Nərgiz QASIMOVA: «PARTICIPATE» Baku Public Art» festivalı çərçivəsində reallaşdırılan «Rəqəmlərlə oynayarkən» layihəsi gözəl bir əsərdir

 

"YARAT!" Müasir İncəsənət Məkanının "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində respublika Uşaq Klinik Xəstəxanasında reallaşdırılan "Rəqəmlərlə oynayarkən" layihəsi gözəl bir əsərdir. Mən "YARAT!" Müasir İncəsənət Məkanına, eləcə də respublika Uşaq Klinik Xəstəxanasının bu festivala qatılmasına yaratdığı şəraitə görə Səhiyyə Nazirliyinə təşəkkür edirəm. Bu sözləri jurnalistlərə müsahibəsində respublika Uşaq Klinik Xəstəxanasının baş həkimi Nərgiz Qasımova demişdir.

Bildirmişdir ki, xəstəxanada layihəyə hazırlıq işləri getdiyi müddətdə əsərin müəllifi, Londondan dəvət olunmuş rəssam Patrisio Forester, həmçinin digər gənc rəssamlarla gözəl münasibət yaranmışdır. Təqdim olunan layihə nəinki gözəldir, həm də interaktiv incəsənət əsəridir. Rəssamlar uşaqların intellektual inkişafını çox gözəl nəzərə almışlar. Müxtəlif formalı, ölçülü və rəngli əşyalar uşaqların düşüncələrinin, fantaziyalarının inkişafına kömək edir.

Əlbəttə, uşağın xəstəxanada olması şənlik demək deyildir. Şənlik uşaqlar sağalıb xəstəxanadan çıxanda yaranır. Lakin təqdim olunan bu layihə öz müsbət təsiri ilə uşaqların sağalmasına gedən yolu qısaltması baxımından böyük əhəmiyyətə malikdir.

 

 

Azərbaycan.-2013.- 16 may.- S.7.