O, həyatını həmişəyaşar mövzuya həsr etmişdi

 

Təbiət ona elə bir istedad və yaradıcılıq eşqi bəxş etmişdi ki, hansı sahəyə üz tutsaydı, orada müvəffəqiyyət qazanmağa qabil idi. Bu qabiliyyəti ilə ömrünü publisistikaya, ədəbiyyat tarixinə, nəzəriyyəsinə, onun problemlərinə və s. həsr etdi. Ədəbiyyatın ən çox zəhmət tələb edən başqa bir qoluna - şifahi xalq yaradıcılığına isə xüsusi önəm verdi. Bu, elə bir dərin dəryadır ki, onu öyrənib başa vurmaq heçasan deyildi. Azad müəllim xəzinə, sərvət dolu bu dəryaya - xalqın irsinə bütün varlığı ilə daxil oldu, onu arayıb-araşdırdı, təhlil və tədqiq etdi, qiymətli, gərəkli nəticələrə nail oldu. Özübu sənətin sayəsində ucaldı, şöhrətləndi, tanındı, ad-san qazandı.

Bu sözlər görkəmli folklorşünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, bir il əvvəl vaxtsız itirdiyimiz Azad Nəbiyev haqqındadır.

Görkəmli alim həmçinin bizim, bu gün Azərbaycan mətbuatında çalışanların çoxunun müəllimi olmuşdu, həmkarımız, dostumuz, həmsöhbətimiz, müəllifimiz idi.

Azad Nəbiyev yurdumuzun Quba bölgəsinin İkinci Nügədi kəndində 1945-ci ilin yazında dövrünün qabaqcıl maarifçi ziyalısı, partiya, sovet və təsərrüfat işçisi Mövlud Novruz oğlunun ailəsində dünyaya göz açmışdı. M.Nəbiyev sovetlər birliyinin bir sıra orden və medallarına layiq görülmüş, keçmiş SSRİ Ali Sovetinin deputatı olmuşdu. Ailədəki yüksək ziyalı mühiti, təhsilə, elmə, müasirliyə maraq, milli-mənəvi dəyərlərə hörmət, işgüzarlıq, əməksevərlik bu ailədə böyüyən uşaqlara da sirayət etmiş və həyat yollarını seçməkdə müəyyənedici rol oynamışdı. Bir sözlə, böyük təsiredici gücə malik ailə ənənəsi hökm sürürdü. Azad Nəbiyevin də şifahi xalq ədəbiyyatına sonsuz marağı elə burada oyanmışdı. Bu elin dili laylalı analarının, sözünü hikmətlə başlayan atalarının təsiri ondan yan keçməmişdi. Nənələrin nağıllarını, bayatılarını, nəğmələrini dinləyə-dinləyə, babaların söylədiyi dastanları, əfsanələri yaddaşına yaza-yaza öz ömür yolunu müəyyənləşdirmişdi.

Kənd məktəbini qurtardıqdan sonra 1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdı. Universiteti bitirib əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdı. Yeddi il burada işləmişdi. 1974-cü ildə "Gənclik" nəşriyyatında redaksiya müdiri vəzifəsinə keçmişdi. Sevimli müəllimi Mir Cəlalın tövsiyəsi ilə universitetin aspiranturasına daxil olmuşdu. Folklorşünas ixtisasını seçmiş və "Koroğlu" dastanının türk xalqları içərisində yayılmış variantları, xüsusən Azərbaycan və özbək variantları üzərində araşdırmalar aparmışdır. 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetində çalışmağa başlamışdır. Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində işləmişdir. 1981-ci ildə Tbilisidə Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunda folklorşünaslıq ixtisası üzrə "Azərbaycan-özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə professor vəzifəsinə seçilmişdir. 1989-cu ildə onun təşəbbüsü ilə Bakı Dövlət Universitetində Folklor kafedrası yaradılmışdır. Həmin ildən ömrünün sonunadək Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Azad müəllim ədəbi fəaliyyətə ötən əsrin 60-cı illərindən başlamışdır. İlk mətbu şeiri 1962-ci ildə rayonda çıxan "Qızıl Quba" qəzetində dərc edilmişdir. Xüsusi vurğulayaq ki, Azad Nəbiyev gənclik illərindən ömrünün sonunadək, adlı-sanlı, şöhrətli alim olanda da jurnalistlik fəaliyyətini davam etdirmiş, qəzet və jurnallarda müxtəlif mövzularda, çox vaxt təhlili və araşdırma yazılarla oxucuların rəğbətini qazanmışdır. Əslində jurnalistlik onun ixtisası idi. Bundan başqa, şeir, hekayə, povest, oçerk, ədəbi-tənqidi məqalələri də mətbuatda mütəmadi dərc olunurdu.

