Gəncə sosial-iqtisadi uğurlarını inamla davam etdirir

 

Gəncənin bugünkü sosial-iqtisadi inkişafı hamının diqqətini cəlb edir. Şəhər sakinləri də, gələn qonaqlar da aparılan tikinti-quruculuq və abadlıq işləri nəticəsində bu şəhərin daha da gözəlləşdiyini xüsusi qeyd edirlər. Təqdirəlayiq haldır ki, bütün işlərdə - yolların genişləndirilməsindən, səkilərin abadlaşdırılmasından, binaların fasadlarının yenilənməsindən tutmuş, yeni tikintilərə, bərpa və təmir işlərinə qədər Gəncənin qədim siması, milli memarlıq xüsusiyyətləri qorunub saxlanılır.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Gəncə şəhərində bir neçə beynəlxalq tədbir həyata keçirildi. Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı ilə "Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda dünyanın ayrı-ayrı ölkələrindən 20-dən çox qonaq iştirak edirdi. Şəhər ictimaiyyəti ilə birgə Gül bayramına və digər tədbirlərə qatılan qonaqlar Gəncə şəhərinə heyranlıqlarını böyük səmimiyyətlə bildirirdilər. İngiltərə Kraliyyət Akademiyasının prezidenti Susan Greenfieldin təəssüratlarından:

- Mən ilk dəfə Gəncədə 2012-ci ilin oktyabr ayında olmuşam. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyində iştirak edirdim. Azərbaycana, Gəncəyə yenə dəvət alanda məmnuniyyətlə gəldim. Açığını deyim ki, Gəncəyə daxil olanda gözlərimə inanmadım. Şəhərdə nə qədər yeni işlər görülüb! Gəncənin gözəlliyi daha da artıb. Yeni mədəniyyət ocaqlarının, o cümlədən Nizami Gəncəvi Mərkəzinin tikintisinə başlanıb. Bütün bunlar çox gözəl və əhəmiyyətlidir.

Qafqaz Dostluq evinin direktoru, gürcüstanlı alim Giuli Alasania da ötən il dahi Nizami Gəncəvinin yubileyi ilə əlaqədar Gəncədə olub. İndi gördükləri isə onu xeyli təəccübləndirib:

- Qısa müddət ərzində Gəncənin belə dəyişəcəyinə, belə inkişaf edəcəyinə inanmaq olmur. Ancaq burada hər şeyi öz gözlərimlə gördüm. Hara baxırsan abadlıq, quruculuq işləri gedir.

Bəli, bu gün Gəncədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanılıb.

Qeyd edək ki, bu ilin birinci rübü ərzində şəhərdə ümumi daxili məhsulun həcmi 4,6 faiz artıb, orta hesabla hər nəfərə düşən ümumi daxili məhsulun həcmi 11,5 faiz çoxalıb. Sənaye istehsalının 71,7 faizi özəl bölmənin payına düşür, bu isə ötən illə müqayisədə 5,7 faiz artıb.

Gəncədə nəzərdə tutulan layihələr uğurla gerçəkləşdirilir. Ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş "Gəncə DET.AL" Alüminium MMC-nin Alüminium zavodunun ildə 50 min ton alüminium istehsal edəcək ikinci fazasının inşası davam etdirilir. Zavod ən yüksək standartlara cavab vermək iqtidarındadır. "Gəncə-Qənnadı" ASC-nin Süd Emalı zavodu da tezliklə istifadəyə verilməlidir. Hazırda müəssisənin inzibati binasında, həmçinin istehsalat sahəsində əsaslı təmir və bərpa işləri görülür.

"Elba" Kəsim və Emal Fabrikası" MMC-nin tikintisi, "İnter-Pak" MMC-də yeni xammalın ilkin emalı sexininxammal anbarının yenidən qurulması və inşası işləri də öz qaydasındadır.

"Gəncə Əlvan Metal Emalı" ASC-də horizontal basqı gücünə malik 2 min tonluq presin istifadəyə verilməsi üçün son tamamlama işləri gedir. Bu istehsal sahəsi yeni iş yerlərinin yaradılmasına da imkan verəcəkdir. "Neon" firmasında gündəlik istehsal gücü 25 ton olan müasir çörək zavodunun istifadəyə verilməsindən sonra əlavə olaraq 25 nəfər işlə təmin olunub.

"Gəncə-Dəyirman" MMC-də 5 min tonluq 2 taxıl anbarının inşa edilməsi də çox əhəmiyyət daşıyır.

Siyahını genişləndirmək, digər tikinti işlərindən də söz açmaq olar. Vacibi odur ki, müəssisələrin yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi gələcəkdə məhsul istehsalının artımına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır. Bütün bu işlərdə isə müasir texnologiyaya və modernləşməyə xüsusi fikir verilir.

Əhəmiyyətli məsələlərdən biri də şəhərdəki iqtisadi sabitlik və əlverişli investisiya mühitinin formalaşmasıdır. Bu amillərdən lazımınca yararlanan investorlar şəhər üzrə qoyulmuş sərmayələrin 5,1 milyon manatını və ya 15,6 faizini sənayeyə yönəldiblər.

