Fransız mətbuatı Heydər Əliyev
Fondunun Evianda keçirdiyi tədbiri və tarixi abidələrin bərpasına
yardımını geniş
işıqlandırmışdır
Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Parisdəki səfirliyinin təşəbbüsü
ilə Fransanın müxtəlif
şəhərlərində keçirilən "Azərbaycan
günləri" çərçivəsindəki tədbirlər
və fondun bu ölkənin tarixi abidələrinin bərpasına
yardımı son vaxtlar yerli mətbuatın
səhifələrində müntəzəm
işıqlandırılır. "Dofine" qəzetində
çap olunan "Azərbaycan öz zənginliyini Evianın
festivallar sarayında nümayiş etdirir" sərlövhəli
məqalədə Heydər Əliyev Fondu tərəfindən
çoxəsrlik tarixə malik Azərbaycanın mədəni
dəyərlərindən ibarət
sərginin açılışından bəhs olunmuşdur.
Məqalədə ölkəmizin Fransadakı səfiri
Elçin Əmirbəyovun,
Evian şəhərinin meri Mark
Fransinanın Azərbaycan barədə fikirlərinə
geniş yer verilmişdir.
"Qafqazın
mirvarisi, qədim və zəngin tarix" yarımsərlövhəsi
altında verilmiş yazıda isə
Qafqazın mirvarisi adlanan Azərbaycanın Avropa ilə
Şərq arasında yerləşdiyi, yeraltı sərvətləri,
zəngin mədəniyyəti, dövlət atributları,
coğrafi mövqeyi barədə məlumatlar yer
almışdır. Daş dövründən etibarən
öz mədəniyyətini yaradan azərbaycanlılar
fransız oxucularına inkişaf etmiş və zəngin mədəniyyətə
malik bir xalq kimi təqdim olunmuşdur.
Azərbaycana
xüsusi nömrə həsr edən və səhifələrində
ölkəmiz haqqında çoxsaylı məqalələrin
yer aldığı "Qərbi Fransa" qəzetinin 13 may
tarixli nömrəsində dərc edilən "Kilsəni bərpa
etmək üçün dünya öz daşını gətirdi"
sərlövhəli məqalədə Fransanın mədəni
və tarixi abidələrinin bərpasına yaxından
kömək göstərən Heydər Əliyev Fondunun Orn departamentində bir neçə
kilsənin bərpasına yardımından, Sen-Hiler kilsəsində bərpa işlərinin başa gəlməsi
ilə əlaqədar mayın 11-də keçirilən təntənəli
toplantıdan bəhs olunmuşdur. Toplantıda
çıxış edən Sentiyi qəsəbəsinin meri,
Orn departamentinin rəsmiləri Heydər Əliyev Fondunun
yardımını yüksək
qiymətləndirmiş, bu
addımın iki xalq arasında dostluq əlaqələrinin
daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə
çatdırmışlar.
Məqalədə səfir
Elçin Əmirbəyovun "Mədəni irs yalnız bir
xalqa deyil, dünyaya məxsusdur" fikri də yer
almış, 9 milyon əhalisi olan Azərbaycanın dünyəvi və tolerant ölkə olduğu
xüsusi vurğulanmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 16 may.- S.4.