1969-cu ildə "Bağlarda bahar", 1975-ci ildə "Qəhrəmanlıq səhifələri", 1977-ci ildə "Azərbaycan dastanları", 1978-ci ildə "Azərbaycan-özbək folklor əlaqələri", 1983-cü ildə "Azərbaycan folklorunun janrları", 1986-cı ildə "Nəğmələr, insanlar, alqışlar, adətlər", 1988-ci ildə "El nəğmələri, xalq oyunları", 1992-ci ildə "Sərhəd bilməyən əlaqələr (Azərbaycan-türkmən folklor əlaqələri)", "İlaxır çərşənbələr" kitabları çapdan çıxmışdır. Sonrakı illərdə də bu siyahı xeyli zənginləşmiş və böyümüşdür.

Professor Azad Nəbiyev 40 ildən artıq bir dövrdə şifahi xalq ədəbiyyatımızın toplanması, nəşri, tədqiqi və tədrisi məsələləri ilə məşğul olmuşdur. Onun gördüyü işlərin coğrafiyası geniş və rəngarəng idibu, alimi yaxından tanıyanlar arasında heyrət doğururdu. O, elləri, obaları gəzir, yazıya alınmamış neçə-neçə nəğməni, nağılı, dastanı axtarıb tapır, işləyib hazırlayır, müxtəlif tədqiqat əsərlərində araşdırmalara cəlb edirdi. Məsələn, o, Şirvandan "Koroğlu" dastanının yeni variantını yazıya koçürmüşdü.

Azad Nəbiyev folklorşünaslığın nəzəri məsələləri ilə daha dərindən məşğul olurdu. Tədqiqatçılar alimin əsas elmi nailiyyətlərini belə səciyyələndirirlər: "Toplama və tədqiqat materialları ilə Azərbaycan folklorunun janr tərkibini dürüstləşdirmiş, 30-dan artıq yeni janrı açıqlayıb tədqiqata cəlb etmişdir. Azərbaycanın qəhrəmanlıq eposu, mərasim folkloru, xalq oyunları və meydan tamaşaları, kiçik janrlars. barədə yazdığı fundamental əsərlərlə mərasimşünaslığa və eposşünaslığa bir sıra yeniliklər gətirmişdir. Azərbaycan-özbək, Azərbaycan-türkmən folklorunun tipologiyası və qarşılıqlı əlaqələrini digər xalqların folklorları kontekstində araşdırmağa nail olmuşdur. Alim eyni zamanda Azərbaycan folklorunu rus, türkbaşqa xarici dillərdə çap etdirdiyi toplular vasitəsilə dünyaya tanıtmaq sahəsində mühüm işlər görmüşdür".

Görkəmli alim yaxşı bilirdi ki, xalq yaşadığı hər bir dövrün psixologiyasını, əxlaq və dünyagörüşünü həmin dövrdə yaratdığı xalq ədəbiyyatı nümunələrində əks etdirmişdir. Ona görə də ağız ədəbiyyatını nəşrə hazırlayıb araşdırarkən onu məhdud qəliblərə salıb təmasda olduğu dünyagörüşlərdən təmizləməyi, onlardan kənarda tədris etməyi, bu ədəbiyyatın mahiyyətini, əhatə dairəsini, məzmununu və yaranma tarixini təhrif etməyi yolverilməz sayırdı. Bu ədəbiyyatı yalnız düzgün dövrləşdirmək, təsnif etməklə müxtəlif mərhələlərdə xalqımızın erkən məişət həyatı, yaşayışı, adət-ənənəsi barədə dürüst məlumat əldə etməyi lazım bilirdi. Yorulmaz alim bu elmi ehtiyacı ödəmək üçün gecəli-gündüzlü çalışırdı.

