«YARAT Müasir İncəsənət Məkanı «PARTICIPATE» Baku Public Art» festivalı çərçivəsində «Rəqəmlərlə oynayarkən» interaktiv incəsənət əsərini təqdim etmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində respublika Uşaq Klinik Xəstəxanasında rəssam Patrisio Foresterin və "Sənət tacirləri" qrupunun birgə hazırladıqları "Rəqəmlərlə oynayarkən" interaktiv incəsənət əsərini təqdim etmişdir.

AzərTAc xəbər verir ki, əsərin müəllifi, rəssam Patrisio Forester layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, əsər Ketrin Şovlin, Aysel Nağıyeva, Olqa Marinova-Quliyeva, Səbinə Abbasova, Şəhribanu Azəri, Səyyarə Nemətova, Lalə Qarayeva, Bahar Əlizadə və Dinara İzmailovanın birgə əməkdaşlığı ilə yaradılmışdır.

Böyük Britaniyadan dəvət olunmuş rəssam diqqətə çatdırmışdır ki, rəqəmlər insanların bölüşdüyü vahid bir məfhumdur - dünya ölkələrinin tam əksəriyyəti gözəl, mükəmməl və istifadədə asan olduqları üçün məhz ərəb rəqəmlərini işlədir. Gündəlik həyatımızın, demək olar ki, bütün sahələrində istifadə olunan və hər gün rastımıza gələn ərəb rəqəmləri bizi yeni əsər yaratmağa sövq etmişdir.

İnteraktiv incəsənət əsəri özündə öyrənmə, oynama və qayğını birləşdirmişdir. Uşaqlardan 1-dən 10-dək rəqəmləri təşkil etmək üçün fiqurları yenidən yerləşdirmək, yeni rəqəmləri ixtira etmək, rəqəmləri gizlətmək məqsədilə əşyaların yerini dəyişmək xahiş olunmuşdur. Çoxfunksiyalı, rəngarəng, müxtəlif ölçülü əşyalardan uşaqlar, eləcə də valideynlər rahatlıqla istifadə etmişzövq almışlar.

"Sənət tacirləri" qrupunun veb-səhifəsi: www.artmongers.com

"Facebook" sosial şəbəkəsindəki qrup: AZER ARTMONGERS

 

 

Azərbaycan.-2013.- 16 may.- S.7.