Vətən cəsurları sevir
Naib Qarayevlə xoş bir mərasimdə
tanış oldum. Şəmkirdə gənclər
ordu sıralarına yola
salınırdı. Geniş həyətdə
qələbəlik idi. Mahnı, musiqi sədaları, şən, çoşqun rəqslər ətrafı bürümüşdü. Əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Ağsaqqallar, ziyalılar, valideynlər
çağırışçılara uğurlar
arzuladılar.
Gülərüzlü
gənclər isə üçrəngli
bayrağımızı öpərək avtobuslara
doluşdular. Naib Qarayev gedənlərə əl edəndə
dedim:
- Bəs
sən getmirsən?
- Mən
öz borcumu yerinə yetirmişəm, amma yenə gedəcəyəm,
- gülümsünüb dedi. - Bu dəfə müddətdən
artıq xidmət etməyə. Atam Zakirin qisasını almaq
üçün. Torpaqlar azad olunmamış qayıdan deyiləm.
Şəhid
ailəsinin qonağı da oldum. Evləri Şəmkirin mərkəzində,
ikimərtəbəli binanın ikinci mərtəbəsində
yerləşir.
İşıqlı-yaraşıqlı
otağın baş tərəfində zərif güllərlə
haşiyələnən bir zabitin şəkli diqqətimi cəlb
etdi.
-
Atamdır - dedi, - 1991-ci ildə, yanvarın 16-da Kəlbəcərdə
şəhid olub.
Anası Maral xanım enli pəncərənin qabağındakı stolda süfrə açıb, pürrəngi çay gətirəndən sonra söhbətə qoşuldu:
-
Atası Zakir Qarayev 1955-ci ildə Könüllü kəndində
anadan olub. Azərbaycan Neft Akademiyasını bitirib Tümendə
mühəndis işləyirdi. Erməni namərdləri
baş qaldıranda Vətənə qayıtdı. Bir müddət
Nərimanlı kəndində icra nümayəndəsi işləyib.
1990-cı ildə gördü ki, torpaqlar əldən gedir,
dözmədi. Könüllü olaraq cəbhəyə yola
düşdü...
Həyat
yoldaşı Maral xanım iki oğulla kirayə mənzildə
qalırdı. Zöhrab Bakıda oxuyurdu. Naim isə anadangəlmə
şikəst idi. Taleyin gedişinə baxın. 1991-ci il yanvarın
16-da Zakir Qarayevdən bəd xəbər alınan gün
üçüncü oğlu Naib dünyaya gəldi.
Zakirin
övladları da özü kimi qeyrətli çıxdı.
Böyük oğlu Zöhrab əvvəlcə
C.Naxçıvanski adına liseydə oxudu. Sonra da Heydər Əliyev
adına Hərbi akademiyanı bitirdi. O da atası kimi əsl Vətən
vurğunu idi. Leytenant rütbəsində hərbi xidmətə
başladı. İndi baş leytenantdır. Ağdam bölgəsində
artilleriya taqımının komandiridir.
Naib Qarayev də şəhid atanın, zabit qardaşın yolu ilə gedir. Söz düşəndə deyir ki, Allah məni ona görə atamın faciəli günündə, yəni - yanvarın 16-da dünyaya gətirib ki, onun qisasını alım. Alacağam da!
Naib Gəncədə texniki peşə liseyini bitirib. Bakıda idman məktəbində oxuyub. Peşəsi, sənəti var. Di gəl ki, heç yana yovuşmurdu. Fikri, xəyalı həmişə cəbhə bölgəsində idi. Vaxtı yetişən kimi əsgərliyə getdi. Beyləqanda "N" saylı hərbi hissədə sürücü işlədi, manqa komandiri oldu. Özü də necə komandir?! Günlərin birində anası Maral xanım hərbi hissədən təşəkkür məktubu aldı. Hərbi hissənin komandiri, polkovnik-leytenant Davud Məhərrəmov yazırdı: "Sizin övladınız Qarayev Naib Zakir oğlu bizim hərbi hissədə xidmət edir. O özünü nizam-intizamlı, bacarıqlı, təşəbbüskar, hərbi nizamnamənin və qanunların tələblərini layiqincə dərk edən, komandirin və rəislərin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə əsl vətəndaş münasibəti göstərən bir işçi kimi tanınmışdır. Naibin kollektivdə yüksək nüfuzu vardır. Daim hərbi biliyini təkmilləşdirir. Silah və texnikanın sirlərinə həvəslə yiyələnir.
Ana Vətənimizin azadlığının, müstəqilliyinin və ərazi bütövlüyünün təhlükə altında olduğu bir vaxtda nümunəvi oğul tərbiyə edib Vətənin müdafiəsi üçün hərbi xidmətə göndərdiyinizə görə sizə ürəkdən təşəkkür edirik".
