə ərazisində bir sıra sərfəli obyektləri olan SOCAR artıq inkişaf etmiş ölkələrə, məsələn, İsveçrəyə sərmayə yatırır, müxtəlif obyektlər alır.

- Tez-tez Avropa İttifaqının dağılacağı barədə ciddi proqnozlar səslənir, bu ittifaqa daxil olan ölkələri iflasdan qurtarmaq üçün heç də birmənalı qarşılanmayan təkliflər irəli sürülür, layihələr müzakirəyə çıxarılır!

* Azərbaycanın süni peyki isə öz orbitində fırlanır. Yaxınlarda isə daha iki peykimiz səmaya ucalacaqdır!

- İkili standartlarla yaşayan və işləyən Avropada islamofobiya get-gedə güclənir, müqəddəs peyğəmbərimiz Məhəmməd vaxtaşırı KİV-lərdə təhqir edilir, Almaniyada məscidlərə hücumlar olur, insanların dini məbədlərə sərbəst gedərək ibadət etmələrinə əngəllər törədilir!

* Azərbaycan xalqının tolerantlığı dünyaya nümunə göstərilir. Burada dini mənsubiyyətinə görə heç kəsə fərq qoyulmur, təqib edilmir! Əksinə, son dövrlərdə Bakıda katolik və pravoslavlar, yəhudilər üçün yeni kilsələr tikilir.

- Avropa getdikcə qocalır, doğum faizi get-gedə aşağı düşür, pensiyaçıların miqdarı çoxalır, işləyən yerli əhalinin sayı isə azalır. Bu da ölkələrin gələcəyi üçün heç də xoş olmayan proqnozların meydana çıxmasına yol açır!

* Azərbaycanda isə demoqrafık göstəricilər qənaətbəxşdir: ölkə əhalisinin sayı 9 milyon 300 min nəfəri keçib. Müharibə şəraitində yaşayan, müstəqilliyin 22-ci ilinə qədəm qoyan ölkə üçün əhali artımı və gənclərin say çoxluğu uğurlu və ürəkaçandır!

Bəli, Azərbaycan dünya ölkələri ilə təzad yaradır.

Bu, inkişaf və tərəqqidən doğan təzadlardır!

Ən əsası, Azərbaycan xalqı belə "təzadları" sevir və qiymətləndirir!

Yaxın günlərdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr çərçivəsində "Avropa Qonşuluğu Barometri" qurumu tərəfindən keçirilən sorğunun nəticələri də bunu bir daha təsdiq edir.

Azərbaycanda yaşayanların 65 faizi öz həyatından razıdır.

Azərbaycan vətəndaşlarının 92 faizi öz hökumətinə inanır.

Azərbaycan xalqı belə təzadlardan həm də ona görə razıdır ki, onun kökündə dövlət başçısı tərəfindən yeridilərək Azərbaycanın dövlət və milli maraqlarına əsaslanan müstəqil siyasət dayanır!

 

 

Azərbaycan.-2013.- 16 may.- S.2.