Azad Nəbiyevin yaradıcılığının əsas istiqamətlərindən birifolklorumuzu həm də başqa dillərdə dünya oxucusuna təqdim etmək idi. Keçən əsrin 90-cı illərindən sonra bu missiya yeni məna və məzmun kəsb etdi. O, Azərbaycan folklorunun rustürk dillərində yayılması və nəşrində sələfləri olan V.Bartoldun, Ə.Abidin, A.Baqrinin, H.Zeynallının, A.Lukovskinin, Ə.Vəkilovun, V.Qafarovun və digərlərinin işini davam etdirdi. Müəllif rus dilində "Azərbaycan mifləri, nağıl və əfsanələri", "Azərbaycan-özbək folklorunun qarşılıqlı əlaqəsi", "Azərbaycan folkloru" kitablarını nəşr etdirdi. Bunlar da başqa xalqların oxucularına şifahi ədəbiyyatımızla tanış olmaq imkanı yaratdı. 1990-cı ildə alimin Azərbaycan-türkmən əlaqələrindən bəhs edən "Sərhəd bilməyən əlaqələr" monoqrafiyası Aşqabadda türkmən dilində nəşr olundu.

Həmin illərdə Azad Nəbiyev Azərbaycan folklorunun türk dili vasitəsilə yayılması işinə də qoşuldu. 1994-cü ildə "Azərbaycan ədəbiyyatı antologiyası"nın birinci cildi nəşr olundu. Bura daxil edilən qədim türk dastanlarından tutmuş şifahi yaradıcılığımızın bir çox dəyərli nümunələrini alim özü toplamış, kitabı tərtib etmişona ön söz yazmışdır. Əslində, Azad müəllim bununla bir elmi-tədqiqat institutunun, yaxud böyük bir alimlər dəstəsinin görəcəyi genişhəcmli işin öhdəsindən təkcə gəlmişdi. Bundan başqa, "Azərbaycan türk ədəbiyyatı", "İlaxır çərşənbələr", "Azərbaycanda Novruz" kitabları İstanbulda türk dilində işıq üzü gördü.

Azad Nəbiyevin xarici ölkələrdə 25-dən artıq elmi əsəri nəşr olunub. Yeri gəlmişkən qeyd edək ki, ümumilikdə alimin elmi əsərlərinin sayı 350-dən çoxdur.

Şifahi sözümüzün erkən qaynaqları, yaranma dövrü və təkamülü, növjanr törəməsi qanunauyğunluqları, şifahi söz formulası, onun erkən milli zəmini, etnogenetik inkişafın şifahi söz yaradıcılığına təsiri və s. kimi məsələlər alimin filoloji fikir və təxəyyülünü daha çox məşğul edirdi. Əcdadlarımızın erkən bədii düşüncəsinin çoxcəhətliyi, onun ilkin bədii söz modelləri, süjet, motiv və obrazları, bunların ümumdünya mədəni düşüncəsinə təsiri, qarşılıqlı bəhrələnmə və əlaqəsi məsələləri alimə türk etnosunun mənşəyini, tarixi təkamülünü və bugünkü Azərbaycan ərazisində məskunlaşma tarixinin ayrı-ayrı məqamlarını açıqlamaqda, ümumilikdə ulularımızın düşüncəsinin məhsulu olan şifahi sözü araşdırmaqda dəstək olurdu.

Məsələn, müəllifin toplayıb nəşrə hazırladığı "Koroğlu" dastanının Dərbənd variantının bir sıra qollarını götürək. O, eləcə də "Molla Nur", "Qaçaq Nəbi", "Qatır Məmməd" kimi dastanları geniş qeyd və şərhlərlə nəşrə hazırlamışdır. Aşıq sənəti, aşıq məktəbləri, ozan-aşıq sənətinin qarşılıqlı əlaqələri, qopuzla sazın əlaqəli havaları ilə bağlı maraqlı tədqiqatları var. Təbriz, Şirvan aşıqları, qadın aşıqlar mövzusunda tədqiqatları da təxminən bu istiqamətdədir. Bütün bu kimi məsələlər müəllifin türkoloq alim X.H.Koroğlu ilə birlikdə rus dilində nəşr etdirdiyi "Azərbaycan qəhrəmanlıq eposu"nda (1996) öz əksini tapmışdır.

A.Nəbiyev "Kitabi-Dədə Qorqud"un 1300 illiyi ilə bağlı dəyərli silsilə məqalələr yazmışdır. Bu hadisə ilə bağlı beynəlxalq simpozium və konfranslardakı çıxışları maraqla qarşılanmışdır. Bununla yanaşı, "Kitabi-Dədə Qorqud"un Drezden variantını hazırlayıb  nəşr etdirmişdir.

