Küveyt Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir
Mayın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədəni ilə görüşüb. Görüşdə Azərbaycanın Küveytlə həm iqtisadi-siyasi əlaqələri, həm də parlamentlərarası dostluq münasibətləri müzakirə olunub.
Milli Məclisin Sədri Oqtay Əsədov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək deyib ki, qarşılıqlı görüşlər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin inkişafına təkan verir: "Arzu edərdik ki, bu görüşdən sonra ölkələrimiz arasında yeni bir inkişaf mərhələsi başlasın. Azərbaycanla Küveyt arasındakı siyasi əlaqələr yüksəkdir. Həmçinin mədəni əlaqələrimiz barədə də bunu deyə bilərik. Çünki bu günə qədər Küveytdə iki dəfə Azərbaycan mədəniyyəti günləri, Azərbaycanda isə iki dəfə Küveyt mədəniyyəti günləri təşkil olunub. Bunun özü mədəni əlaqələrimizin yüksək olduğunu göstərir".
Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə Azərbaycanı Küveytə yaxın, dost ölkə kimi qiymətləndirib: "Azərbaycan uzun müddət sovet hökumətinin tərkibində olmasına baxmayaraq, öz mədəniyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Azərbaycan bizim gözümüzdə islam tarixinin bir hissəsidir. Biz Azərbaycan insanlarının əxlaqına, mənəvi dəyərlərinə çox hörmətlə yanaşırıq və onun bütün problemlərinə şərikik. Xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq səsini dəstəkləyirik. Bunun üçün beynəlxalq təşkilatlar qarşısındakı səylərimizi də əsirgəməyəcəyik".
Görüşdə
Mübarək Saleh əl-Nəcədə Oqtay Əsədovun
Küveytə rəsmi səfəri ilə bağlı
Küveyt Prezidentinin dəvət məktubunu təqdim edib.
E.MƏNSİMOV
Azərbaycan.-2013.- 17 may.- S.3.