Azərbaycan Texniki Universiteti ilə Bolqarıstan universitetləri arasında əməkdaşlığa
dair müqavilə imzalanmışdır
Mayın
15-də Azərbaycan Texniki Universitetində (AzTU)
Bolqarıstanın Qabrovo Texniki Universitetinin rektoru, professor
Rayço İlariyonov, Sofiya Texniki Universitetinin prorektoru,
professor Marin Xristov və Burqas şəhərindəki Professor Assen Zlatarov Universitetinin
rektoru, professor Petko Petkov ilə görüş
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüşdə universitetlər
arasında elm və təhsil sahəsində əməkdaşlıq,
tələbə və müəllim mübadiləsi, birgə
layihələrin həyata keçirilməsi ilə
bağlı məsələlər müzakirə
edilmişdir.
AzTU-nun
rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin fəaliyyəti, strukturu, maddi-texniki bazası,
professor-müəllim heyəti, tələbə kontingenti
haqqında ətraflı məlumat vermişdir. AzTU-nun xarici ölkə universitetləri
ilə əlaqələrindən, beynəlxalq layihələrdə
iştirakından danışan
rektor bu baxımdan
Bolqarıstanın ali məktəbləri ilə əməkdaşlığın
əhəmiyyətini qeyd etmişdir.
Respublikamızın
təhsil sisteminin Avropa təhsil məkanına - Bolonya prosesinə
qoşulduğunu diqqətə çatdıran H.Məmmədov Avropanın və dünyanın
qabaqcıl ali məktəbləri ilə təcrübə
mübadiləsinin, təhsil əlaqələrinin əhəmiyyətini
vurğulamışdır. Bolqarıstanın hər
üç ali məktəbini
nüfuzlu universitetlər kimi dəyərləndirən
H.Məmmədov bu elm ocaqları ilə əməkdaşlığın
inkişaf istiqamətləri haqqında
danışmışdır. Ölkələrimizin elm və
təhsil əlaqələrinin inkişafından söz
açan rektor bağlanacaq müqavilələrin iki ölkənin
ali təhsil müəssisələri arasında əməkdaşlığın
genişləndirilməsində və daha da möhkəmləndirilməsində
mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Bolqarıstanlı
professorlar R.İlariyonov, M.Xristov və P.Petkov təmsil etdikləri universitetlər
haqqında məlumat vermiş, ali məktəblər
arasında elm və təhsil əlaqələrinin əhəmiyyətindən
danışmış, AzTU ilə əlaqələrə
xüsusi əhəmiyyət verildiyini diqqətə
çatdırmışlar.
Ölkələrimiz
arasındakı dostluq münasibətlərini xüsusi qeyd edən
qonaqlar xalqımıza xoş arzularını bildirmiş, Azərbaycan
ilə elm, təhsil sahəsində tərəfdaşlıqda
maraqlı olduqlarını vurğulamışlar.
Sonra
AzTU ilə Bolqarıstanın üç ali təhsil müəssisəsi
- Qabrovo Texniki, Sofiya Texniki və Professor Assen Zlatarov universitetləri arasında əməkdaşlığa
dair müqavilələr imzalanmışdır.
Müqavilələri
professor H.Məmmədov və bolqarıstanlı professorlar
R.İlariyonov, M.Xristov,
P.Petkov imzalamışlar.
Sənədlərdə
birgə tədris, elmi-tədqiqatların aparılması,
müəllim və tələbələr arasında təcrübə
mübadiləsi və digər məsələlər nəzərdə
tutulur. Tədbirdə müqavilədən irəli gələn
bir sıra məsələlər müzakirə edilmişdir.
Qeyd
olunmuşdur ki, imzalanan müqavilələr Azərbaycan və
Bolqarıstanın ali təhsil ocaqları arasında əməkdaşlığı
daha da inkişaf etdirəcək, tədris proqramlarının
uyğunlaşdırılmasına, birgə elmi
araşdırmaların aparılmasına, əlaqələrin
genişləndirilməsinə və
möhkəmləndirilməsinə kömək edəcəkdir.
Sonra
qonaqlar AzTU-nun binasını gəzmiş, universitetin
müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları, tədris
mərkəzləri, fənn kabinələri ilə
tanış olmuşlar.
Görüşdə
Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya
Xristova iştirak etmişdir.
Azərbaycan.-2013.- 16 may.- S.2.