Alim hər bir janrın ümumi spesifik xüsusiyyətlərini nəzərə alaraq onun yaranma dövrünü şərti olaraq müəyyənləşdirmiş və həmin prinsip əsasında xalq ədəbiyyatının dövrləşdirilməsinə təşəbbüs göstərmişdir. Bu isə ümumilikdə ağız ədəbiyyatımızın təkamülü tarixini xronoloji ardıcıllıqla izləməyə, hər bir janrın özündə onun yaranma dövrünə məxsus erkən düşüncə ilə bağlı müşahidələr aparmağa imkan vermişdir. Beləliklə, Azərbaycan xalq ədəbiyyatını bütöv şəkildə öyrənmək sahəsində təşəbbüsü də Azad müəllim irəli sürmüşdür. Təbii ki, gələcəkdə o, daha da təkmilləşdirilib yenidən işlənəcəkdir.

Professor Paşa Əfəndiyev həmkarının axtarış və tədqiqatlarını, onların nəticələrini yüksək qiymətləndirir, yaradıcılıq məziyyətlərini belə səciyyələndirir: "Azad Nəbiyev xalqımızın adət-ənənə, mərasim və bayramlarını, qəhrəmanlıq eposumuzu, nağıl-əfsanə və miflərimizi ardıcıl şəkildə toplayıb nəşr edən, onları öz tədqiqatlarında ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi götürüb araşdıran ciddi folklorşünasdır... Müəllifin toplama işlərinin ilk başlıca cəhətini də qeyd etmək lazımdır. Birincisi odur ki, A.Nəbiyev nəşrə hazırladığı folklor toplularını özünün müxtəlif folklor ekspedisiyalarında yazıya aldığı yeni materiallar əsasında hazırlayır, ikincisi isə onlara geniş ön söz, qeyd və şərhlər verir, öyrənilməmiş, açıqlanmamış folklor janrları ilə oxucularını tanış edir".

Bu baxımdan akademikin "Azərbaycan xalq ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət kəsb edir. Əvvəla qeyd edək ki, iki cilddən ibarət olan bu nəşr təkcə müəllim və tələbələr üçün deyil, geniş oxucu kütləsi üçün çox maraqlıdır. 2002-ci ildə çıxan kitabın birinci hissəsində müəllif folklorfolklorun nəzəri irsi barədə geniş məlumat verir. Bundan sonra "Qədim dövr ədəbiyyatı" adı altında ən qədim zamanlardan XIII əsrə qədərki folklor yaradıcılığından bəhs edir.

İkinci hissə 2006-cı ildə çapdan çıxıb. Burada müəllif XIII-XVII əsrləri əhatə edən orta əsrlər və XVIII-XX yüzilliklərdə yaranıb formalaşan ağız ədəbiyyatını təhlilə cəlb edir.

"Koroğlu" dastanına qayıdaraq qeyd edək ki, alimin yaradıcılığında bununla bağlı tədqiqatları xüsusi yer tutur. Əvvəlcədən dediyimiz kimi, Azad Nəbiyev "Koroğlu" ilə hələ gənc yaşlarından maraqlanıb. Onun dastanın Qərb və Şərq variantları, Mesheti türkləri arasında yayılmış qədim süjetləri barədə yürütdüyü mülahizələr elmi cəhətdən diqqətəlayiqdir.

Azad müəllim 1999-cu ildə V.Xuluflunun hələ 70 il öncə - 1929-cu ildə çap etdirdiyi  "Koroğlu" nəşrini təzələyir. Belə ki, çox az məlum olan həmin nəşri ətraflı öyrənərək ona ön söz və qeydlər yazıb yenidən çapa hazırlayır. Bu da alimin yaradıcılıq axtarışlarının tükənmədiyini göstərir, bir mövzunu sonadək tədqiq etmək, öyrənmək, elmə və oxuculara çatdırmaq istəyindən irəli gəlir.

2011-ci ildə alimin "Folklorda fasiləsiz transferyuxu paradiqmaları" adlı yeni kitabı nəşr olunur. Burada professor folklorun genezisi ilə bağlı XIX yüzillikdə Avropa alimlərinin irəli sürdüyü bir sıra nəzəri mülahizələri müxtəsər xülasə edərək belə bir  qənaətə gəlir ki, şifahi yaradıcılıq ibtidai insanın əmək vərdişlərinə yiyələnməzdən əvvəlki mərhələdə, instinktiv düşüncədən şüurlu fəaliyyətə keçid dövründə psixoloji dərketmə hal və məqamları ilə bağlı meydana çıxmışdır. Müəllifə görə, psixoloji dərketmə sayəsində yaranan erkən folklor paradiqmaları - gözəgörünmə, qarabasma, eymənmə, gözdəymə, ürəyədamma, eləcə də ruhyuxu - röya bədii düşüncə məhsulu olub, kollektiv yaradıcılıq prosesindən çox əvvəlki folklor hadisəsidir. Bundan başqa, alim bu kitabda çoxillik eksperimentlərinə və axtarışlarına əsaslanaraq ictimai fikir qaynaqlarına münasibət bildirir. Z.Freydin psixoanaliz metodunu əsas götürməklə folklor yaradıcılığının başlanğıcı barədə yeni nəzəri mülahizələr irəli sürür. Folklorun başlıca və aparıcı xüsusiyyəti olan fasiləsiz transfer prosesini açıqlayır, onun fəaliyyət funksiyalarını müəyyənləşdirir və riyazi modelini verir.