Xidmət müddəti bitəndə Naib qayıdıb gəldi. Xoş-beşdən sonra əsas sözü bu oldu ki, torpağımız düşmən tapdağından azad olunmamış evdə otura bilmərəm. Bəzi haylı-küylü məclisləri, əhlikef gəncləri görəndə dözə bilmirəm. Əlbəttə, yaşamaq lazımdır, amma əbəs demirlər ki, öncə Vətəndir. Gəlin əvvəlcə onu azad edək, torpaqları qaytaraq, şəhidlərin qisasını alaq, sonra başıuca, iftixarla yaşayaq.
Maral ana deyir ki, əsgərlik böyük məktəb imiş, əsl kamillik məktəbi! Cavan uşaqlar qayıdıb gələndə tanımaq olmur. Ətə-qana dolur, kişiləşirlər. Danışıqları, düşüncələri, həyata baxışları tamam dəyişir. Sevinirsən ki, inamlı, etibarlı, güclü-qüvvətli arxan, dayağın var.
Naib ərizə verib, sənədləri hazırdır. Bu gün-sabah müddətdən artıq xidmət etməyə gedəcək.
Qabaqda hələ bir xeyir iş də var. Ülkər adlı nişanlısı var. Təzə sahədə iş yerini rahatlayan kimi toy edəcək.
Zakirin ocağında
daha bir qol-qanad yaranır. O qanlı-qadalı
illərdə qeyrətli
ata sanki bir çinar idi. Qəfil zərbədən yıxıldı, şəhid
oldu. İndi onun yerində
iki güclü-qüvvətli
palıd ucalır.
Kimsə
əyə bilməz onları. Bir az da obrazlı desək ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanda daha güclü-qüvvətli,
daha sadiq səviyyəli, daha mütəşəkkil nəsil
yetişib.
Səfərbərlik və hərbi xidmətə çağırış üzrə
Şəmkir rayon şöbəsinin
rəis əvəzi, polkovnik Həsrət İsmayılov da dedi ki, ölkəmizin
iqtisadi qüdrəti və beynəlxalq aləmdə nüfuzu çoxaldıqca gənclərin
hərbi işə meyili artır. Xüsusən səfərbərlik və hərbi xidmətə çağırış
üzrə vahid dövlət xidməti sistemi yaranandan sonra bir sıra
süni maneələr,
bürokratik əngəllər
aradan qaldırılır.
Çağırışdan yayınma hallarının
kökü kəsilib.
Rayonda hərbi vətənpərvərlik
tərbiyəsinə xüsusi
fikir verilir. Mədəni-maarif müəssisələrində,
gənclər mərkəzində,
digər təşkilatlarda
sistemli surətdə geniş iş aparılır.
Şəmkir rayonu torpaqlarımız
uğrunda gedən döyüşlərdə 169 nəfər
şəhid verib, 40 nəfər itkin düşüb, İsgəndər
Aznaurov və Zaur Sarıyev Milli Qəhrəman adına layiq görülüblər. Onların mübariz
həyatları gənclərə
əsl nümunədir.
Rayonda 47
məktəb şəhid
adını daşıyır,
Kür qəsəbəsində
xatirə muzeyi yaradılıb. Onlarca yerdə
büst və abidələr ucaldılıb.
Şəhidlər xiyabanı and yerinə
çevrilib. Məktəblərin və mədəniyyət
ocaqlarının, demək
olar, hamısında xatirə guşələri
yaradılıb. Hər
il "Şahin"
və "Cəsurlar"
hərbi idman oyunlarında minlərlə
gənc iştirak edir. Xüsusilə fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr
verilir. "N" saylı hərbi hissədə əsgər
və zabitlərlə
gənclərin görüşləri
təşkil olunur.
Bütün bunların
nəticəsidir ki, hərbi təmayüllü
ali təhsil
ocaqlarına gedənlərin
sayı ilbəil artır. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bir sıra məktəblərdə
keçirilən "Vətən
cəsurları sevir"
adlı inşa yazı müsabiqələrində
gənclərin ürək
sözləri çox
mətləblərdən xəbər
verir. Onlar yazırlar ki,
cənab Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasətini ürəkdən dəstəkləyir,
doğma torpaqlarımızı
işğaldan azad etməyə tam hazırıq.
Gənclərin arzusu, amalı belədir. Mən bu sözləri
Naib Qarayevlə və Şəmkir rayonunun neçə-neçə
yetirməsi ilə söhbət zamanı da dönə-dönə eşitmişəm.
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 16 may.- S.6.