Nyu-Yorkda insan alverinə qarşı mübarizə üzrə yüksək səviyyəli görüş keçirilmişdir

 

Birləşmiş Millətlər Təşkilatının ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahında BMT-nin insan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının icrası sahəsində əldə olunmuş tərəqqinin dəyərləndirilməsi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçirilmişdir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 80-dən artıq dövlətin məsul nümayəndəsinin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı daxili işlər nazirinin müavini, polis general-leytenantı, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici Vilayət Eyvazov təmsil etmişdir.

İclası BMT-nin baş katibi Pan Gi Mun açaraq insan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının qəbulundan keçən üç il müddətində bu istiqamətdə bəzi müsbət dəyişikliklərin baş verdiyini xatırlatmış, üzv dövlətlərin böyük əksəriyyətində müvafiq qanunvericiliyin mövcud olduğunu, müəyyən qismində isə insan alverçilərinə qarşı məhkəmələr tərəfindən çıxarılan hökmlərin sayının artdığını diqqətə çatdırmışdır.

Açılış mərasimində BMT Baş Məclisinin prezidenti Vuk Yeremiç, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov, insan alverinə qarşı mübarizə üzrə BMT-nin xoşməramlı səfiri xanım Mira Sorvino  və digər rəsmi şəxslər çıxış edərək insan alverinə qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planının icrası və bu sahədə milli səviyyədə görülmüş işlərdən, eyni zamanda, problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbirdə çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. O, insan alverinin qarşısının alınmasının və bu növ cinayətlərə qarşı mübarizənin ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunmasının prioritet istiqamətlərindən biri olduğunu, dövlət orqanlarının problemin həlli ilə kompleks şəkildə məşğul olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan insan alverinə qarşı mübarizə üzrə beynəlxalq hüquqi məkanın tərkib hissəsi kimi, BMT-nin bu sahəyə dair məlum konvensiyalarının tələblərinin icrası yönündə zəruri tədbirlər həyata keçirir. Milli səviyyədə əlaqədar orqanlar qarşısında konkret tapşırıqlar - insan alverini yaradan səbəb və şərtləri sistemli şəkildə öyrənmək, cinayətkarları ifşa edərək məsuliyyətə cəlb etmək, informasiya-təhlil işini gücləndirmək və inzibati təsir metodlarından səmərəli istifadə etmək məsələləri dayanır. Əsas vəzifələr sırasında pasport, viza və digər bu kimi sənədlərin qanunsuz hazırlanması ilə məşğul olan fiziki və hüquqi şəxslərin ifşa edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi də vardır.

O demişdir ki, respublikamızda insan alverinin qarşısının alınması üçün ən optimal strategiyanın hazırlanması, habelə məcburi əmək və qanunsuz daşınma, cinsi istismar, insanların donor kimi istifadəsi riskinin aradan qaldırılması məqsədi ilə ayrı-ayrı marşrutların öyrənilməsi və təhlili aparılır. Bu işdə, həmçinin insan alveri qurbanlarının reabilitasiyası və etibarlı hüquqi-sosial müdafiəsi, eyni zamanda, əhali arasında genişmiqyaslı izahat, təbliğat işləri də önəmli rol oynayır.

V.Eyvazov şəxsiyyəti təsdiq edən, ölkəyə gəlməyə və ölkədən getməyə imkan verən sənədlərin biometrik eyniləşdirmə sisteminin yaradılmasını təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsinin vacib elementi kimi dəyərləndirmişdir.

Nazir müavini Azərbaycanda insan alverinə qarşı mübarizəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatları, həmçinin xarici ölkələrin analoji xidmətləri ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Polis general-leytenantı Vilayət Eyvazov ABŞ Dövlət Departamentinin İnsan Alverinə Qarşı Mübarizə və Monitorinq üzrə İdarəsinin rəhbəri səfir Luis CdeBaka ilə də görüşmüşdür.

Nazir müavini müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlar və qarşılaşdığı problemlər, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizə, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat vermişdir.

Görüşdə insan alverinə qarşı birgə mübarizə aparılması məqsədi ilə müvafiq sahələrdə mütəmadi monitorinqlərin və maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.

Səfir Luis CdeBaka geniş məlumata, onu maraqlandıran sualları  ətraflı cavablandırdığına görə V.Eyvazova təşəkkür etmiş, əməkdaşlığın bütün sahələrində, o cümlədən insan alverinə qarşı mübarizədə əlaqələrin daha da dərinləşəcəyinə ümid etdiyini bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 17 may.- S.2.