Professor A.Nəbiyev 40 ildən artıq bir dövrdə şifahi ədəbiyyatı bilavasitə auditoriyalarda gənc nəslə də öyrədib. Təhsil müəssisələrində onun hazırladığı proqramlar, redaktəsi ilə işıq üzü görən dərsliklər və dərs vəsaitlərindən istifadə edilir. Azad müəllim tələbələrinin sevimli, qayğıkeş müəllimi idi. Neçə-neçə bilikli, yüksək ixtisaslı filoloq kadrların hazırlanmasına böyük zəhmət sərf etmişdi. Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.

Ümumiyyətlə, Azad Nəbiyev geniş dünyagörüşə, dərin məntiqə malik olmaqla bərabər, həm də böyük erudisiyalı insan idi. Onun gücü sanki aşıb-daşırdı. Qələmini nəsr və publisistika janrında da işlədir, tərcümələrə də vaxt tapırdı. Məsələn, italyan dilindən "Bertoldonun sərgüzəştləri"ni, özbəkcədən "Tülküqurd" xalq nağıllarını və s. tərcümə edib.

Xalqa, onun yaratdığı irsə qəlbinin dərin kökləri ilə bağlılığı, bütün bunları öyrənib, cilalayıb yaymaq istəyi onu bir gün belə rahat buraxmırdı. Yəqin ki, Azad Nəbiyev böyük bir yazıçı olub cild-cild bədii əsərlər, romanlar, povestlər də yaza bilərdi. Amma o, istedadını məhz bu sahəyə - xalq yaradıcılığına yönəltmişdi və əslində, çox çətin bir sahənin tədqiqatçısı olmuş, ağır zəhmətə qatlaşmışdı.

Azad Nəbiyev bütün əsərlərində zəngin və çoxşaxəli Azərbaycan şifahi xalq ədəbiyyatına geniş kontekstdə yanaşırdı. Bu əsərlərdə folklor yaradıcılığının həm forma, məzmun, janr problemləri, həm də yaranma yolları, ona təsir edən proseslər diqqət mərkəzində saxlanılırdı.

Azad Nəbiyev xalqının keçmişini yaxşı bildiyi kimi, bu günü ilə yaxından maraqlanan, ölkənin ictimai-siyasi həyatı ilə yaşayan əsl ziyalı və vətəndaş idi. Azad müəllim Azərbaycan xalqının tarix boyu başına gətirilən soyqırımı və repressiyalardan, yaşadığı dövrdə şahidi olduğu ictimai-siyasi hadisələrdən bəhs edən məqalə və irihəcmli əsərlər də yazıb. Təsadüfi deyil ki, onun "Qəhrəmanlıq səhifələri" (1975), "Milli təəssübkeşlik, yoxsa erməni saxtakarlığı" (2003) və digər kitabları da ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

"Azərbaycan" qəzetinin səhifələrində Azad müəllimin dəst-xətti ilə yazılmış onlarca məqalə tarixə qovuşub ki, bunlar da milli bayramların işıqlandırılmasından ta ədəbiyyatımızın problemləri, dilimizin saflığı, günümüzün olaylarınadək geniş bir tematikanı əhatə edir.

A.Nəbiyev 67 yaşında dünyasını dəyişdi.

O, həyatını xalqın əsrlərlə yaratdığı ölməz irsə - nəsildən-nəslə keçən, dildən-dilə düşən şifahi xalq ədəbiyyatına həsr etmişdi. Obrazlı desək, özü də dərin tədqiqatları və qələmə aldığı yazıları ilə sanki bu əvəzsiz irsə qovuşmuşdu. Deməli, xalqın bu həmişəyaşar sənəti ilə özünə də əbədilik qazanmışdır.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 16 may.- S.6.