Prezident İlham Əliyev
Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da
Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə
tanış olmuşdur.
Bu
gün Azərbaycan dünyada həm də güclü idman ənənələri
ilə tanınır. Çünki idman ölkəmizdə
dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da
inşa olunan müasir idman obyektləri, ilk növbədə,
dövlət başçısının idmanın
inkişafına göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir. Şamaxı Olimpiya
Kompleksi də bu baxımdan mühüm rol oynayır.
Regionun
ən böyük olimpiya-idman komplekslərindən biri olan bu
qurğuda yarışların, təlim-məşq
toplantılarının və digər mədəni-kütləvi
tədbirlərin keçirilməsi üçün hər
cür şərait vardır. Ölkəmizdə bütün
idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi
uğurlu nəticənin əldə olunmasının əsas
səbəblərindən biridir.
Bu
sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
idmançılara olan diqqəti də nəzərdən
qaçmır. Azərbaycan Gimnastika Federasiyasının
prezidenti kimi Mehriban Əliyevanın uğurlu fəaliyyəti
bu sahədə ölkəmizin ciddi nailiyyətlər
qazanması ilə müşayiət olunur. Azərbaycan
dünya idman aləminə nəhəng mərkəzlərdən
biri kimi daxil olmuşdur. Məhz bunun nəticəsidir ki,
birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir.
Prezident
İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində
futbol meydançasının, üzgüçülük
hovuzunun və yeni idman zalının
açılışında iştirak etdi.
Mərkəzdə
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
Şamaxıya səfərlərindən və idmanın inkişafına
göstərdikləri qayğıdan bəhs edən
fotoguşələr yaradılmışdır.
Dövlət
başçısına məlumat verildi ki, son illərdə
Şamaxıda idmanın müxtəlif növlərinin
inkişafına xüsusi diqqət göstərilir. Bu cür
idman qurğusunun istifadəyə verilməsi isə gənclərin
idmana olan maraq və həvəsini daha da
artırmışdır. Qeyd olundu ki, Şamaxı Olimpiya Mərkəzində
yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin
fevralında başlanmışdır.
Layihəyə əsasən 2500 kvadratmetr olan binaların
fasadı dəyişdirilmiş, müasir dizaynlı materiallar
və şüşələrlə
örtülmüşdür. Mərkəzin bütün
havalandırma, işıqlandırma sistemləri yenilənmişdir.
Üzgüçülük hovuzunun dam
örtüyünün metal konstruksiya hissələri dəyişdirilmişdir.
Burada
dövlət başçısına ölkədə
tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni
hazırlanmış layihəsi təqdim olundu.
Sonra
Prezident İlham Əliyev mərkəzin idman zallarını və
otaqlarını gəzdi. Konfrans zalında müxtəlif tədbirlərin
keçirilməsi üçün əlverişli şərait
vardır. Oyun meydançalarının örtükləri və
oturacaqları dəyişdirilmiş, əlavə məşq
zalı inşa edilmişdir. Binanın daxilində
trenajor-fitnes zalları və sauna fəaliyyət göstərəcəkdir.
İki min nəfərlik tribunası olan beynəlxalq
standartlara uyğun futbol stadionu inşa edilmiş, yeni
qaçış zolağı salınmışdır. Burada
yüksək səviyyəli yarışların keçirilməsi
mümkün olacaqdır. Müasir tələblərə
uyğun 8 kottec inşa edilmişdir. Ərazini sel sularından
qorumaq üçün suötürücü beton kanal
çəkilmişdir. Bütün ərazidə elektrik təchizatı,
suvarma, istilik şəbəkəsi qurulmuşdur. Elektrik
transformatorları üçün yeni bina inşa
edilmişdir. Yeni rabitə xətləri çəkilmiş,
daxili avtomat telefon stansiyası,
təhlükəsizlik kameraları
quraşdırılmışdır. Bütün ərazi
Wİ-Fİ internet şəbəkəsi ilə təmin
edilmişdir. Ərazidə geniş abadlıq və
yaşıllaşdırma işləri
aparılmışdır.
Prezident
İlham Əliyev görülmüş işləri yüksək
qiymətləndirdi, tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2013.- 17 may.- S.1,2.