Gəncədəki möhtəşəm tikililərdən biri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir layihə əsasında sahəsi 4500 kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam edir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulub.

Tikintisi davam edən obyektlər sırasında Nizami Gəncəvi Muzeyini, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi adına mərkəzləri, Gəncə Dövlət Filarmoniyasını da qeyd etmək olar.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN Xidmət" mərkəzi tikilir. Mərkəzin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Gəncənin ayrı-ayrı ərazilərində kərpicdən inşa edilmiş qədim binalardan çoxunda təmir-bərpa işləri milli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla başa çatdırılıb və digər ünvanlarda da işlər davam etdirilir.

Gəncəçayın şəhər ərazisindən keçən hissəsində sahil boyu bərkitmə və çayın məcrasının yenidən qurulması işləri görülür. Çayın sağ sahilində ilkin olaraq 1,2 km uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələri həyata keçiriləcək. Bütün bu işlərdə isə şəhərin qədim görkəmi ilə müasirliyin vəhdəti nəzərə alınacaq.

Gəncədəki prioritet məsələlərdən biriavtomobil yollarının genişləndirilməsi, yol kənarındakı tikililərin dam örtüklərinin dəyişdirilməsi, binaların fasadlarının klassik memarlıq üslubunda yenilənməsidir. Şəhərdə yaşıllıqların salınmasına, qorunmasına, yeni ağacların əkilməsinə ciddi fikir verilir. İlin əvvəlindən şəhər ərazisində 12 min 700-dən çox ting basdırılıb, 15 min 300-ə yaxın mövsümi gül və çiçək əkilib, 1,2 hektar sahədə çəmənlik salınıb, 6 ədəd subartezian quyusu isə təmir olunaraq istifadəyə verilib.

Mühüm layihələrdən biri də şəhərin Bakı istiqamətindəki giriş hissəsində üçmərtəbəli yeni Beynəlxalq avtovağzalın inşasıdır. Ötən il tikinti işlərinə 680 min manat vəsait xərclənib. Avtovağzalın ərazisində mehmanxana, ticarət mərkəzi və digər obyektlər də fəaliyyət göstərəcəkdir.

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə yanaşı, məcburi köçkünlərə diqqət və qayğı da daim diqqətdə saxlanılır. Belə ki, onlarla müntəzəm görüşlər keçirilir, çətinlikləri öyrənilir, qaldırılan məsələlərin həllinə kömək göstərilir. İlin ilk üç ayı ərzində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 39 nəfər Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə mənzil inşası və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılıb, 2 nəfərə isə ayrılmış torpaq sahəsində ev tikilib.

Yeni Gəncə yaşayış massivində 81 mənzilli, doqquzmərtəbəli yaşayış binası istifadəyə verilməklə 34 nəfər Qarabağ müharibəsi əlili, 33 şəhid ailəsi, 12 nəfər Çernobıl əlili və 1 nəfər Böyük Vətən müharibəsi əlili mənzillə təmin edilib.

Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə inşa edilən "Şəhidlər" Memorial Kompleksi istifadəyə verilib. Burada 49-u naməlum olmaqla, 369 şəhidin uyuduğu məzarlar vahid formada qara mərmərdən düzəldilib. Şəhidlərin şərəfinə 22 metr hündürlüyündə səkkizguşəli əzəmətli monumental abidə ucaldılıb. Bura artıq gəncəlilərin müqəddəs and yerinə çevrilib.

Şəhər ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar ərazidə yaşayış şəhərciyinin salınmasına başlanılıb. Bu ərazidə beşmərtəbəli 25 yaşayış binasının tikintisi və hər binada 60 ailə olmaqla, 1500 məcburi köçkün ailəsinin məskunlaşdırılması planlaşdırılır.

Onu da qeyd etmək lazımdır ki, Gəncə şəhərində azad sahibkarlığa yaradılan münbit şərait və sərbəst iqtisadi fəaliyyətə geniş imkan verilməsi yerli sahibkarlarla yanaşı, xarici investorların da Gəncəyə daha çox maraq göstərməsinə stimul verir. Bu ilin ilk üç ayı ərzində şəhər üzrə 19 hüquqi və 802 fiziki şəxsin qeydiyyata alınması iqtisadi fəallığı səciyyələndirir.

2012-2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncədə 16 sahibkara müvəkkil kredit təşkilatları vasitəsilə 3 milyon 877 min manat məbləğində güzəştli kredit ayrılıb. Bu isə həyata keçiriləcək layihənin icrası ilə 118 yeni yerinin yaradılması deməkdir.  

Ümumilikdə isə bu ilin birinci rübündə 1066 yeni, o cümlədən 957 daimi yeri açılıb.

Bir sözlə, görülən işlər deməyə əsas verir ki, nəzərdə tutulan digər layihələr və tədbirlər də əzmkarlıq və işgüzarlıq sayəsində uğurla başa çatdırılacaqdır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 16 may.- S.4.